Bakıda dəhşətli intihar...

20 yaşlı qız özünü 16-cı mərtəbədən atdı



Dünən səhər saatlarında Bakıda intihar hadisəsi baş verib. Həzi Aslanov metrosu yaxınlığında gənc qadın binaya çıxıb, 16-cı mərtəbədən özünü ataraq intihar edib.
Hadisə Məhəmməd Hadi küçəsi 73 ünvanında yaşanıb. Özünü öldürənin təxminən 20 yaşlarında olduğu bildirilir.
Xətai rayon Polis İdarəsi 36-cı Polis Bölməsindən verilən məlumata görə, hadisə araşdırılır.
Qadının hansı səbəbdən intihar etdiyi bilinmir.

Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyinin sədri Zülfiyyə Mustafayevanın fikrincə, gənclər arasında intihar halları ailədaxili münaqişələrə görə baş vermir: "Çünki insan daxili vəziyyətindən asılı olaraq intihar edir. Bu, fərdi məsələdir və ümumiləşdirmək olmaz. Lakin intihar hadisələrini araşdırıb təhlil apararaq təsnifatlaşdırmaq olar”.

Z.Mustafayeva müəyyən hallarda insanların problemdən çıxış yolu kimi intihara əl atdıqlarını bildirir: "Bəzən ailə zəmnində münaqişə baş versə də, şəxsin öz fərdi problemləri əsas rol oynayır. Burada əsas psixoloji faktorlar araşdırılmalıdır”.

Təşkilat rəhbəri təklif edir ki, insanları daxili boşluqdan xilas etmək üçün doğru şəkildə dini maarifləndirmə aparılmalıdır: "Qərbi Avropa ölkələrində insanlar özünə intihar səviyyəsində olan zaman din xadimlərinə müraciət edir, onların moizələrinə qulaq asırlar. Biz də belə hadisələrdə din xadimlərinin müdaxilələri və tövsiyələr verməsi bir o qədər hiss olunmur. Cümə günləri insanlar məscidlərə gedib dini söhbətlərə qulaq assınlar. Xüsusilə son illərin statistikasına nəzər saldıqda, daha çox orta yaşlı nəslin intihara əl atdığını görmək olar. Sadəcə, gənclərin intiharı və ya intihara cəhdi daha çox qabardılır”.

Vüqar