Baş redaktor Əflatun Amaşova haqq qazandırdı

Bəhruz Quliyev: "Qəzet kağızları üzərindən ƏDV-nin götürülməsi mətbuatın inkişafı üçün yeni nəfəs ola bilər "


"Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun səsləndirdiyi fikir, qəzet baş redaktorlarının təklifidir”.

Bunu Sherg.az-a Ə.Amaşovun bu gün parlamentdə qəzet kağızına görə ƏDV-nin götürülməsi haqqında təklifinə münasibət bildirərkən "Səs” qezetinin baş redaktoru Bəhruz Quliyev deyib.

O bildirib ki, Azərbaycanda kağız məmulatlarının xaricdən gətirilməsi mediaya təsir edir:

"Qəzet kağızlarının qiymətlərində fərq var. Bunlar ABŞ dolları ilə gətirilir. Dollara nisbətdə Azərbaycan manatının zəifləməsi isə bu qiymətlərin baha olmasına təsir edib. Düşünürəm ki, qəzet kağızları üzərindən ƏDV-nin götürülməsi mətbuatın inkişafı üçün yeni nəfəs ola bilər. Çap mediasını təmsil edən baş redaktorlar ölkə prezidentinə müraciət edib. Bu müraciətin nəticəsini gözləyirik. Digər tərəfdən də həqiqətən bu gün Azərbaycanda çap mətbuatının müəyyən dəstəyə ehtiyacı var”.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov hökumətdən idxal olunan qəzet kağızı və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsini istəyib.

Ayyət Əhməd