BDU-nun güllələnmiş filosofu… - «Şərq»də 22 il əvvəl yazılmış məqalələr

Nakam bir ömrün tarixi kitab səhifələrinə köçürüldü. «Yarımçıq ömrün akkordları» - həyatı vaxtsız və faciəli şəkildə sonlandırılmış filosof Qənbər Əsgərovdan bəhs edir. Kitabın müəllifi isə mərhumun qardaşı mühəndis Ələkbər Əsgərlidir. 
Əsgərovlar ailəsinin bütün üzvləri savadlı, istedadlıdır, ona görə kitaba mühəndisin müəlliflik etməsi oxucunu təəccübləndirməsin. Müəllifin mərhumun qardaşı olması həm də o mənada təqdirəlayiqdir ki, doğmalar biri-birini yaxşı tanıyır, biri-birinə bələd olur və həyat səhifələrini daha yaxşı vərəqləyə bilirlər. Hadisələrə şahidlik etdikləri üçün.
Ələkbər Əsgərlinin kitabının məhz «Şərq»ə yetişməsininsə özəl tarixçəsi var.
Filosof Qənbər Əsgərov haqqında ilk dəfə mətbuatda «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı yazıb. Sovet illərində Azərbaycan Dövlət Universiteti (hazırkı Bakı Dövlət Universiteti) «dissident» filosofu kimi tanınan Qənbər Əsgərovun faciəli taleyi bir tarixçi-araşdırmaçı və ən əsası – əsl vətəndaş kimi A.Aşırlını maraqlandırıb. Beləliklə, «Şərq»in Qənbər Əsgərovla tanışlığı başlayıb.
 Bu sətirlərin müəllifi olan mən – Məlahət Rzayeva «Şərq»də çalışmağa başladığım ilk zamanlarda Akif Aşırlıdan Qənbər Əsgərovun həyatını daha geniş araşdırıb məqalə hazırlamaq tapşırığı aldım. Və Qənbər Əsgərovun acı taleyi təkrar qəzet səhifəsində işıqlandırıldı. 
Onun haqqında bizə qardaşı Novruz danışırdı, məktubları təqdim edirdi. İndi öyrəndik ki, Novruz müəllim 2017-ci ilin yanvarında vəfat edib. Allah rəhmət eləsin. Qənbər Əsgərovdan sonra dünyasını dəyişmiş doğmalarının – atası, anası, qardaş və bacılarının ruhlarının qovuşduğuna inanıram.
«Yarımçıq ömrün akkordları» kitabına «Şərq» qəzetinin ötən əsrdə - 1997-ci il iyul saylarında Qənbər Əsgərovla bağlı dərc olunmuş silsilə məqalələr də salınıb. Ələkbər müəllim qardaşının xatirəsinə ithaf etdiyi kitabını «Şərq»ə hörmət əlaməti olaraq redaksiyamıza özü gətirdi. Ələkbər müəllimə təşəkkür edirik, qələmimizə verdiyi dəyərə görə.
Nakam filosof Qənbər Əsgərovu yenidən xatırlamığımız bununla bağlıdır. Allah ruhunu şad etsin, məkanı cənnət olar inşəllah. Zatən haqsız yerə öldürülənlər şəhid statusundadır. Şəhidlərsə diridir və Cənnətlə müjdələnənlərdir.
Keçək kitabdakılara…
(Davamı sabah olacaq)