Bakıda qurbağa ətinin yeyilməsi kütləvi hal almayacaq

Adil Qeybulla: “Düşünürəm ki, bizim mətbəxə alışanlar bu yeməyi bir sınaq kimi sınayacaqlar”


Bakıda restoranların birinin menyusuna daha bir maraqlı yemək daxil olub. Belə ki, paytaxtda fəaliyyət göstərən brend restoranlardan birində qurbağa ətindən hazırlanmış yemək satılır.

Məlumata görə, qurbağa ayaqlarından hazırlanan yemək restoranın menyusunda da öz əksini tapıb. Menyuda yazılana görə, qızardılmış qurbağa ayaqları göbələk və soğan halqaları ilə servis edilir. Hətta yeməyin qiymətinin də 22 manat olduğu bildirilir.

Məişətimiz və mətbəximiz üçün yad olan yeməyi dadanlar da tapılır. Tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq”ə açıqlama verərkən bunun təhlükəli bir hal olmadığını deyib. Onun qənaətincə, qurbağa ətinin yeyilməsi insanların zövqü ilə bağlıdır. Qurbağa ətinin Azərbaycan mətbəxinə uyğun olmadığını söyləyən professor, buna baxmayaraq onun ətində proteinlər olduğunu da vurğulayıb: "Qurbağa müəyyən bir xalqların menyusunu təşkil edir. Lakin bizim milli yeməklərimizin rasionunu heç vaxt təşkil eləmir. Əksinə, insanlar hər zaman qurbağadan iyrəniblər. Hər halda bu, insanların öz seçimidi. Mən inanmıram ki, qurbağa ətinin yeyilməsi ölkəmizdə kütləvi hal alsın. Düşünürəm ki, bizim mətbəxə alışanlar bu yeməyi bir sınaq kimi sınayacaqlar”. Həmçinin professor qurbağa ətinin yeyilmədən öncə orqanik xüsusiyyətlərinin nəzərə alınmalı olduğunu diqqətə çatdırıb: "Qurbağaların yeyilməsi üçün xüsusi bir növü var. Yeyilmək üçün nəzərdə tutulan qurbağalar protein mənbəyi kimi istifadə olunur. Bunun üçün insanlara administrativ qaydada qadağa qoyula bilməz. Eqzotik bir qida kimi restoranların menyusunda olmasının mənfi tərəfi yoxdur. Ola bilər ki, ölkəmizə xaricdən gələn qonaqlar bu kimi qidalardan istifadə eləsin. Azərbaycanda xeyli sayda Çin restoranı var. Bu restoranlar da bizim mətbəximizə ziyan verə bilməz”.

Yeganə Bayramova