Bakının “Akasya durağı”... Olacaqmı?

Nə qədər ki, taksilər üçün xüsusi dayanacaqlar olmayacaq problem qalacaq



Bir neçə il əvvəl Türkiyə televiziyasında "Akasya durağı” adlı komik dizi yayımlanırdı. Baxanlar, dizinin taksi sürücülərinin həyatını əhatə etdiyinin bilir. "Akasya durağı” da taksi fəaliyyəti göstərən şirkətin adı idi. Sürücülər "durağa” toplaşır, edilən çağırışlara uyğun yola çıxırdılar. Dizi bir neçə il yayımlandı, hissələrin sayı 100-ü ötdü, nəhayət bitirildi, amma Bakıda bir nümunəvi "Akasya durağı” hasilə gəlmədi.

Paytaxtın taksi problemi hələ də həllini tapmayıb. Taksilər harda gəldi dayanır, avtobus
dayanacaqlarını "işğal” edir. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq taksi sürücüləri öz
bildikləri mahnını "oxuyurlar”.

Srağagündən taksilərlə bağlı növbəti reydlərə başlanılıb. Reydlər Bakı Nəqliyyat Agentliyi və Bakı
Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ilə birgə keçirilir. BNA-nın məlumatına görə,
reydlərdə məqsəd paytaxtda taksi xidməti göstərən sürücülərə hüquq və vəzifələri barədə
məlumatların verilməsidir.

Bu çərçivədə ilk tədbir metronun "Koroğlu” stansiyası ətrafında keçirilib.

BNA müfəttişləri Yol Patrul Xidmətinin əməkdaşları ilə birgə bu ərazidə taksi fəaliyyəti ilə məşğul
olan sürücülərə hüquq və vəzifələrini, eləcə də qanunvericiliyin tələblərini izah ediblər.
Diqqətə çatdırılıb ki, hazırda paytaxt yollarında taksilərlə bağlı müşahidə olunan ən narahatedici
məqam onların dayanma və durma qaydalarını pozaraq nəzərdə tutulmayan yerlərdə, xüsusən də
avtobus dayanacaqlarında park etmələridir. Bu hal isə küçə və prospektlərdə digər hərəkət
iştirakçılarına mane olmaqla avtonəqliyyat vasitələrinin sıxlığının yaranmasına səbəb olur.
Qeyd olunub ki, BNA məsələnin həlli istiqamətində kompleks tədbirlər həyata keçirir. Bu çərçivədə
ilk olaraq Bakıda taksi dayanacaqlarının pasportlaşdırılmasına başlanılıb.

BNA-nın xüsusi ekspert qrupu bütün küçə və prospektlərdə, metro stansiyaları, alış-veriş mərkəzləri
və əhalinin sıx toplaşdığı digər ərazilərdə bununla bağlı təhlillər aparır.
Nəticədə yerləşdiyi ərazidə nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneçilik yaratmayan
dayanacaqlar pasportlaşdırılır. Artıq 79 belə dayanacaq pasportlaşdırılaraq taksi sürücülərinin
ixtiyarına verilib.Maarifləndirici xarakter daşıdığından bugünkü tədbir zamanı dayanma və durma qaydalarının tələblərini pozan sürücülərə hər hansı cərimə protokolu tərtib olunmayıb.
Lakin bildirilib ki, gələcəkdə qanunvericiliyin tələblərinə riayət etməyən sürücülərə qarşı inzibati
cəza tədbirləri görüləcək.

Qeyd edilir ki, BNA Bakı şəhər Yol Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ilə birgə bu cür
tədbirlərin mütəmadi olaraq keçirilməsinə dair razılığa gəlinib.

Məsələyə münasibət bildirən nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov
"Şərq”ə açıqlamasında bildirdi ki, BNA tarixində ilk dəfədir belə tədbir keçirir:

- Fikir verdinizsə, bu reydlər zamanı heç bir sürücü cərimələnmədi, kiminsə barəsində protokol
tərtib edilmədi. Sadəcə, taksi sürücülərinə qanun və qaydalar izah edildi, maarifləndirici iş aparıldı.
Bu, çox yaxşıdır. Belə tədbirlərə həqiqətən ehtiyac var. Dünyanın hər yerində qayda budur ki,
sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs vergi ödəməlidir. Taksi sürücülüyü də sahibkarlıq
fəaliyyətidir. Qanun tələb edir ki, taksi fəaliyyəti ilə məşğul olan şəxs ayda 18 manat rüsum
ödəməklə fərqləndirmə nişanı əldə etsin. 18 manat böyük məbləğ deyil. 18 manat yaxşı sürücünün
3-4 saat ərzində qazandığı puldur. Ayda 300-400 manat əmək haqqı alan adam bundan çox vergi
ödəyir. Məncə, taksi sürücüləri, bunu anlayışla qarşılamalı və fərqləndirmə nişanı almağa tənbəllik
etməməlidirlər. Ayda 18 manat illik 216 manat edir. Kiməsə hər ay qəbz almaq çətin, yorucu gəlirsə,
bu məbləği birdəfəyə ödəyib illik fərqləndirmə nişanı da almaq olar. Qanunda bu nəzərdə tutulur.
"Asan Xidmət”də ödəmə etmək mümkündü. 

Taksilərin avtobus dayanacaqlarını zəbt etməsi,dayanma-durma qaydalarını pozmasına gəlincə, Ə.Hüseynov bu problemin təəssüf ki, həllini tapmadığını dedi:

- Bu problemi aradan qaldırmaq asan məsələ deyil. Taksilər üçün xüsusi dayanacaqlar təşkil
edilməlidir. Nə qədər ki, belə dayanacaqlar yoxdur, problem də qalacaq. Bilirsiz, çox zaman yol
polisi əməkdaşları da, nəqliyyat müfəttişləri də taksilərin bu qayda pozuntusuna yaxşı mənada
güzəştə gedirlər, çünki başa düşürlər, sürücü də ailəsinə qazanc aparmalıdır. Sürücü də harda gəldi
saxlayır, təki müştərini mindirsin. Amma təbii ki, belədə avtobuslar qaydaları pozub dayanacaqdan
kənar saxlamalı olur, vətəndaşlar üçün də hərəkət imkanları məhdudlaşır. Yəni, taksi dayanacağı
problemi həllini tapmalıdır. Dünya təcrübəsində belədir ki, taksi fəaliyyətinə dövlətin və ya
bələdiyyələrin nəzarəti var. Ayrı-ayrı şirkətlər də sahibkarlıq fəaliyyəti ilə məşğul olur, hətta
bələdiyyələrin yaratdığı şirkətlər də var ki, taksi fəaliyyəti ilə məşğuldurlar. Belədə rəqabət mühiti
yaranır, müştəri daha yaxşı xidmət göstərən şirkəti seçir. İstənilən halda dövlət orqanları sahibkarlıq
fəaliyyəti üçün normal şərait yaratmalıdır.

Məlahət Rzayeva