İstər dana əti olsun, istərsə də toyuq əti qadın hormonları sayəsində ölçülər və göstəricilər böyüdülür. Ona görə də əhalidə oriyental dəyişikliklər baş verir
Paytaxtda "çiy küftə” həvəskarları artır. Restoranlar şəbəkələrində, şadlıq saraylarında toy masası menyularına çiy küftə də əlavə edilir artıq. Və qonaqlar da onu məmnuniyyətlə sifariş edir. Məlumdur ki, çiy küftə Türkiyənin Şanlıurfa diyarı mətbəxinə aiddir və urfalıların milli xörəyidir. Urfalılar çiy küftə hazırlamaq məharətləri ilə məşhurdurlar və bu istedadları ilə öyünürlər. Azərbaycan mətbəxində çiy küftə indiyədək olmayıb.
Görünür, müasir iaşə xidməti təmsilçiləri qardaş Türkiyənin bu milli xörəyini mətbəximizə daxil etməklə, daha çox müştəri toplamaq məqsədi güdürlər. İnsanlarımız da yeniliyə, ekzotikaya meyllidir axı. "Filan yerdə çiy küftə yedik” deyə fəxr edənlərimiz də olur yəqin.
Bəs bu çiy küftə deyilən yemək növünün orqanizmə xeyrimi var, yoxsa ziyanı? Necə olsa, bişməmiş ətdir.
"Medical Plaza” Klinikasının terapevt-qastroenteroloqu Sevindik Arazov "Şərq”ə ilginc açıqlamalar verdi:
- Hazırda əhaliyə təklif olunan çiy küftənin içində ət yoxdur. Müxtəlif ədviyyatlardan, qırmızı istiotdan, bulqur deyilən düyü növündən istifadə edirlər, onu da kahıya büküb servis edirlər, adını da qoyurlar "çiy küftə”. Bir kiloqram sümüksüz ətin qiyməti ilə təklif olunan çiy küftənin qiymətini müqayisə etdikdə, həqiqət ortaya çıxır. İnsan gərək nə qədər ağılsız olsun ki, 14 manata satılan sümüksüz ətdən çiy küftə hazırlandığına və onun da 5-6 manata satıldığına inansın. Bu, eynilə dönər köşklərində dönər + ayran = 1 manat təklifinə oxşayır. Necə ola bilər ki, 1 manata çörək arasında ət, pomidor, soğan, göy-göyərti, tomat sousu, mayonez versinlər, üstəlik də ayran?! Deməli, burada ətin keyfiyyətindən şübhələnməyə əsas var.
Bəs ətin çiy yeyilməsi ziyanlı, yoxsa xeyirlidir?
S.Arazov qeyd etdi ki, əcdadlarımız çiy ət yeyib. Burada məsələ yeyilən ətin nə dərəcədə güvənli, keyfiyyətli olmasındadır:
- Hazırda bütün dünyada maldarlıqda məhsuldarlığı artırmaq üçün heyvanlara qadın hormonu - estrogen vurulur. İstər dana əti olsun, istərsə də toyuq əti qadın hormonları sayəsində ölçülər və göstəricilər böyüdülür. Ona görə də əhalidə oriyental dəyişikliklər baş verir. Çiy küftə Azərbaycan xalqı üçün toplumsal xörək növü deyil. Ekzotik xörəkdir. Manqo, kakos kimi... Hər bir azərbaycanlı qaralı aşın nə olduğunu bilir. Amma bəzən bizə aş adına suda pörtlədilmiş düyü, üzərində də qarnir təqdim edirlər. Hamımız da bilirik ki, bu yediyimiz ənənəvi aş - plov deyil. Kim istəyir, çiy küftə yeyə bilər. Amma bilsin ki, təqdim olunan çiy küftənin tərkibində ət yoxdur. O, sadəcə ədviyyatlardan hazırlanmış bir qidadır. Hər insan özünə, adət-ənənəsinə uyğun qidalansa, yaxşıdır.
Məlahət Rzayeva