Hüquq müdafiəçiləri Martirosyanın işləmək arzusunun üstündən xətt çəkilməsinin tərəfdarı deyillər
"Ermənistandan qaçaraq Azərbaycana sığınan "Milli Azadlıq Hərəkatı”nın rəhbəri Vahan Martirosyan Bakıda işləmək istəyir”. Bu barədə hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib. N.Cəfəroğlu deyib ki, V.Martirosyan rəssam, onun həyat yoldaşı isə ssenaristdir: "Yəqin ki, onlar Azərbaycanda bir iş tapa biləcəklər”.
Məlumat üçün onu da deyək ki, Martirosyan öz ölkəsində rəssam olmaqla yanaşı, həm də hüquq müdafiəçisi və jurnalist kimi fəaliyyət göstərib. Ancaq erməni QHT-çinin Azərbaycanda işləmək niyyəti sosial şəbəkələrdə tənqid olunub. Əksəriyyət bəyan edib ki, düşmən ölkənin vətəndaşına Bakıda sərbəst iş şəraitinin yaradılması bir sıra problemlərə səbəb ola bilər.
İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı "Şərq”ə açıqlamasında məsələni belə şərh edib: "Erməni vətəndaşının Bakıda işləməsinə tənqidi yanaşanları başa düşmək lazımdır. Ermənilər Azərbaycan torpaqlarını işğal ediblər. Bu baxımdan insanların emosionallığı təbiidir. Bütün insanlardan eyni cür münasibəti gözləmək olmaz. Əgər erməni vətəndaş Azərbaycanı seçibsə, biz də ona sığınacaq vermişiksə, axıra qədər öz humanistliyimizi qoruyub saxlamalıyıq. Bir qədər dözümlü yanaşmalıyıq. Nəzərə almalıyıq ki, təcavüzkar bir dövlətin vətəndaşı hansısa Qərb ölkəsinə deyil, "düşmən” hesab etdiyi Azərbaycana pənah gətirib. Əgər erməni QHT-çi burada işləmək istəyirsə, ona imkan vermək lazımdır. Xatırladım ki, Martirosyan həm də jurnalist fəaliyyəti göstərib. Eşitdiyimə görə, o, Azərbaycanda sayt açmaq istəyir. Qoy açsın, burada pis nə var ki? Əksinə, Martirosyan öz saytında təcavüzkar Ermənistan dövlətini ifşa edəcək”.
Tanınmış hüquq müdafiəçisi, "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın sədri Sahib Məmmədov da erməni QHT-çinin Azərbaycanda işləməsinə etiraz etməyib və səbəblərini belə açıqlayıb: "Biz elə xalqıq ki, istənilən millətlə yola gedirik. Amma bu, bir az başqa məsələdir. Söhbət torpaqlarımızı işğal etmiş Ermənistan vətəndaşından gedir. Amma həmin insan bizə sığınıb. Biz qafqazlılar düşmənə belə yeri gələndə qucaq açırıq. Təəssüflər olsun ki, ermənilər qafqazlılar amilinə xilaf çıxdılar. Amma azərbaycanlıların qonaqpərvərliyi dünya xalqlarına hər zaman nümunə olub. Mən bilmirəm, Martirosyan Bakıda hansı işdə çalışmaq istəyir. Əgər səmimidirsə, istənilən işlə məşğul ola bilər. Çünki onun fəaliyyəti erməni yalanlarının ifşa olunmasında Azərbaycana fayda verər və təbliğatımıza dəstək olar. Ermənilər hər zaman iddia edirlər ki, guya, azərbaycanlılar onlara nifrət edir və s. Erməni QHT-çi bu cür yalanların dağıdılmasına töhfə verə bilər”.
İsmayıl