Bakıda restoranda atışma: 4 nəfər həbs edildi, yaralıların kimliyi açıqlandı - YENİLƏNİB





Bu gecə Badamdar qəsəbəsindəki "Bulaq" restoranında baş vermiş silahlı insident zamanı yaralanan şəxslərin adları dəqiqləşib. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisədə 1986-cı il təvəllüdlü Süleyman Abdullayev və 1980-ci ildə anadan olmuş Fərid Əkbərov güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.
İlkin məlumata görə, dünən saat 21 radələrində bir qrup şəxs restoranda borc məsələsini müzakirə etmək üçün toplanıb. Hadisə də bu zaman baş verib. Faktla bağlı araşdırmalar davam etdirilir.
*****
10:38
Bakıda restoranda baş verən atışmanın bəzi detalları müəyyənləşib.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, restoranda baş verən silahlı insident iştirakçılarının içərisində idmançılar olub. Atışma zamanı iki nəfər – Fuad və Süleyman adlı şəxslər güllə yarası alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
**
10:11
Aprelin 22-nə keçən gecə Bakıda restoranlardan birində baş vermiş silahlı qarşıdurma zamanı 2 nəfər xəsarət alıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, saat 21.00 radələrində Badamdar qəsəbəsində yerləşən "Bulaq" kafesində müştərilər arasında dava düşüb. Dava zamanı odlu silahdan atəş açılıb və iki nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya aparılıb.
Bildirilir ki, hadisənin iştirakçılarından 4 nəfər artıq həbs olunub. Hazırda Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.
*****
02:31
Bakıda restoranlardan birinin qarşısında mübahisə zamanı güllə yarası alan müştəri tanışları tərəfindən ərazidən aparılıb. Yaralının xəstəxanaya müraciət etmədiyi bildirilir. Hadisə yerinə Səbail Rayon Prokurorluğu, Polis İdarəsi və 41-ci polis bölməsinin əməkdaşları gəliblər. Hadisə yerində istintaq tədbirləri aparılıb.
Məlumata görə, kafe ərazisindən 5 giliz aşkar edilib.
Hazırda polis əməkdaşları yaralının və hadisəni törədənin kimliyini müəyyənləşdirir.
Faktla əlaqədar Cinayət işi başlanıb. Araşdırmalar aparılır.
**** 02.18
Bakıda güllələnmə hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Səbail rayonu Badamdar qəsəbəsində qeydə alınıb. 2-ci yaşayış massivi, 7-ci döngədə yerləşən "Bulaq" restoranında iki naməlum şəxs arasında yaranan mübahisə sonradan kafenin qarşısında davam edib. Hadisə zamanı mübahisə edən şəxslərdən biri digərinə odlu silahdan atəş açıb.
Hadisə yerinə təcili yardım çağırılıb və polisə məlumat verilib. Hazırda ərazidə cəlb olunan polis əməkdaşlarından APA-nın hadisə yerində olan müxbirinə verilən məlumata görə, atəş "Makarov" tipli tapançadan açılıb.
Faktla bağlı araşdırma davam etdirilir.