"Rus rublunun və türk lirəsinin dollara nisbətən ucuzlaşması ölkəmizdə ərzaq məhsullarının qiymətinə mənfi təsir göstərməyəcək”
Bu sözləri "Sherg.az”a son zaman rus rublunun və türk lirəsinin dollara nisbətdə ucuzlaşmasının bazarlarmızda qiymətlərə necə təsir göstərməsindən danışarkən iqtisadçı Elçin Bayramlı söyləyib.
Onun sözlərinə görə, məntiqlə bu ölkələrdən idxal olunan mallar ucuzlaşmalıdır:"Çünki bu valyutalar müvafiq olaraq manata nisbətən də ucuzlaşıb. Sadə dildə desək əvvəl bir manata aldığımız məhsul indi 80-90 qəpiyə başa gələcək. Lakin inanmıram ki, o mallar ucuzlaşsın.Çünki bizdə uzun müddətdir belə bir tendensiya var ki, xaricdə mallar bahalaşanda bizdə ondan daha çox bahalaşır.Amma ucuzlaşanda bizdə ucuzlaşmır.
Elə bir hal baş verəcək ki, həmin ölkələrdən gələn mallar çoxalacaq. Çünki idxalçılar başqa ölkələrdən aldıqları malları indi bu ölkələrdən gətirməyə çalışacaqlar. Tezliklə bu iki ölkədən gətirilən məhsullarda ən azı 10 faiz ucuzlaşma olmasa, deməli idxalda aşkar monopoliya və süni qiymət markası var. Bu halın aradan qaldırılması üçün yuxarı orqanlar müvafiq tədbir görməlidir".
Ekspert onu da əlavə edib ki, vəziyyət bizim ixracın da zərərinədir.Çünki o valyutaların ucuzlaşması və bahalı manat bizim o ölkələrə ixrac mallarımızın rəqabət qabiliyyətini azaldacaq:
"Lakin güman edirəm ki, bu təsir güclü olmayacaq. Daha bir zəif təsir də həmin ölkələrdən idxal olunan məhsulların yerli analoqları qarşısında rəqabət qabiliyyətinin bir qədər artmasına səbəb olacaq. Yerli istehsal qiyməti endirməyə məcbur olacaq. Bu zaman da həmişə olduğu kimi keyfiyyətdən kəsəcəklər”.
Kənan Eynuroğlu