“Sabah “qartal”ın burnu qopub, dənizin ortasına düşə bilər”“Baş plan şəhərdə təhlükəli binalar tikilməmişdən qabaq hazırlanmalı idi”
"Metronun üzərindəki şüşə piramidanı ordan söküb, qala divarlarını azad etmək lazımdır. Şüşə qala divarlarını gizlədir. Amma kimdi onları sökən!?”
"Böyük Bakının Regional İnkişaf Planı”nın layihəsi artıq hazırdır və Nazirlər Kabinetinə təqdim olunub. Hazırlanan layihə 2030-cu ilə qədər olan dövrü əhatə edir. Layihəyə görə, dəmiryol vağzalının ərazisi kiçildiləcək, Dənizkənarı Milli Park isə əksinə, böyüdüləcək. Bakının baş planında Xırdalana metro, Sumqayıta sürət qatarlarının çəkilişi nəzərdə tutulur.
Bakı ətrafında çoxzolaqlı dairəvi yolun salınması, Böyük Şor ərazisində Olimpiya şəhərciyinin, eləcə də Böyük Zirə adasında "İstirahət sağlamlıq kompleksi”nin tikilməsi layihənin əsas tərkib hissəsidir. Planda şəhərin perspektiv inkişaf mərhələləri nəzərdə tutulub. Bakıda alt və lokal mərkəzlərin yaradılması nəzərdə tutulub. Bu daha çox Binəqədi və Bakıxanov rayonlarının ərazilərini əhatə edəcək. Eləcə də Sabunçu rayonlarında alt mərkəzlərin, ətraf ərazilərdə lokal mərkəzlərin yaradılması nəzərdə tutulub.

Baş plana əsasən, Bakıda pərakəndə tikililər söküləcək. Eyni zamanda, şəhərdəki sıxlığı aradan qaldırmaq üçün ali təhsil müəssisələrinin mərkəzdən köçürülməsi prosesi də həyata keçiriləcək. Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakıda tramvay xəttinin yaradılması üçün müxtəlif variantlar üzərində çalışırlar. "Böyük Bakının regional inkişaf planı”nda artıq bu məsələ öz əksini tapıb. 2030-cu ilədək həyata keçiriləcək layihə Bakı şəhərində bir sıra istehsal sahələrinin də inkişafına təkan verəcək.
Paytaxtın Baş Planı ilə bağlı fikirlərini "Şərq”lə bölüşən Müstəqil Memarlar Assosiasiyasının prezidenti Zemfira Budaqova hesab edir ki, Baş Plan həyata keçirilməlidir, amma memarlıq abidələrinin qorunması şərtilə: "Yeni tikilən binaların çoxu isə nə Şərq memarlıq üslubuna, nə də müasir üsluba uyğun deyil. Rokoko, barokko, mavritan və başqa üslubların hamısını biri-birinə qatıblar. Bu layihələri savadlı memarlar hazırlamır. Amma şəhərin baş memarı onlara necə imza atır, bilmirəm”.

Bakının baş planının həddindən artıq gecikdiyini vurğulayan Zemfira Budaqovanın sözlərinə görə, hazırda tikilən binalar əvvəlki layihənin əksinə tikilib. Köhnə "İnturist”in yerində tikilən bina, Mərkəzi Bankın yeni binası yerində deyil. Şəhəri bərbad günə qoyublar. Metro stansiyaları, məsələn, "Sahil” metrostansiyası üzərində nəhəng binanın tikilməsi də gələcək fəlakətə yol aça bilər. Sürüşən torpaq, üstəlik də metro üzərində o ağırlıqda binanın tikilməsinin nə anlamı var bilmirəm. Görünüş baxımından da ərazini eybəcər göstərir. Öz nəhəngliyi ilə memarlıq abidələrini, yaraşıqlı binaların gözəlliyinə kölgə salır. Bakının Baş Planı bu cür yararsız və təhlükəli binalar tikilməmişdən qabaq hazırlanmalı idi. İndiki halda Bakının Baş Planının hazırlanmasının heç bir mənası yoxdur. Dənizin kənarında hündür- hündür binalar tikiblər. Sahildən baxanda arxadakı memarlıq binaları görsənmir.
"İçəri şəhər” metrostansiyası bütün şəhərin görkəmini korlayır. Metronun üzərindəki şüşə piramidanı ordan söküb, qala divarlarını azad etmək lazımdır. Şüşə qala divarlarını gizlədir. Amma kimdi onları sökən!? Neçə illərdir özüm deyib, özüm də eşidirəm. Hökumətimiz bizi saymır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işi isə göz qabağındadır. Əsl xaos yaradıblar. Adi şəhərin meqapolisə çevrilməsi də müəyyən qaydalar çərçivəsində olmalıdır. Amma bizdə bu qaydalardan danışmaq mənasızdır. Heç bir ev plana uyğun tikilmir. Bu bir yana, yeraltı kommunikasiya problemləri də əvvəldən həll olunmur ki, magistral yol salınandan sonra onu qazıb, qaz və ya su xətti çəkilməsin. Kommunikasiya idarələrinin və infrastrukturun, yəni mağaza, məktəb, poliklinika və digər yerlərin də öncədən planlaşdırılması vacibdir. Ancaq bundan sonra binalar tikilməlidir. Bizdə isə əksinədir. Kimin pulu çoxdur, istədiyi yerdə ev tikir. Artıq Abşeron yarımadası bu tikililərlə o qədər yüklənib ki, sabah "qartal”ın burnu qopub, dənizin ortasına düşə bilər. Təəssüf ki, bu gün respublika əhalisinin əksəriyyəti şəhərlərə, xüsusilə də paytaxta axışır. Buna görə Bakıda tikinti işləri sürətlə aparılır. Bu da təəssüf doğurur ki, yeni tikintilərin əksəriyyəti şəhərsalma qaydalarından kənara çıxır. Binalar arasında məsafələr olduqca azdır. Bu isə sabah zəlzələ və ya sürüşmə baş verəcəyi təqdirdə daha ağır fəsadlara səbəb ola bilər. Bir binanın digər binanın üzərinə aşması da çox pis nəticələr verər”.
Z.Budaqovanın sözlərinə görə, bu binaların müqəddəratı Allahın əlindədir, yəni davamlılığına verilən zəmanət elə də etibarlı deyil: "Həm də nə qədər aşağıda, yəni torpağa yaxın yaşasaq, xəstəliklərimiz də az olar. Yüksəklikdə yaşamaqla, özümüzü xəstəliklərə düçar edirik, çünki torpağa yaxın insan xəstəlik yaradan neqativ enerjisini yerə ötürür. Yüksəklikdə isə bu, mümkün deyil. Bakıda və Abşeron yarımadasında çox hündür binaların tikilməsi, ümumiyyətlə, düzgün deyil”.
Pərakəndə tikintilərin söküntüsündə bir sıra qanun pozuntularına yol verildiyini vurğulayan xanım memar deyib ki, şəhərin infrastrukturunu pozması adı ilə bələdiyyələrin icazəsi ilə tikilən obyektləri söküb, kompensasiya da vermirlər: "Həmin yerlərin tikintiyə yararsız olduğuna dair bələdiyyələri vaxtında xəbərdar etmirlər ki, camaat ikiqat ziyana düşməsin. Salatın Əsgərov küçəsindəki qədim binaları söküb, ev sahiblərinə qəpik-quruş verdilər. Halbuki köhnə binaların söküntüsü zamanı əhaliyə ədalətli kompensasiyaların verilməsi, evinin sahəsi az olanlara isə ən azı birotaqlı ev ala biləcəyinə yetəcək qədər vəsait ödənməsinə dair tapşırıq verib. Mən yararsız binaların sökülməsinin əleyhinə deyiləm. Amma bu prosesi də ədalətlə eləmək lazımdır”.
Universitetlərin Bakının nisbətən ətraf ərazilərinə köçürülməsinin müsbət ideya olduğunu vurğulayan Z.Budaqova dünyanın inkişaf etmiş ölkələrinin hamısında ali təhsil müəssisələrinin şəhərin kənarında yerləşdiyini qeyd edib: "Ali təhsil məktəblərinin şəhərin mərkəzində yerləşdirilməsi şəhərsalmanın qaydalarına da ziddir. Universitetlərlə orta məktəblərin həcmi bir deyil. Ali məktəblərdə nə qədər tələbə oxuyur. Bir ərazidə 2-3 ali təhsil müəssisəsi yerləşir və hamısı da dərsə eyni vaxtda gedib-gəlir. Bu isə şəhərdə sıxlıq yaradır və hərəkəti tamamilə məhdudlaşdırır”.
Xanım memarın sözlərinə görə, ali məktəblərin şəhərdən kənara köçürülməsi, tıxacların aradan qaldırılmasından əlavə təhsilin keyfiyyətinə də müsbət təsir göstərə bilər: "Dünya üzrə təhsil səviyyəsinin yüksək olduğu Harvard, Oksford, Stenford, Massaçusets universitetlərinin ərazisində "kampus” sistemi var. Çünki universitetlərin təhsil səviyyəsini artıran, məhz elə bu tələbə şəhərcikləridir. Ölkəmizdə bu layihənin gerçəkləşməsinin ən böyük xeyri də regionlardan gələn tələbələrə olacaq ki, təhsil aldıqları ali məktəblərin tələbə şəhərciklərində yerləşərək əlavə xərc kimi evpulu verməyəcəklər. Məişət qayğıları azalacaq, yollarda əlavə vaxt itkisi olmayacaq”.
Şəymən