“Bu, Daxili İşlər Nazirliyi ilə birgə həyata keçiriləcək layihədir”
Sosial şəbəkələrdə kimsəsiz və ya imkansız uşaqlar üçün sığınacaq açıldığı xəbərləri yayılıb. Elvin Əhmədov adlı feysbuk istifadəçisi bu xəbəri paylaşaraq vətəndaşlara müraciət edib: "Kimsəsiz və ya imkansız uşaqlar üçün "Şamaxinka”da sığınacaq açılıb. Tanıdığınız olsa, sığınacağa gətirin. Uşaqlar soyuqda küçədə qalmasın. Sığınacaq insanların yardımı ilə fəaliyyət göstərəcək”.
E.Əhmədov adlı istifadəçi telefon nömrəsini də göstərib. Kimsəsiz uşaqlar üçün belə bir sığınacağın açılması, təbii ki, diqqətimizi çəkdi. Eyni zamanda xeyli suallar da doğurdu. Sığınacağı kim açıb, necə idarə olunacaq, ən əsası, dövlətin nəzarəti olacaqmı? Bəlkə, kimlərsə, "kimsəsizdir” deyə uşaqlardan öz məqsədləri üçün istifadə etmək istəyəcəklər? Çətin, mürəkkəb bir zamanda yaşayırıq, etiraf etməliyik. Sığınacaq barədə daha ətraflı məlumat almaq üçün E.Əhmədovla əlaqə yaratdıq. E.Əhmədov sığınacaq haqqında geniş məlumatlara malik olmadığını, sadəcə, bu məlumatı xeyirxah missiyasını nəzərə alaraq öz feysbuk səhifəsində paylaşdığını dedi:
- İstədim ki, bundan çox adam xəbər tutsun.
E.Əhmədov bizə ətraflı məlumat əldə etmək üçün Fatimə Babayeva ilə əlaqə saxlamağı məsləhət gördü, koordinatlarını da bildirdi.
F.Babayeva "Şərq”ə açıqlamasında məsələyə aydınlıq gətirdi. Məlum oldu ki, sığınacaq Daxili İşlər Nazirliyi strukturları ilə "Mənəvi Dayaq” İctimai Birliyinin birgə layihəsidir. F.Babayeva da birliyin üzvüdür. Sığınacaq açılması barədə isə KİV-lərdə məlumat verilib. Bir neçə xəbər saytında sığınacağın fotoları, əlaqə nömrələri, ünvanı göstərilib:
- Biz vətəndaşlardan xahiş edirik ki, küçədə kimsəsiz uşaq gördükdə, yaxud imkansız bir uşaq tanıyırlarsa, sığınacağa müraciət etsinlər. Müraciət edən şəxsdən hansı ərazidə yaşadığı və ya uşağın hansı ərazidə olduğu öyrənilir və vətəndaşa ərazi üzrə polis bölməsinə müraciət etməsi məsləhət görülür. Əlbəttə, heç kim küçədən uşaq götürüb harasa apara bilməz. Bunu polis əməkdaşları edəcək. Sadəcə, onlara siqnal verilməlidir. Polis bölməsi isə həmin uşağı bizim sığınacağa yönləndirəcək. Biz rəsmi orqanlarla birgə çalışacağıq. İctimai Birliyimiz Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Vergi ödəyicisiyik. Birlik qanun çərçivəsində fəaliyyət göstərir. Sığınacağın yaradılması da birliyin DİN-lə birgə həyata keçirdiyi layihədir. Sığınacağa hər hansı formada yardım etmək istəyən vətəndaşlar da bilsin ki, onların adına qaimə yazılacaq.
F.Babayeva sığınacağın bu ilin sonu, ya da 2016-cı ilin əvvəlindən fəaliyyətə başlayacağını bildirdi:
- Hazırda sığınacaqda təmir işləri aparılır, kombi sistemi quraşdırılır. Açılış gününü elan edəcəyik. Bu barədə KİV-ə məlumat veriləcək.
Məlahət Rzayeva