
Bağçalar yenə Hacıbala müəllimin nəzarətində qaldı
Tərəqqi istəyiriksə, ilk addım məktəbəqədər təhsil sisteminin Təhsil Nazirliyinə qaytarılmasıdır“Yeni səhvlər buraxmaqdansa, köhnə səhvləri düzəltmək daha sərfəli ola bilər”
"Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsindən bağçaların özəlləşdirilməsi ilə bağlı müddəa çıxardılıb. Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və ayrı-ayrı deputatlar öz təkliflərini göndərəndən sonra bu qərarın verildiyini vurğulayan Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəylinin sözlərinə görə, qanun layihəsi I oxunuşda Milli Məclisdə müzakirə edilib və daha sonra üzərində işlənib:

"Biz Elm və təhsil komitəsinin iclasında qanun layihəsinin 2-ci oxunuş üçün olan variantını müzakirə etdik. Özəlləşdirmə ilə bağlı müddəa yeni variantda öz əksini tapmayıb. Çünki deputatların, ekspertlərin fikirləri, ictimai rəy bundan ibarət oldu ki, özəlləşdirmə məktəb və təhsil sahəsinə fayda verə bilməz. Buna görə də, məsələ qanun layihəsindən çıxarıldı və məsələyə nöqtə qoyuldu”. Komitə sədri Bakıdakı bağçaların Bakı Şəhər İcra Hakimiyyətindən alınıb Təhsil Nazirliyinə verilməsinin qanun layihəsində öz əksini tapmadığını da vurğulayıb. Onun sözlərinə görə, bu məsələ heç zaman qanun layihəsində öz əksini tapmayacaq. "Bağçaların hansı icra hakimiyyəti orqanının tabeliyində fəaliyyət göstərməsi məsələsi "Məktəbəqədər təhsil haqqında” qanunun predmeti deyil. Bu məsələ, müvafiq icra hakimiyyəti orqanının fəaliyyəti ilə müəyyən olunur”.
Elə əvvəldən dövlət bağçalarının özəlləşdirilməsini məqsədəuyğun hesab etmədiyini vurğulayan təhsil eksperti Kamran Əsədov bağçaların BŞİH-də qalmasının da doğru seçim olmadığını deyib: "Keçmiş təhsil nazirinin fəaliyyətindəki ciddi yarıtmazlıqlar ucbatından 2011-ci ilin dekabr ayından etibarən bir sıra səlahiyyətlər, o cümlədən məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyindən alınıb, icra hakimiyyəti orqanına verilib ki, bunun da nəzərəçarpacaq fəsadlarının təhsil mütəxəssisi olaraq bilavasitə şahidiyik.
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil sahəsində idarəetmə islahatlarının başlıca istiqamətlərindən biri kimi təhsil prosesinin iştirakçıları arasında münasibətlər sisteminin, eləcə də tənzimləmə orqanlarının funksiyaları, səlahiyyətləri və cavabdehliyinin dəqiq müəyyən olunması, təhsil müəssisələrinin idarəetmə səlahiyyətlərinin və təhsilin nəticələrinə görə cavabdehliyinin artırılması vəzifəsi qarşıya qoyulub, məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin aşağı olması xüsusi vurğulanıb.
Təhsil sahəsindəki uzunillik pedaqoji və təhsilin idarəetmə orqanlarındakı təcrübəmə əsaslanaraq, həmişə təhsilin bir mərkəzdən idarə olunmasının tərəfdarı olmuşam. Əgər nəzərə alsaq ki, təhsil vahid bir orqanizm, yəni bir sistemdir və bu mənada sistem bir mərkəzdən idarə olunmalı və cavabdehliyi də konkret cavabdeh daşımalıdır, yəni bütün sorumlar bilavasitə ona ünvanlanmalıdır. Bu vəzifələri lazımi səviyyədə yerinə yetirmək üçün isə ilk növbədə təhsil sahəsində dövlət siyasətini həyata keçirməyə məsul olan təhsilin ali idarəedici orqanı kimi Təhsil Nazirliyinin məktəbəqədər təhsillə bağlı səlahiyyətlərinə yenidən baxılması zəruridir”.
Təhsilin varislik və fasiləsizlik prinsipləri olduğunu deyən ekspert deyib ki, bu prinsiplərin pozulması təhsil sisteminin dayaqlarının sarsılması deməkdir: "Məgər bu səlahiyyətlər icra hakimiyyəti orqanlarına verildikdən sonra problemlər azaldı? Əksinə, daha da artaraq, cəmiyyətdə mənfi rəyin formalaşmasına səbəb olduğunu düşünürəm. İstəsək də, istəməsək də razılaşmalıyıq ki, təhsilin mühüm pillələrindən biri sayılan məktəbəqədər təhsil şəbəkəsinin Təhsil Nazirliyinə tabe olmaması tamlığı, bütövlüyü pozan bir amildir. Başqa sözlə, hazırda yerli icra hakimiyyəti orqanlarının təhsil strukturları məktəbəqədər təhsilin inkişafı, onun müasir tələblərə cavab verməsi üçün yetərli gücə və səriştəyə malik deyillər. Hər halda Təhsil Nazirliyinin tərkibində olsa, bu şəbəkənin təkmilləşdirilməsi və yeniləşdirilməsi istiqamətində daha çevikliyə və mobilliyə nail olmaq olar. Yeni səhvlər buraxmaqdansa, köhnə səhvləri düzəltmək daha sərfəli ola bilər”. Hazırda ölkədə kifayət qədər məktəbəqədər təhsil müəssisələrinin mövcud olduğunu vurğulayan ekspert hesab edir ki, həmin təhsil müəssisələrinin özəlləşdirilməsinin arxasında bəzi məmurların biznes maraqları dura bilər: "Mənim fikrimcə, Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsinə heç bir ehtiyac yoxdur. Bağçalarda tərəqqinin olmasını istəyirlərsə, kadr təminatı məsələlərinə xüsusi diqqət ayrılmalıdır. İlk addım bağçaların icra hakimiyyətlərindən alınıb, yenidən Təhsil Nazirliyinə qaytarılmasıdır. Yaxud onlar üçün ayrıca təşkilatın, qurumun yaradılmasıdır. Çünki bağçalar təhsilin əsasını təşkil edir. Bağçaları özəlləşdirmək yerinə onlara diqqət və qayğı artırılmalıdır. Onsuz da ölkəmizdə özəl bağçalar var və bundan başqa özəl sektor üçün dövlət tərəfindən kifayət qədər imkanlar yaradılıb. Kim istəyirsə, getsin özəl bağça açsın. Amma aztəminatlı ailələrin vəziyyətini nəzərə alaraq düşünürəm ki, dövlət bağçaları mütləq qalmalıdır”.
Şəymən