“Azəri” sözü alimləri üz-üzə qoyub
Türkiyəli professorun açıqlamaları Azərbaycanda geniş müzakirələrə səbəb oldu
Tanınmış türkiyəli tarixçi, professor İlber Ortaylı iddia edib ki, türklər arasında "Azəri” adlı millət yoxdur və azərbaycanlı ilə Azəri başqa-başqa anlayışlardır. Onun sözlərinə görə, Azəri milləti anlayışını Stalin uydurub. Tanınmış türk alimin sözləri ölkə ictimaiyyətində geniş müzakirəyə səbəb olub. Tarixçilərimiz sosial şəbəkələrdə müxtəlif arqumentlər irəli sürərək qarşı tərəfin fikirlərini çürütməyə çalışıblar.
Məsələyə münasibət bildirən türkoloq alim, millət vəkili Nizami Cəfərov türkiyəli alimə etiraz edib və bildirib ki, Azəri milləti anlayışı siyasi-ideoloji məqsədlər üçün ortaya atılmayıb.
Deputatın sözlərinə görə, Azəri türkcəsi və Azəri xalqı ifadələri 20-ci əsrin əvvəllərində meydana çıxıb: "Bu ifadələr 1920-30-cu illərdə elmi kontekstdə, elmi əsərlərdə geniş istifadə olunub. Sonradan Türkiyədə Azəri türkcəsi, Azəri xalqı, azərilər formasında məşhurlaşıb. Bu ifadəni İran mənşəli azərilərlə bağlamaq cəhdləri meydana çıxmışdı.
Mütəxəssislər yaxşı bilirdilər ki, bu, komik bir məsələdir. Bu səbəbdən mülahizələr irəli sürmədilər. Əksinə mübahisələr oldu. Nəticədə mülahizə və təkliflərin elmi fikirdə elə də əhəmiyyəti olmadı. Sadəcə, 60-cı illərdə Azərbaycan dili əvəzinə dərsliklərimizdə Azəri dili yazıldı.
Bir müddət bu proses getdi, sonradan aradan qalxdı”. N.Cəfərov Azəri sözünü təhlükəli bir şey hesab etmədiyini deyib:
"Bu da bir variantdır, işlədilə bilər. Hesab edirəm ki, daha çox Azərbaycan xalqı, Azərbaycan dili ifadələrini qısaltmaq məqsədi ilə işlədilir. Təbii ki, elmi, siyasi termin deyil və bu ifadələr elmi-siyasi, xüsusilə elmi kontekstdə işlədiləndə mütləq bir izahat verilir. Amma siyasi, inzibati kontekstdə Azərbaycan dili, Azərbaycan xalqı şəklində işlədilməlidir. Məncə, buna qarşı xüsusi cəbhə açmaq səhvdir. Hesab edirəm ki, düzgün deyil. Bu ifadə hansısa siyasi-ideoloji məqsədlər üçün ortaya atılmayıb. Daha çox texniki məsələdir. Azəri milləti ifadəsi Stalindən öncə də işlədilib. Bəkir Çobanzadə 20-ci illərdə işlədib.
Hətta, onun müəyyən elementləri Yusif Vəzir Çəmənzəminlidə də var”. Tarixçi-alim Dilavər Əzimli isə akademik N.Cəfərovun fikirlərinə etirazını bildirib. Tarixçi deyib ki, belə ifadələr milli kimliyimizi sual altında qoyur:
"Nizami Cəfərov tarixçi deyil. Tarixçi olsaydı, bilərdi ki, bu gün tarix kitablarımıza düşən Azərbaycan sözünün etimologiyası düzgün izah edilmir. Hətta tələbələrimiz bu ifadənin düzgün olmadığı barədə iradlar bildirir və çıxarılmasını xahiş edirlər. Azərbaycan Tanrıçılığın mərkəzi olub və Azər ifadəsi də "Od, Günəş” adını özündə əks etdirib. Azəri adı daha çox fərziyəyə bənzəyir və milli kimliyimizi əks etdirmir. Əks etdirsəydi, Azərbaycan Cümhuriyyəti dövründə milli kimlik Türk deyil, Azəri yazılardı. Azəri sözü qondarma bir sözdür və fars şovinistlərinin xeyrinə işləyir. Ermənilər də bundan istifadə edib deyirlər ki, siz buranın yerli sakinləri deyilsiz və Səlcuq türkləri sizləri türkləşdirib. İlbər Ortaylı düz deyib. Stalin azərbaycanlı ifadəsini tətbiq etdirib. Bu da o zaman bizi türkçülükdən ayırmağa xidmət edirdi. Bu mənada Stalin türk dünyasına sarsıdıcı zərbə endirib. İndi də Azərbaycanda öz milli kimliyini azərbaycanlı sayanlar Türk kimliyini qəbul etmirlər”.
AMEA Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev isə tarixçi D.Əzimliyə narazılıq bildirib:
"İranda "Azəri” adlı xalq varmı? Niyə bizə "Azəri” sözündən imtina etməyə məcbur edirlər? Əslən Azərbaycandan olan İran alimi Əhməd Kəsrəvi fars şovinizminin ən qatı təbliğatçısı olaraq "On səkkiz illik Azərbaycan tarixi” adlı kitabında ortaya belə iddia atıb ki, guya "Azəri” adlı xalq bu torpaqlarda yaşayan farslar olub, sonradan türkləşiblər. İddiasını lap irəliyə aparan Kəsrəvi İranda belə bir xalqın yaşadığını da qeyd edib. 1920-ci ilə qədər İranda əhalinin siyahıyalınmasında adı belə çəkilməyən "Azəri” xalqı birdən-birə İran xalqları içərisində peyda olub. Əhməd Kəsrəvinin istinad etdiyi alimlərin hamısı fars şovinizminə xidmət ediblər.
"Azəri” Azərbaycanın ərəb dilindəki nisbi sifət formasıdır. Nisbi sifətlər bəzən sözün qısaldılmış forması ilə işlədir. Məsələn, Təbəristan - təbəri kimi yazılır. Bu sözü bir fars toplumu ilə əlaqələndirən əslən Azərbaycandan olan İran alimi Əhməd Kəsrəvi olub. O, öz fikrini isbata yetirmək üçün əlində kifayət qədər faktların olmamasını etiraf etdiyi halda, bizim başabəla alimlər guya İranda beş minlik bir azəri xalqının olduğunu söyləyiblər. Halbuki belə bir xalq yoxdur, olmayıb da. "Azəri” sözü ərəb istilası dövründən işlənməyə başlayıb.
Ərəblər şimallı-cənublu bütün ölkəni "Azərbaycan” adlandırdıqları kimi, dilimizi də bu kökdən "əl-azəriyə” adlandırıblar. Yəni türkdilli Azərbaycan əhalisinə "azərilər”, dilimizə” isə "azəri dili” deyiblər. Dediyimiz kimi, bu, son dərəcə təbii və məntiqi idi. Lakin "azəri” sözünün rəsmi işlənmə imkanları türkdilli əhalinin öz dillərini "türk dili” adlandırmasına da mane olmayıb. Yuxarı dairələrdə daha çox "azəri”, geniş xalq arasında "türk dili” sabitləşib. Bir sözlə, "Azəri” sözü Azərbaycan sözünün qısaldılmış forması kimi təşəkkül tapıb”.
İsmayıl