Baş bankir 20 ildir işləyir

Elman Rüstəmov hakimiyyətin 2-3 peşəkar kadrlarından biri hesab olunur



Milli Məclisin dünən keçirilən plenar iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin sədrliyi və onun müavini Xaqani Abdullayevin Mərkəzi Banka üzvlüyü yenidən təsdiq edilib.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti, iqtisadçı Samir Əliyev hesab edir ki, Elman Rüstəmov ölkənin bank sisteminin sükanını növbəti dəfə əlində saxlamağa müvəffəq oldu: "Gözlənilməz hadisələr baş verməsə, o, daha 5 il ölkənin bank sektoruna rəhbərlik edəcək. Ölkənin baş bankiri artıq 20 ildir bu sistemə rəhbərlik edir. Bank sisteminin inkişafında onun rolu danılmazdır. Bank sektorunun uğuruna da, uğursuzluğuna da cavabdehlik daşıyır. Elman Rüstəmov hakimiyyətin 2-3 peşəkar kadrlarından biri hesab olunur. Hətta müxalifət də bunu etiraf edir”.

S.Əliyevin fikrincə, E.Rüstəmovun yenidən təyinatı gözlənilən idi: "Çünki indiki həssas məqamda onun postunu tərk etməsi riskli idi. Məşhur deyim var: Atları keçidlərdə dəyişmirlər. Mövcud bank sistemini o qurmuşdu və onu ancaq özü idarə edə bilərdi. İndiki dövrdə sistemin başına başqasının gətirilməsinin ağır fəsadları ola bilər. Elman Rüstəmovun vəzifədə qalması həm də hakimiyyətin bank sektorunda ciddi addımlar atmaq niyyətində olmadığını göstərdi. Mərkəzi Bankın rəhbəri daim banklara münasibətdə konservativ yanaşma tətbiq edib. Bankların xarici maliyyə bazarına çıxışı məhdud olub, xarici bankların ölkəyə daxil olması mümkünsüz edilib. O, rəhbərliyi dövründə əhalinin banklara və milli valyutaya inamının bərpa olunmasına nail olub. Ölkədə dollarlaşma səviyyəsi aşağı düşüb. İnflyasiya səviyyəsi, o cümlədən idxal inflyasiyası minimuma endirilib. Təəssüf ki, bank sektorunda kredit faizlərinin yüksək olması, kiçik və orta sahibkarlığın kreditə əlçatanlığının zəif olması, bankların məhdud xidmətlər göstərməsi, bank müştərilərinin hüquqlarının pozulması kimi problemlər həllini tapa bilməyib. Bu azmış kimi, neftin ucuzlaşması fonunda yaranmış vəziyyət, devalvasiya göstərdi ki, bank sektorunun dayanıqlığı zəifdir. Qısa müddətdə insanların banklara və manata olan etimadı itməyə başladı. Banklar isə müflisləşmə təhlükəsinə daha da yaxınlaşdı”.

İqtisadçı-ekspert köhnə və yeni sədrin fəaliyyətinə toxunub: "Sədrin fəaliyyətinin müsbət və mənfi tərəfləri barədə kifayət qədər danışmaq olar. Ancaq bir məsələni xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanın mövcud bank sistemi ölkə iqtisadiyyatına adekvatdır. Mövcud iqtisadi paradiqmada bundan yaxşı bank sistemi qurmaq çətin görünür. O da aydındır ki, bank sektorunu uzun müddət indiki səviyyədə saxlamaq mümkün olmayacaq. Zəruri addımlar atılmasa, böhranın olması qaçılmazdır. Növbəti 5 il Elman Rüstəmov üçün çox çətin keçəcək. Çünki qarşıda onu növbəti devalvasiya ehtimalı və onun törədəcəyi fəsadlar, neft gəlirlərinin azalması səbəbindən yavaşımış iqtisadiyyat, yüksək inflyasiya təzyiqi gözləyir”.

Vüqar Şahinoğlu