Bakının hər yerində parkomatlar var

Merin idarə rəisini çıxarması ilə küçələrdəki xaos aradan qalxmayacaq
“Şəhərin hansı hissəsində pullu parkomatlar quraşdırılacağına dair konkret mexanizmlər olmalıdır, amma yoxdur”


Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) rəisi Həsən Abdullayev tutduğu vəzifədən azad edilib. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov sərəncam verib. Həsən Abdullayevin işdən çıxarılmasına səbəb kimi onun Bakının bir neçə nöqtəsində onlarla qanunsuz parkomat quraşdırması və dayanacaq yaratması göstərilir.

Qeyd edək ki, uzun müddətdir Dövlət Yol Polisi İdarəsi və "Azəravtoyol” ASC bir neçə parkomatın lazımsız yerlərdə quraşdırılması barədə məsələ qaldırıb. Hətta DYP və "Azəravtoyol” ASC Bakıda onlarla parkomatın yığışdırılmasına və parkinqin ləğv edilməsinə nail olub. Bununla bağlı şikayətlərin sayı artdığı üçün Hacıbala Abutalıbov XTAİ-nin rəisi Həsən Abdullayevi işdən kənarlaşdırıb.

Rəisin hansı səbəbdən vəzifədən çıxarıldığına dair dəqiq məlumat olmadığı üçün rəy verməyin bir qədər çətin olduğunu deyən nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, onun Bakının bir neçə nöqtəsində onlarla qanunsuz parkomat quraşdırması və dayanacaq yaratması səbəbindən işindən azad olunmasının nə dərəcədə rəsmi olub-olmadığı bəlli deyil: "Həm də ki, bu cür fərdi məsələlərə münasibət bildirməyin düzgün olmadığını zənn edirəm. Mən bir ekspert olaraq ümumi işə rəy verə bilərəm. Razıyam ki, Bakı şəhərində parklanma yerləri ilə bağlı çox ciddi problemlər var. Çatışmazlıq da ondan ibarətdir ki, bu işin hüquqi bazası yoxdur. Hansı meyarlar əsasında, şəhərin hansı hissəsində pullu parkomatlar quraşdırılacağına dair konkret mexanizmlər olmalıdır, amma yoxdur. Tələm-tələsik çoxlu sayda parkomatları alıb, şəhərdə quraşdırdılar. Bu da haqlı olaraq insanların ciddi narazılığına səbəb oldu. Hər halda ümid edək ki, bundan sonra sözügedən problemlər aradan qaldırılacaq və müsbət dəyişikliklər olacaq. Amma qeyd etdiyim hüquqi məsələlər öz həllini tapmasa, effektiv nəticələrin əldə olunacağına inanmıram”.

Şəymən