Bakı 2015 Oyunlar Akademiyasının məzunlarına sertifikatlar verilib

Saymon Kleq: “Məzun Proqramı gənclərə əcnəbi işçi qüvvəsi ilə birlikdə çalışmaq imkanı verib”



Bakı 2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim ediblər. Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununu sertifikatla təltif ediblər.

Məzunlara sertifikatları Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı-direktoru Fərhad Hacıyev, Bakı 2015-in Əməliyyat İmkanları və Hazırlıq şöbəsinin direktoru Gevin MakAlpayn və BP-nin region üzrə vitse-prezidenti cənab İan Suzerlənd veriblər.

Saymon Kleq öncə məzunları təbrik edərək bildirib ki, Bakı 2015-in Məzun Proqramı bu irsin bir hissəsi kimi gənclərə öz karyeralarında onlara yardım edəcək yeni bacarıqlar və təcrübə qazanmaq üçün əcnəbi işçi qüvvəsi ilə birlikdə çalışmaq imkanı verib: "Proqram xüsusilə şəxsi inkişaf, biliyin mənimsənilməsi və fərdi əlaqələr qurmaqla gələcək karyera perspektivlərini artırır”.

Azərbaycan Gənclər Fondunun icraçı-direktoru Fərhad Hacıyev söyləyib ki, Məzun Təkmilləşdirmə Proqramı Bakı 2015-in Azərbaycan gənclərinə verdiyi maddi üstünlüklərin ən bariz nümunəsidir: "Bakı 2015-in Məzun Təkmilləşdirmə Proqramını bitirən gənc mütəxəssislər, Azərbaycana "Formula-1” üzrə Bakı 2016 "Qran Pri”si, 2017-ci il İslam Həmrəylik Oyunları, futbol üzrə Avro 2020-nin oyunları və digər bu növ idman tədbirlərini təşkil etməkdə yardım edəcək gələcək nəsildirlər.

Məzun Təkmilləşdirmə Proqramına Avropa Oyunlarını və Azərbaycanda keçiriləcək növbəti idman tədbirlərini uğurla təşkil etmək üçün tələb olunan vacib bilik və bacarıqların qazanılmasına yönələn altı təlim modulu daxil idi. Bütün iştirakçıların təlimi zamanı vəzifələrini icra edərkən öz tədrislərini də davam etdirdiklərindən əmin olmaq üçün təcrübəli xarici və yerli komanda üzvlərindən məsləhətlərini alırdılar”.

Oyunlar Akademiyasının portuqal məzunu Yoana Vies təəssüratlarını belə bölüşüb: "Oyunları böyük uğurla başa vurduğumuz üçün özüm və həmkarlarımla fəxr edirəm! Təhsilimi başa vuran kimi çoxnövlü idman tədbirinin təşkil olunduğu mühitdə işləmək və dünyanın müxtəlif ölkələrindən gələn mütəxəssislərdən işin incəliklərini öyrənmək imkanı əldə etməyi bir çoxları xəyalına belə gətirə bilməz. Mən, Portuqaliyaya yeni-yeni biliklərlə qayıdıram və artıq karyeramı idman sahəsi üzrə Avropa Federasiyasında davam etdirməyi səbirsizliklə gözləyirəm”.
Azərbaycandan olan məzun Türkan Vüsət Bakı 2015-lə vidalaşdıqları üçün bir az kədərli olduğunu deyib: "Bu proqram mənim üçün həm şəxsi, həm də peşkar perspektivlər baxımından çox faydalı oldu - həmkarlarımdan öyrəndiklərim çox oldu və həqiqətən yaxşı dostlar qazandım. İndi isə qürurla ictimai əsaslarla işləyəcəyim növbəti işimi səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Məzun Təkmilləşdirmə Proqramı Oyunları həyata keçirmək və Azərbaycan üçün davamlı irs qoymaq məqsədilə tələb olunan bilik və bacarıqların yaradılmasına kömək etmək üçün təsis edilmişdi. BP Oyunlar Akademiyası təşəbbüsünün eksklüziv rəsmi tərəfdaşıdır.

Vüqar Şahinoğlu