Baş bankir gərək məktub göndərsin

Bu halda banklar kreditlərin vaxtını uzadar, faiz dərəcələrini aşağı salar




Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov ölkədə fəaliyyət göstərən kommersiya banklarına valyuta ehtiyatlarını restrukturizasiya etməyi tövsiyə edib. AMB rəhbəri banklara kreditlərin vaxtının uzatmağı və faiz dərəcələrini aşağı salmağı məsləhət görüb.

E.Rüstəmovun kommersiya banklarına etdiyi tövsiyə xarakterli çağırışların reallaşma ehtimalına gəldikdə isə İqtisadi Sosial İnkişaf Mərkəzi (İSİM) rəhbəri, iqtisadçı Vüqar Bayramov isə hesab edir ki, baş bankir kreditlərin vaxtını uzatmağı və faiz dərəcələrinin aşağı salınması ilə bağlı yazılı şəkildə kommersiya banklarına göstəriş verərsə, bu məsələ ancaq o zaman öz həllini tapa

bilər: "Dollarla verilən kreditlərin faizlərinin aşağı salınması və vaxtının uzadılması ilə bağlı Mərkəzi Bank tərəfindən tövsiyə xarakterli məktubun göndərilməsinə ehtiyac var. Dollarla verilən kreditləri vətəndaşların ödəmə qabiliyyətinin pisləşməməsi üçün biz təklif edirik ki, MB bütün istiqamətlərdə fəaliyyətini genişləndirsin. Kredit faizlərinin aşağı salınması ilə bağlı baş bankirin kommersiya banklarına məsləhətlər verməsi vacib məsələdir. Amma əsas məsələ bu tövsiyələrin reallaşması istiqamətində atılan addımlardır. Bu tövsiyələrin reallaşması üçün də sadəcə Mərkəzi Bank sədrinin şifahi məsləhətləri ilə yanaşı, MB-nin İdarə Heyəti tərəfindən kommersiya banklarına yazılı tövsiyə məktubunun göndərilməsinə ehtiyac var. Bu, daha məqsədəuyğun olar və bu zaman həmin tövsiyələrin reallaşma imkanları daha yüksək olar”.

V.Bayramovun sözlərinə görə, manatın ucuzlaşmasından sonra kommersiya banklarının vətəndaşlara təklif etdikləri kredit faizlərində müəyyən azalmaların olması istənilən halda zəruridir. Ən azı bankların öz legitimliyini qorumaq və problemli kredit artımlarının qarşısını almaq üçün bu çox vacibdir.

Şəymən