"“Azərsilah” ASC Azərbaycan müdafiə sənayesinin inkişafına mühüm töhfə verəcək" - Ekspert

"Dövlət başçısı İlham Əliyev müdafiə sənayesi sektorunda dünya tələblərinə uyğun, bazar qanunlarına riayət edəcək və müasir tələblər cavab verəcək bir qurumun yaradılmasını məqsədəuyğun hesab edib”.
Bunu "Sherg.az”a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Ekspert bildirib ki, nazirlik və Açıq Səhmdar Cəmiyyətin funksiyaları fərqlidir: "Nazirlik dövlət qurumu idi, bu strukturun qarşısına qoyulan vəzifələr və onun fəaliyyət istiqaməti indiki tələblərə cavab vermirdi. Ona "Azərsilah” ASC-nin yaradılmasına qərar verildi. Səhmdar Cəmiyyət öz funksiyasına uyğun prosesi davam etdirəcək və inkişafına nail olacaq. 
Daha doğrusu "Azərsilah” ASC artıq bazar iqtisadiyyatının tələblərinə uyğun formada fəaliyyət göstərə biləcək. Biz bunun təcrübəsini Ukraynada, Rusiyada, Belarusda, Qazaxıstanda görmüşük. Qazaxıstan hələ 2000-ci ilin əvvəllərində belə bir təşkilat yaradıb, ötən illər ərzində isə prosesi stimullaşdırıb. Ukraynada da bizim kimi Səhmdar Cəmiyyət təsis edilib”.
Ekspert qərarın çox təqdirəlayiq olduğunu bəyan edib: 
"Prezident bu sahə ilə bağlı konkret istiqamət göstərdi. Artıq məsələyə biznes nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Bugünədək nazirlik dövlət strukturu olaraq müəyyən çərçivələr fonunda fəaliyyət göstərirdi. Bundan sonra "Azərsilah” ASC dünya bazarının tələblərinə uyğun olaraq biznes strukturu kimi fəaliyyət göstərəcək. 
Bu tələblər Azərbaycan müdafiə sənayesinin inkişafına mühüm töhfə verəcək. Strukturun rəhbərliyi ya dövlət məmuru, ya da biznesmen olmalıdır. Yeni növ silahlar istehsal edilməli və satışı təmin olunmalıdır. Bu sahədən gəlir əldə etməyin vaxtıdır. Belə bir qurumun dövlətin dotasiyası ilə yaşaması dünyanın heç bir yerində yoxdur. Dəyişikliyi zaman tələb edir”.
İsmayıl