Baş yarmağın, sinə döyməyin, qan çıxarmağın “Aşura"ya aidiyyəti yoxdur

Vasif Əfəndiyev: “Dini bilgisi zəif olan insanlardan yararlanmağa cəhd göstərirlər"



Müsəlmanların hicri təqviminə əsasən, sentyabrın 11-də Məhərrəm ayı başlayacaq. Məhərrəm ayının 10-cu günü, yəni sentyabrın 20-də isə Aşura mərasimi qeyd ediləcək. Hazırda bəzi ölkələrdə Aşura ilə bağlı müşahidə olunan radikal, insan psixologiyasına və səhhətinə mənfi təsir göstərən tədbirlərdən Azərbaycanda uzun müddətdir ki, imtina olunub.

Ölkəmizdə uzun illərdir Aşura mərasimləri zamanı ənənəvi qançıxarma ritualı qanvermə aksiyaları ilə əvəz olunub. Ötən gün Qafqaz Müsəlmanları İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərləri də mətbuat konfransı keçirərək müsəlmanlara xəbərdarlıq ediblər. Din xadimləri və ziyalılar müxtəlif bölgələrə səfər edərək insanları Aşura günündə tətbiq edilən başyarma və sinədöymə kimi islama zidd ənənələrdən çəkindirməyə, maarifləndirici söhbətlərlə daha faydalı əməllərə cəlb etməyə çağırırlar. Xüsusən, Aşura günü ayinlərə məktəb yaşlı uşaqların cəlb edilməməsi üçün valideynlərə tövsiyələr edirlər. Həmçinin, məsləhət görürlər ki, bu mərasimlərdə şəhidlərimiz yad edilsin, yetimlər və qocalar evləri ziyarət olunsun.

QMİ-nin və Dini Komitənin tövsiyələri ilə bağlı "Şərq"ə danışan Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib ki, hər Məhərrəmlik zamanında cəmiyyətdə bu qeyri-dini ayinin keçirilməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Ziyalılarımız Aşura günü bəzi dindarlar tərəfindən edilən hərəkətlərin islam dini ilə heç bir əlaqəsinin olmadığını qəti şəklidə bildirdiyi halda, xarici dairələrə bağlı qüvvələr ayinlərin daha qabarıq və radikal keçirilməsinə çalışırlar: 

"Savadsız və varlanmaq məqsədi güdən bəzi mollalar Məhərrəmliklə bağlı uydurulmuş rəvayətlər danışaraq, dini bilgisi zəif olan insanlardan yararlanmağa cəhd göstərirlər. Məqsəd pul qazanmaq olsa da, prosesin nəticəsi müasir dövlət quruluşumuza zərbə vurur və milli dövlətçiliyimizi təhlükə altına alır. Dini Komitə nümayəndələrinin dinin sağlamlaşdırılması istiqamətində izahat işləri aparması təqdirəlayiqdir. Lakin bu məsələdə ciddi inzibati tədbirlər görülməlidir. Əgər kimsə nümayişkaranə şəkildə azyaşlı uşaqların, hamilə qadınların və sair zümrələrin qarşısında şiddət, qorxu və nifrət təbliğatı aparmağa cəhd edərsə, dərhal məsuliyyətə cəlb edilməlidir. 21-ci əsrdə yaşayırıq. Türk tariximizdə millətimizə qarşı törədilən saysız-hesabsız qətliamlar olub. Sonuncu qətliam isə hər kəsin gözü qarşısında baş verən Xocalı soyqırımıdır. Amma nəyə görəsə, radikallar Xocalı soyqırımına barmaqarası baxırlar, əhəmiyyət vermirlər".

İsmayıl