
Başınızı qatırlar: Virtual dostlarınıza arxalanmayın
Sosial şəbəkələr vasitəsi ilə aparılan təbliğat çox qeyri-ciddidir

Oktyabrın 9-dan etibarən namizədliyi təsdiq edilmiş şəxslər parlament seçkisi ilə bağlı müxtəlif KİV-lərdə təbliğat-təşviqat prosesinə başlayıblar. Ancaq maraqlı məqam ondan ibarətdir ki, deputatlığa namizədlər media qurumlarından daha çox sosial şəbəkələrin imkanlarından istifadə edirlər.
Namizədlər "facebook” və digər sosial hesablarından öz şəkillərini və platformalarını paylaşaraq effektiv təbliğat apardıqlarını düşünürlər. Hətta bəzi deputatlığa namizədlər seçiciləri ilə ünsiyyət qurmaq üçün sosial şəbəkələrdə seçki səhifələri də açırlar. Deputatlıq iddiasında olanların ən çox maraq göstərdikləri layihələrdən biri isə sosial şəbəkələrdə aparılan "virtual səsvermə”dir. Belə ki, namizədlər "facebook” profillərində olan virtual dostlarına təklif göndərərək, onları internet üzərindən dəstəkləməyi xahiş edirlər. Ancaq sosial şəbəkə istifadəçiləri və ictimaiyyət nümayəndələri "virtual səsvermə”nin reallığı əks etdirmədiyini əsas gətirərək, sözügedən layihəni tənqid atəşinə tuturlar. Onların fikrincə, layihə namizədlərin özünü aldatmasından başqa bir işə yaramır. Məlumat üçün bildirək ki, virtual səsvermə "Xeberler.az” saytı tərəfindən təqdim edilir. Layihənin müəllifi isə "Multimedia” Mərkəzinin rəhbəri Osman Gündüzdür. Virtual səsvermə ilə bağlı fikirlərini bölüşən O.Gündüz bunun müstəqil onlayn sorğu sistemi olduğunu deyib. Onun sözlərinə görə, layihə developerlər tərəfindən özəl olaraq qurulub və testdən keçirilib. Həmin sistemə müdaxilə mümkünsüzdür: "Layihədə hansısa yekun nəticələr çıxartmaq, müqayisə-filan aparmaq nəzərdə tutulmur. Bu, sadəcə seçici fəallığının artırılmasına yönələn bir addımdır. Adından da göründüyü kimi virtual mühitdə aparılan bir səsvermədir. İstifadəçilərin internet vasitəsilə namizədlərə münasibət bildirməsidir ki, bu da hansısa bir hüquqi nəticə törətmir”.
Bəs "virtual səsvermə”nin real seçkiyə təsiri olacaqmı? Suala cavab verən ekspertlər məsələyə birmənalı yanaşmayıblar.
Məsələn, media üzrə hüquq eksperti Ələsgər Məmmədli "virtual səsvermə”ni müsbət təşəbbüs adlandırıb. Onun sözlərinə görə, seçki prosesinin sosial media üzərindən keçirilməsi həm də istifadəçilər üçün maarifləndirici xüsusiyyət daşıyır:
"Faktiki olaraq Azərbaycanda medianın, xüsusilə televiziyanın seçki prosesində maarifləndirici xüsusiyyəti artıq yox deyiləcək səviyyədədir. Günümüzdə vətəndaşlar televiziya və mediadan daha çox sosial mediada vaxt keçirirlər. Belə olduğu təqdirdə də sosial şəbəkələrdə namizədlər haqqında bu və ya digər mənfi müzakirələrin aparılması maarifləndirici prosesdir. Hesab edirəm ki, ölkədə seçki prosesində maarifləndirmə olmasa, seçicilərin iştirak şansı daha az olar”.
Ekspertin fikrincə, "virtual səsvermə” bir ictimai funksiyadır: "İnternetdəki səsvermənin real səsverməyə müsbət təsiri olacaq. Bu baxımdan namizədlərin sosial aləmdə tanınması vacibdir. Seçicilərə imkan verilməlidir ki, öz namizədlərini tanısınlar. Onların kimliyi, fəaliyyəti, gördüyü və görəcəyi işlər haqqında məlumat əldə etsinlər”.
AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı isə deyib ki, sosial şəbəkələr qeyri-ciddi təbliğat vasitəsidir və bunun real səsverməyə təsir gücü azdır: "Əksər namizədlər televiziya və media orqanlarında öz təbliğatlarını apara bilmirlər. Ona görə də pulsuz başa gələn asan yoldan, yəni "facebook”dan istifadə edirlər. Digər namizədlər isə özlərini zəif hesab etdikləri üçün təbliğat işinə ciddi girişmirlər. Fikrimcə, sosial şəbəkə vasitəsi ilə aparılan təbliğat çox qeyri-ciddidir. Çünki Azərbaycanın mütləq əksəriyyəti, xüsusən də region insanları sosial şəbəkələrdən istifadə etmirlər. Ancaq bütün işi-gücü axşama kimi "facebook” da yazışmaq olan namizədlərin "virtual dostları” çox olur və həmin "dostlar” sayəsində özlərinə səs yığaraq, reytinqlərinin yüksək olduğunü düşünürlər. Hesab edirəm ki, ciddi namizədlər təbliğat işinə ironik yanaşmamalı və tanınmış KİV-lərdə öz təbliğatını aparmalıdırlar. Virtual səsvermə ilə real səsvermə bir-birindən fərqli anlayışlardır. Sosial şəbəkədə heç bir səs toplamayan namizəd real seçkidə mütləq əksəriyyətin səsini qazana bilər”.
Sosial media üzrə ekspert Azər Həsrət də bildirib ki, virtual səsvermə təcrübəsi Azərbaycanda var, ancaq bu, konkret nəticəyə hesablanmır: "2010-cu il seçkilərində MSK belə bir səsvermə təşkil edib. Hər kəs öz evində oturub şəxsiyyət vəsiqəsi ilə öz dairəsi üzrə sistemə daxil olub namizədinə səs verirdi. O vaxtlar mən də deputatlığa namizəd idim və səsvermənin gedişində maraqlı idim. Bu baxımdan mənə elə gəlir ki, deputatlığa namizədlər "virtual səsverməyə” çox da mənfi yanaşmamalıdır. Əgər kimsə uduzursa, az səs toplayırsa, buna görə səsverməni təşkil edənləri qınamamalıdır. Çünki hər kəs öz çevrəsinə, imkanlarına görə virtual səs toplaya bilir. Namizədlər bu səsvermədən qorxub çəkinməməlidirlər. Təbii ki, səsvermədə geridə qalan namizəd də bunu özünə dərd etməməlidir. Çünki bu cür səsvermələr ümumi ictimai rəyi yoxlamaq üçün keçirilir. Yəni, konkret nəticəyə hesablanmır”.
İsmayıl