Bazara ucuz siqaretlər buraxıldı

Bu, digər siqaretlərin qiymətlərinin aşağı salınmasına gətirib çıxaracaq



Azərbaycanda manatın ikinci dəfə (50 faiz) ucuzlaşması və bunun fonunda dolların bahalaşması ölkəmizin istehsal bazarına ciddi təsir göstərdi. Demək olar ki, əksər məhsulların qiymətində kəskin artım qeydə alındı. Məlum bahalaşma tütün məmulatlarından, konkret olaraq siqaretdən də yan keçmədi. Hətta vəziyyət o həddə çatdı ki, siqareti nəinki baha almaq heç tapmaq olmurdu.

Əlbəttə, bu hal uzun zaman davam edə bilməzdi və etmədi də. Artıq Azərbaycanın mağazalarında yeni siqaretlər peyda olub. "Cahan”, "Visore”, "Nova” və "Fine” markalı filtrli siqaretlər 1 manata satılır. Şirkətin rəsmi saytında bildirilir ki, həmin məhsulların istehsalı üçün istifadə olunan xammal və materiallar İngiltərə, Avstriya, Belçika, Malayziya, Hindistan, İndoneziya və digər ölkələrdən alınır.

Məsələni müsbət dəyərləndirən iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq”ə söyləyib ki, bir manatlıq siqaretlərin bazara daxil olması bazarda rəqabəti gücləndirəcək. Ekspertin sözlərinə görə, bəzi siqaretlərin qiymətində azalmalar qeydə alına bilər: "Bazarda ucuz qiymətli siqaretə tələbat çox böyükdür. Göstərilən qiymətə satılan siqaretlərin meydana çıxarılması alıcıların tələbinin ödənilməsi baxımından vacibdir. Sözsüz ki, bazarda daha ucuz siqaretin olması digər siqaretlərin qiymətlərinin müəyyən dərəcədə aşağı salınmasına gətirib çıxaracaq. Ümumiyyətlə, yerli xammala əsaslanan istehsalın təşkili qiymətlərin tənzimlənməsinə imkan yaradacaq”.

Ayyət Əhməd