19 manat 56 qəpiklik dərman 131 manata satılır
Dərman istehsalı və satışı bütün dünyada çiçəklənmə dövrünü yaşayır. Elə Azərbaycanda da dərman biznesi ən sərfəli və gəlirli sahə hesab olunur. Ancaq ölkəmizdəki "çiçəklənmə” insanların sağlamlığının qorunmasından daha çox əczaçılıqla məşğul olanların varlanmasında özünü göstərir.
Dərman elə bir şeydir ki, bəzən onu almaq çörək, su qədər vacib olur. Ancaq apteklərdə dərman preparatlarının qiymətlərini görəndə adam şoka düşür. Dünyanın heç bir yerində, dərmanlar bizdəki qədər "od qiymətinə” satılmır. Görülən tədbirlərə rəğmən apteklərimizdəki dərmanların qiymətində düşüş əvəzinə durmadan artım müşahidə olunur. Demək olar ki, ölkə əhalisinin böyük əksəriyyəti dərmanların həm baha, həm də keyfiyyətsiz olmasından gileylənirlər. Çünki bütünlüklə xaricdən gətirilən dərman preparatları maya dəyərindən dəfələrlə yüksək qiymətə satılır. Əczaçılar bahalaşmanı müxtəlif səbəblərlə əlaqələndirsələr də, vəziyyətdən sui-istifadə hallarının və qısa zamanda varlanma hərisliyinin olması gün kimi aydındır. Mühüm məqamlardan biri isə eyni dərman növünün müxtəlif apteklərdə fərqli qiymətlərə satılmasıdır. Məsələn, bir aptekdə 10 manata olan hansısa dərman başqa bir əczaxanada 100 manata satıla bilir. Belə problemlə üzləşən ictimaiyyət nümayəndələrindən biri də tanınmış yazıçı-publisist Xeyrəddin Qocadır. Yaşadığı hadisə ilə bağlı "Şərq”ə danışan X.Qoca deyib ki, həqiqi qiyməti 19 manat 56 qəpik olan "Atacand plus, 16 prob, 12.5 mg” adlı dərman Füzuli 49 küçəsində yerləşən alman aptekində nə az, nə çox, düz 131 manata satılır: "Mən də eləmədim tənbəllik, zəng vurdum Səhiyyə Nazirliyinin 596-07-12 nömrəli telefonuna. Orda da həmin dərmanın 19 manat 56 qəpik olduğunu təsdiqlədilər və mənə "yol göstərdilər”: - "Yaxşısı budur, İqtisadiyyat Nazirliyinin Tarif Şurasına, 598-38-66 nömrəli telefonuna zəng vurasınız”. Ora da zəng vurdum, bir kişi dəstəyi qaldırdı, mənim ad-familiyamı, telefon nömrəmi yazdı. Xeyli vaxt aparandan sonra dedi ki, "Siz bizim Ceyhun Məmmədov adlı əməkdaşımız var, ona zəng vurun. O, dərmanların qiymətini dəqiq bilir”. C.Məmmədova zəng vurdum (o məni tanıdı), dərmanın adını dedim: - "Atacand plyus, 16 prob, 12.5 mg”. O da dedi ki, "bizdə "Atacand” dərmanı 19 manat 56 qəpik müəyyənləşib. Amma "Atacand” sözündən sonra "Plus” sözü yazılmayıb. Siz İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə, 498-15-01 nömrəli telefonuna zəng vurun. Zəng vurdum, dəstəyi qaldıran olmadı. Axırda aptekə bir də zəng vurdum. Özünü administrator kimi təqdim edən Eldar adlı biri də aptekin o biri işçiləri kimi danışdı: - "Bilirsiniz, biz burada dərmanları diplomatlara və Azərbaycan vətəndaşlarına satırıq (daha kim qaldı). Qiyməti 131 manatdır”. O da əsaslı bir söz deyə bilmədi, xeyli "çəkçevirdən” sonra soruşdum ki, "a kişi, dərmanın son qiyməti neçəyədir?”. Dedi komputer yanımda yoxdur, öyrənib deyərəm. Təxminən yarım saatdan sonra mən bu yazını redaksiyanın əməkdaşına diktə edərkən Eldar zəng vurdu və bildirdi ki, "biz sizə 10 faiz endirim edib, 117 manata sata bilərik. Redaksiyanın əməkdaşı da bu söhbətimizi eşitdi. Mən bu yazını yazmazdım. Lakin Bakı şəhərinin bütün apteklərində (bəli, bütün apteklərdə) vəziyyət belədir. Bu apteklərə bir cavabdeh olan var, ya yox?”.
İsmayıl