Əkrəm Həsənov: "Bank pulun çıxarıldığını sübut edə bilmirsə, vətəndaş banka qarşı məhkəmə iddiası qaldıra bilər"
"Bank kameralarla bankomatdan pulun çıxdığını, vətəndaşın bunu gözləmədiyini sübut etsə, bankın məsuliyyətindən söhbət gedə bilməz”.
Bunu Sherg.az-a bankomatlardan pul çıxarılması zamanı yaranan problemlərdən danışarkən bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib. O bildirib ki, bu halda vətəndaş polis orqanlarına müraciət etməli, pulu kimin çıxartdığını müəyyənləşdirməlidir:
"Bank pulun çıxarıldığını sübut edə bilmirsə, vətəndaş banka qarşı məhkəmə iddiası qaldıra bilər. Bu zaman pulunu çıxarmadığını əsaslandırmalıdır. Vətəndaşın şikayətinə əsasən, məhkəmə ekspertiza müəyyən etməlidir. Bankomatların ekspertiza sayəsində yoxlanması ilə məsələ aydınlaşa bilər. Ümumilikdə isə bu çox mürəkkəb və çətin məsələdir. Ekspertlər bankın günahını araşdırmalı, bankomatların işləmə səviyyəsini dəqiqləşdirməlidir. Belə hallarda vətəndaşlara tövsiyə edərdim ki, video çəkilişi aparsın, və ya şəkil çəksin, sonradan sübut etmək asan olsun”.
Qeyd edək ki, bu günlərdə yazıçı Kəramət Böyükçöl bankomatın onun başına açdığı oyunla bağlı öz feysbuk səhifəsində məlumatlandırma xarakterli status yazıb.
Həmin statusu olduğu kimi təqdim edirik:
Tarqovıda yanaşı bonkomatlar var. Keçən həftənin 5-ci günü maaşımı çıxarmağa getdim ordan. Kartı bonkomata daxil etdim, kodu yığdım. Baxdım ki, maaş gəlib. Pulu çıxarmaq istədim. Ancaq bonkomat fikirləşib kartı yeri qaytardı, ekrana da yazıldı ki, istəyiniz icra edilmədi. Kartı təzədən bokomata daxil etdim, gördüm pul yoxdur. Yanaşı bonkomatların o birisinə yaxınlaşdım, orda da göstərdi ki, hesabda pul yoxdur.
İşlərim çox olduğu üçün həmin gün yox, bu həftənin birinci günü Beynəlxaq Bankın Yasamal filalına getdim. Dedilər ki, bonkomat hesabınızdan pulu silib, belə şeylər olur. Sorğu göndərdi. Dedi ki, həftənin sonuna kimi maaşın bərpa olunacaq. Bu səhər isə bankın əməkdaşı mənə zəng eləyib dedi:
- Sorğuya cavab gəlib ki, pul silinməyib.
- Bəs hara gedib pul?
- Sadəcə, bonkomatın qarşısından tez çəkilmisiniz, pul çıxıb, ancaq götürüblər.
- Axı ekranda yazıldı ki, istəyiniz icra edilmədi.
- Bonkomatda elə şeylər olur. Yazılır ki, istəyiniz icra edilmədi, amma pulu verir.
Yadıma gəlir ki, mən maaş kartımı bir bonkomatdan çıxarıb o birisində də yoxlayıb içində pul olmadığını bilən kimi təzədən əvvəlki bonkomatın yanına qayıtdım. Gördüm bonkomatdan bir metr araılda yaşlı bir kişi cibinə pul qoydu. Bir qadın isə həmin bonkomatdan pul çıxarırdı.
Beynəlxalq Bankım əməkdaşı deyir ki, gəl sənə çıxarış verim, get Nəsimi rayon polis bölməsinə ərizə yaz, kamera görüntülərinə əsasən, pulu götürən adam müəyyən olunacaq. Adamlar adətən deyirlər ki, söhbət puldan getmir, amma bu işin arxasınca düşəcəm-filan. Pafosdur. Mənim üçün söhbət məhz puldan gedir. Gedirəm polisə ərizə yazmağa. Bunu həm də ona görə yazıram ki, məlumatlı olasınız və sizn də başınıza belə işlər gəlməsin.
Ayyət Əhməd