Bakıda avtobus qəzasında ölən və yaralananların adları açıqlandı

Bakıda iki avtobusun toqquşması nəticəsində xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən şəxslərdən 6-ı evə buraxılıb.
APA-nın xəstəxanada olan müxbirinin verdiyi məlumata görə, 2 nəfər isə hazırda xəstəxanada müalicə olunur.
Qəzada ölən qadının və xəsarət alanlardan bəzilərinin kimliyi açıqlanıb. 3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən xəbərə görə, qəza nəticəsində Qurbanov Abbas, Əliyeva Mehri, Qurbanova Tamella, Kərimova Gülmərcan, Zeynalova Gövhər, Ağamirzəyeva Əzizə, Babazadə Fatma və naməlum kişi xəsarət alıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəza nəticəsində Travmatologiya İnstitutuna gətirilən xəstələr Məmmədova Zamirə (1968) və Nəcəfova Tahirədir (1931). Z. Məmmədovaya ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb. T. Nəcəfova isə bazu nahiyəsində xəsarət olduğundan bir müddət xəstəxanada qalacaq.
APA-nın hadisə yerində olan əməkdaşı dəqiqləşdirib ki, ölən qadın 60 yaşlı Jitova Svetlana Yuriyevnadır.
***
3 saylı Şəhər Klinik Xəstəxanasından Lent.az-a verilən məlumata görə, xəstəxanaya qəza nəticəsində xəsarət alan 8 nəfər gətirilib. Onlardan 2-nin vəziyyəti ağırdır, qalanları yüngül xəsarət alıb. Yaralıların hamısı orta yaşlıdır, onlardan 6-sı qadın, 2-si kişidir.
***
Səhiyyə Nazirliyi bu gün Bakıda baş vermiş avtobus qəzasında xəsarət alanların sayını açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəza nəticəsində 9 nəfər xəsarət alıb.
Onlardan 7 nəfəri 3 saylı Şəhər Klinik Xəstəxanaya, 2 nəfəri isə Travmatologiya İnstitutuna yerləşdirilib.
Nazirlikdən onu da qeyd ediblər ki, qəza nəticəsində 60 yaşlı qadın dünyasını dəyişib.
**
11:12
Bakıda avtobus qəzası baş verib.
Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Nizami rayonu ərazisində "Diqlas” ticarət mərkəzinin qarşısında qeydə alınıb.
103 və 30 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarının toqquşması nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Nizami Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, qəza zamanı ölən piyada olub. Qəza anında o, yolu keçirmiş. Ölənin kimliyi hələlik məlum deyil.
Polisdən həmçinin bildirilib ki, qəza zamanı 10 nəfər yaralanıb.