Baş nazir deyə bilərdi ki, Azərbaycan da Gürcüstan kimi separatizmdən əziyyət çəkir

Amma Georgi Kvirikaşvili təcavüzkarla təcavüzə məruz qalan arasında bərabərlik işarəsi qoyur



Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Ermənistan və Azərbaycana sülh danışıqlarını Gürcüstanda aparmağı təklif edib. Hökumət başçısı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu tənzimlənəcəyinə ümid etdiyini bildirib:

"Dağlıq Qarabağ münaqişəsi kəskinləşən kimi, mən bir neçə bəyanat verdim və münaqişənin sülh yolu ilə nizamlanmasını dəstəklədim. Qafqazda sülhün olmasında maraqlıyıq. Bu münaqişə bütün regionun təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Ona görə də Dağlıq Qarabağda sülhün saxlanılmasının region üçün nə dərəcədə vacib olduğunu dərk edirik. Bunun üçün Gürcüstanı sülh danışıqlarının keçirilməsi yeri kimi təklif edə bilərik. Son vaxtlar Dağlıq Qarabağda gərginliyin aradan qalxması əlamətlərinin nəzərə çarpmasından şadıq. Ümid edirik ki, bu münaqişə sülh yolu ilə nizamlanacaq”.

Baş nazirin təklifini dəyərləndirən politoloq Qabil Hüseynli "Şərq”ə bildirib ki, işğaldan əziyyət çəkən və ərazi bütövlüyü pozulan bir ölkənin baş naziri Azərbaycanın haqq işinə qiymət verməkdən çəkinir. Üstəlik də, bir həyəcan yaratmağa çalışır ki, guya bölgədə Ermənistan və Azərbaycan arasında qarşıdurma yaranarsa, bu, Gürcüstana da mənfi təsir göstərəcək: "Belə qaneedici dəyərləndirmə deyil. Baş nazir deyə bilərdi ki, Azərbaycan da Gürcüstan kimi separatizmdən əziyyət çəkir. Amma G.Kvirikaşvili təcavüzkarla təcavüzə məruz qalan arasında bərabərlik işarəsi qoyur. Rusiya işğalına məruz qalmış bir ölkə baş nazirinin ortaya belə mövqe qoyması məni təəccübləndirir. Almaniya və Amerika bunlardan daha cəsarətli mövqe sərgiləyir. Biz Gürcüstan haqqında danışanda onların ərazi bütövlüyünü tanıdığımızı qeyd edirik. Separatizmə məruz qaldıqlarını bəyan edirik. Bu isə görüş yeri təklif edir. Əslində isə ondan daha ölçülü-biçili və obyektiv və Azərbaycanın maraqlarına uyğun münasibət sərgiləməsini istərdim. Təəssüflər olsun ki, G.Kvirikaşvili bunu etməyi bacarmadı”.

Ayyət Əhməd