Bayraq yandırılması çox ucuz təxribatdır

Türkiyə ilə Yunanıstanı üz-üzə qoyacaq daha ciddi məsələlər var




Türkiyənin Xarici İşlər Nazirliyi Yunanıstanda türk bayrağının yandırılması ilə bağlı sərt mövqe nümayiş etdirib. Qardaş ölkənin rəsmiləri bu hərəkəti şiddətlə qınadıqlarını açıqlayıblar: "5 mart tarixində bir qrup irqçi partiya tərəfindən Yunanıstanın paytaxtı Afinada ölkəmiz əleyhinə keçirilən aksiya zamanı bayrağımızın yandırılmasını şiddətlə qınayırıq.

Bayrağımıza qarşı bu iyrənc hərəkəti həyata keçirən cinayətkarların tutulmalarını və ən qısa zamanda məhkəmə qarşısına çıxarılmalarını yunan orqanlarından gözləyirik”. Nazirlik Yunanıstan prezidenti Pavlopulosdan iki ölkə arasında əməkdaşlıq və tərəfdaşlıq naminə qarşı tərəfə hörmət edilməsini tələb edib: "Prezident Pavlopulosu beynəlxalq hüquqa və ölkəmizin sərhədlərinə hörmət etməyə, məqamına yaraşmayan, səbəbsiz yerə gərginliyə yol açacaq ritorikalardan imtina etməyə dəvət edirik”. Məlumdur ki, tarix boyu tərəflər arasında münasibətlər o qədər də xoş olmayıb. Əvvəlcə adalar məsələsi, daha sonra FETÖ-çü hərbiçilərin Yunanıstana qaçması və Türkiyəyə təhvil verilməməsi əlaqələrin daha da korlanmasına səbəb olub. Amma ara-sıra tərəflər biri-biri ilə dil tapmağa da səy göstəriblər. Bəzi analitiklərə görə, olduqca həssas məsələ sayılan bayraq yandırma olayı iki ölkəni yenidən ciddi şəkildə üz-üzə qoya bilər.

Mövzu ilə bağlı "Şərq”ə danışan "Sivilizasiyalar və Konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli deyib ki, Yunanıstan Türkiyəyə qarşı keçmiş kaloniyanın metropoliyaya qarşı kompleksini yaşayır

"Yunanıstan Amerika və İngiltərənin Cənubi Avropadakı forpostudur. Bu forpost ölkədən uzun illər Türkiyəyə qarşı istifadə edib, bu gün də edirlər. Bayraq yandırılması çox ucuz bir provakasiyadır. İnanmıram ki, bu cür təxribat iki ölkəni ciddi şəkildə üz-üzə qoysun. Türkiyə ilə Yunanıstanı üz-üzə qoyacaq daha ciddi məsələlər var. Üstəlik, balaca Yunanıstan böyük Türkiyəyə qarşı real həmlə edə bilməz. Yunanıstan sadəcə hərdənbir ürək bulandırmaqla məşğuldur. Hazırda Türkiyənin başı Yaxın Şərqə qarışıb. Ola bilsin, Yunanıstan bundan sui-istifadə etməyə cəhd edir. Ancaq bu həmlə cəhddən o yana keçən deyil. Çünki Yunanıstan Türkiyəyə rəqib sayıla bilməz. Bunu Afina hökuməti özü də yaxşı bilir”.

İsmayıl