Baş psixiatr rektor təyin olundu

Adil Qeybulla yeni təyinatı yüksək qiymətləndirdi
“Çalışdığı kollektivdə tibb işçiləri və Universitetin müəllim kollektivi arasında müsbət imic qazanıb”



Prezident İlham Əliyev Gəray Çingiz oğlu Gəraybəyli Azərbaycan Tibb Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. Ali təhsil ocağının mətbuat xidmətinin rəhbəri Günel Aslanovanın sözlərinə görə, Gəray Gəraybəylini səhiyyə naziri Oqtay Şirəliyev kollektivə təqdim edib.

Qeyd edək ki, Gəraybəyli Gəray Çingiz oğlu, 1967-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə orta məktəbi qızıl medal ilə bitirib və həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. 1992-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib.

1992-ci ildən 1993-cü ilədək Azərbaycan Dövlət Tibb Universitetinin psixiatriya kafedrasında baş laborant, 1993-cü ildən 1996-cı ilədək assistent, 1996-cı ildən 2007-ci ilə qədər dosent vəzifələrində işləyib. 2007-ci ilin dekabr ayından bu günə qədər Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri vəzifəsində işləyir.

1995-ci ildə namizədlik dissertasiyasını, 2007-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1997-ci ildə - dosent, 2012-ci ildə isə professor elmi adına layiq görülüb. 60 çox elmi əsərin, 1 tədris vəsaitin, 2 tədris-metodik tövsiyələrin, 3 metodik tövsiyələrin, 4 tətbiq edilmə aktların və 1 səmərələşdirmə təklifin müəllifidir. Dəfələrlə xarici ölkələrdə elmi konfranslarda və konqreslərdə iştirak edib. 2001-ci ildə ABŞ Dövlət Departamentinin "Fulbright” Proqramı çərçivəsində Cənubi Kaliforniya Universitetində elmi ezamiyyətdə olub. 2007-ci ildən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş psixiatrı və psixi sağlamlıq üzrə milli koordinatorudur.

Gəray Gəraybəyli həm də Azərbaycanın Xalq artisti Ağasadıq Gəraybəylinin nəvəsidir. Baş psixiatr müsahibələrinin birində mənsub olduğu nəslin nümayəndələrinin daha çox incəsənət sahəsində tanınmasına rəğmən tibb sahəsini seçməsinə bu cür aydınlıq gətirib: "Mən babamın məşhurluğunu sonradan, artıq o, dünyadan köçəndən sonra bildim. Mənim üçün babam sadəcə çox səmimi, məni çox istəyən, yaşlarımızda böyük fərqin olmasına baxmayaraq, yaxın dostum olub. Rəhmətlik babam çox istəyirdi ki, mən onun addımlarıyla gedim. Mənim də teatrla müəyyən qədər əlaqəm vardı. Səhər valideynlərim işə gedirdi və mən babamla qalırdım. Çox vaxt babam məni teatra məşqlərə aparırdı. Mən səhnə arxası həyatı, məşhur adamları görürdüm.

Babamın altı nəvəsi vardı. Mən həm oğul nəvəsi idim, həm də bir yerdə yaşayırdıq, çox yaxın idik. Mən hiss edirdim ki, babam onun yolunu davam etdirməyimi istəyirdi. Nənəm isə istəmirdi. Deyirdi ki, "Bir aktyorumuz var bəsdir, uşağı bədbəxt eləmə!”. Bilmirəm o, nəyə görə belə deyirdi.

Sonra, hardasa 8-9-cu sinifdə oxuyarkən tibb elminə marağım yaranmağa başladı. Rəhmətlik bibim qızı məndən 6 yaş böyük idi. O, Tibb Universitetinə daxil olarkən mən onun anatomiya, farmakologiya kitablarını vərəqləməyə başladım və məndə tibb elminə həvəs yarandı. Psixiatriyaya gəlməyimin əsas səbəbkarı isə rəhmətlik Ağabəy Sultanovdur. Ağabəy müəllimin mühazirəsi mənə o qədər təsir etdi ki, nevrologiya, ya da psixiatriyanı seçəcəyimi qərara aldım. Psixiatriyanın seçilməsində yəqin ki, babamın da rolu var. Çünki psixiatriya sırf bir tibbi fənn olsa da, psixiatrın işi yaradıcılıq da tələb edir. İstər mühazirənin oxunmasında, istərsə də xəstə ilə münasibətdə, bəzən sən hansısa bir rola girməlisən. Misal üçün, xəstə gəlib deyir ki, "Mən danışmayacağam”. Deyirsən ki, "Nəyə görə?”. Cavab verir ki, "Heç kim mənə inanmır. Məni izləyirlər. Mənim yeməyimə zəhər qatırlar”. Görürsən ki, xəstə çox qapalıdır. Ünsiyyət qurmaq olmur. Amma onunla münasibət qurmaq üçün bir neçə dəqiqəlik, 10-15 dəqiqəlik hansısa rola girmək lazım olur. Bunun üçün mən xəstəyə deyirəm ki, "Bəli, mən inanıram ki, səni izləyirlər. Səni artıq bir-iki aydır ki, izləyirlər”. Bundan sonra xəstə ünsiyyət qurmağa başlayır.

Heç vaxt yadımdan çıxmaz. Çox cavan həkim idim. Növbələrdə qalırdım. Növbələrin birində məni təcili çağırdılar ki, bir nəfər xəstə hər şeyi vurub dağıdır. Qışqırır ki, "Məni bu dəqiqə buraxın, gedirəm”. Xəstə şüşəni də qırıb əlində saxlayır ki, ya özünü kəssin, ya da ki, kiməsə hücum etsin. Mən də onu sakitləşdirmək üçün dedim ki, "Yaxşı, çıxmaq istəyirsən çıx. Amma heç olmasa icazə ver ki, sənin beynini rentgendən keçirək. Ondan sonra, lap indi get”. Xəstə də razılaşdı. Mən də tibb bacısına tapşırdım ki, aparatı, iynəni hazırlasın. Onun buraxılışını da yazsın. Bunu etməyimdə əsas məqsəd ona sakitləşdirici iynə vurmaq idi. Düzdür, kimsə deyə bilər ki, aldadırsız. Amma bunu xəstənin xeyrinə edirik. Xəstəyə sakitləşdirici iynə vurulur və xəstə yatır. Səhər xəstə oyananda artıq sakit olur və müalicəni davam etdirməyə icazə verir”.

İctimaiyyət arasında işinin peşəkarı olaraq tanınan baş psixiatr Azərbaycanda ən çox rast gəlinən psixi xəstəliklər və narahatlıqlarla bağlı belə deyib: "Bilirsiz, dünyada psixiatriya elmində müəyyən tendensiyalar var. Dünyada olan tendensiyalar, dəyişikliklər, yaranan xəstəliklər Azərbaycandan kənar keçmir. Bu gün ilk növbədə depressiyaların və çox vaxt depressiyalarla bağlı olan intiharların sayı artır. Bu, birinci tendensiyadır. İkinci tendensiya stresslə bağlı olan xəstəliklərin artmasıdır. İndiki müasir təsnifatda bu xəstəliklər ayrıca qrupda birləşib. Müasir dövrdə vaxtın məhdudiyyəti, daim tələskənlik, daim vaxt azlığı, səbirsizlik, yuxunun azalması, rejimin pozulması insanlarda psixi problemlərin yaranmasına səbəb olur. Vaxtilə insanlar saat 6-da evə gəlirdilər. İndi saat 6-da evə gələn adamlar azdır. Əksəriyyət saat 9-10-da evə yorğun vəziyyətdə qayıdır. Bu da öz növbəsində problemlər yaradır”.

Azərbaycan Tibb Universitetinə Gəray Gəraybəylinin rektor təyin edilməsini müsbət addım hesab edən tibb elmləri doktoru Adil Qeybulla ona gələcək fəaliyyətində uğurlar arzulayıb: "Gəray Gəraybəylinin həyatı ilə bağlı bildiyim yeganə məlumat onun Xalq artisti Ağasadıq Gəraybəylinin nəvəsi olmasıdır. Fəaliyyətinə gəlincə isə onu kifayət qədər intellektli ziyalı və gənc professor kimi tanıyıram. Nazirliyin baş psixiatrı və psixi sağlamlıq üzrə milli koordinatorudur. Eyni zamanda, Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiridir. İş prinsipi barəsində bu günə qədər mənfi söz eşitməmişəm. Gənc olduğu üçün enerji ilə çalışacağına və müəyyən təşəbbüslər irəli sürəcəyinə inanıram. Çalışdığı kollektivdə tibb işçiləri və Universitetin müəllim kollektivi arasında müsbət imic qazanıb. İctimaiyyət arasında çox tanınmasa da, Universitetdə çox böyük hörmət sahibidir. Əgər Tibb ictimaiyyəti və Universitetin kollektivi Gəray müəllimə dəstək olsa, müsbətə doğru xeyli dəyişikliklərə nail ola bilər. Faktiki olaraq, Tibb Universitetinin bu cür islahatlara çox böyük ehtiyacı var. Gəray Gəraybəyliyə uğurlar arzulayıram və onun gözləntilərimizi doğruldacağına ümid edirəm”.

Şəymən