Barmaqla çağırdılar...

Kremldə Paşinyanla bu dəfə ciddi söhbət aparılacaq




Ermənistanın baş naziri Nikol Paşinyan üçüncü dəfə iyulun 26-da Rusiyaya səfər edəcək. Məlumata görə, Paşinyan Rusiyaya Avrasiya İttifaqının iclasında iştirak etmək üçün gedir. Rusiyanın baş naziri Dmitri Medvedyevin sədrliyi ilə keçiriləcək iclasa Ermənistanla yanaşı, Belarus, Qazaxıstan və Qırğızıstanın baş nazirləri də qatılacaq.

Maraqlıdır ki, Paşinyan bir neçə gün əvvəl Ermənistanın iclasda baş nazirin müavini səviyyəsində iştirak edəcəyini açıqlayıb. Lakin Rusiya prezidenti Vladimir Putinin iyulun 24-də baş nazirə telefon zəngindən dərhal sonra Paşinyan yanlış qərar aldığını dərk edərək Rusiyaya özü getməyə qarar verib. Erməni ekspertlərə görə, yeni hökumətin Moskva ilə münasibətləri hələ tam müəyyən edilməyib. Hətta bəzi ciddi problemlərin olduğu da istisna edilmir. Ötən gün Rusiyanın 102-ci hərbi bazasında yaşanan məlum olaydan sonra ermənilərin Kremlə münasibəti bir qədər də dəyişib. Kənd sakinləri və siyasətçilər Moskva hökumətini tənqid ediblər, qarşılıqlı ittihamlar səsləndirilib. Belə məqamda erməni rəhbərliyinin Moskvaya getməsi, daha doğrusu, çağırılması ciddi proseslərin yaşandığından xəbər verir.

Paşinyanın Rusiyaya üçüncü səfərini "Şərq”ə dəyərləndirən siyasi elmlər namizədi Zaur Məmmədov hesab edir ki, Ermənistanın yeni baş naziri Kreml rəhbəri ilə görüşdən qaçır: 

"Nikol Paşinyan Moskvaya getməyi planlaşdırmırdı. Çünki onun Putinə deyəcəyi söz yoxdur. Lakin Rusiya dövlət başçısı ilə baş nazirin arasında olan telefon zəngindən sonra məlum oldu ki, Paşinyan yanlış düşünürmüş. Son zamanlar Rusiya KİV-lərində Paşinyanla bağlı komik, alçaldıcı məqalələr dərc edilməkdədir. Hətta "Lenta.ru” onu məşhur porno ulduz Kim Kardaşyanla müqayisə etmişdi. Bütün bunlar təbii ki, məqsədyönlü şəkildə baş verir. Hesab edirəm ki, bu dəfə Paşinyanla çox ciddi danışıq aparılacaq. Bilirsiniz ki, Ermənistanda parlament seçkiləri keçirilməlidir. Paşinyan açıq-aşkar seçkilərdə Qərbə simpatiya bəsləyən bloklardan uzaqlaşdı. Bu onun növbəti gedişidir. Xatırlayırsızsa, Paşinyan mitinqlərdə də Moskvanın qəzəbinə tuş gəlməmək üçün özünə xarici siyasətdə heç bir cinah seçmirdi”.

Z.Məmmədovun sözlərinə görə, Rusiya hərbi bazasını Ermənistandan heç kim yığışdıra bilməz:

 "Buna nə Moskva gedər, nə də İrəvan. Rusiyanın Ermənistandakı hərbi mövcudluğu Moskva üçün geosiyasi cəhətdən çox vacibdir. Bu həm də İrəvana təzyiq formasıdır. Paşinyan indiki halda başqa məqsədlərlə məşğuldur. Onun istəyi Ermənistanı Gürcüstana çevirə bilər və ölkənin Qərbə inteqrasiyasını surətləndirməkdir. Arxasında ümümdünya erməni diasporasının bəzi nümayəndələrinin də durduğu məlumdur. Hadisələrin gedişinin bizim üçün müsbət nəticələrinin biz yaxın vaxtlarda görəcəyik”

İsmayıl