Baş redaktor döyülən jurnalistin müdafiəsinə qalxdı: "...günahkarlar cəzalandırılmalıdır "

Bahəddin Həziyev:"Fiziki və mənəvi təhqirə məruz qalan jurnalistlər öz həmkarlarının dəstəyinə arxalanmalı, eyni zamanda Mətbuat Şurasına, məhkəməyə, hüquq-mühafizə orqanlarına üz tutmalıdır"




"Təəssüf ki, jurnalistika çox təhlükəli peşəyə çevrilib”.

Bu barədə "Sherg.az”a unikal.org saytının əməkdaşının döyülməsinə münasibət bildirərkən "Bizimyol" qəzetinin baş redaktoru Bahəddin Həziyev bildirib. 

O diqqətə çatdırıb ki, peşə fəaliyyətinə görə, jurnalistlər bu kimi təzyiqlərə çox zaman məruz qalır:

"Hər il dünyada nə qədər jurnalist öldürülür, xəsarət alır, qanunsuz olaraq həbs olunur. Təkcə "qaynar bölgələr"də deyil, öz daxili sabitliyi ilə fəxr edən ölkələrdə də bunlar olur. Biz də təəssüf ki, istisna deyilik.

Fiziki və mənəvi təhqirə məruz qalan jurnalistlər öz həmkarlarının dəstəyinə arxalanmalı, eyni zamanda Mətbuat Şurasına, məhkəməyə, hüquq-mühafizə orqanlarına üz tutmalıdır. Belə hallar mütləq araşdırılmalı və günahkarlar cəzalandırılmalıdır. Ancaq ölkəmizdə hələ də jurnalistlərə qarşı cinayətlərə görə, cəzalanma olmayıb”.

Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyevin işçiləri unikal.org-un əməkdaşı Famil Fərhadoğlunu (İbrahimov) döyüblər. Hadisə Yasamal qəbiristanlığında baş tutan səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimində baş verib. Mərhumla dəfn mərasimini lentə alan jurnalist üz və qol nahiyəsindən xəsarət alıb. Həmçinin mobil telefonu əlindən alınaraq, sındırılıb.

Aysel Aslan