"Belarus Prezidenti dünyanın istənilən yerində Azərbaycanı dəstəkləyir" - Şərh





"Azərbaycan-Belarus münasibətləri hazırda ən yüksək səviyyədədir”.

Bunu "Sherg.az”a açıqlamasında siyasi ekspert Anar İmanov deyib.

Analitik bildirib ki, Azərbaycan və Belarus arasında çox səmimi və faydalı münasibətlər qurulub: "İstərdim ki, bütün ölkələrin bizə münasibəti Belarus qədər olardı. Bu münasibətlər həm bizim, həm də Belarus xalqı üşün çox faydalıdır. Baxmayaraq ki, Belarus KTMT-də təmsil olunur, amma bu ölkə heç vaxt işğalçı Ermənistanı dəstəkləməyib. Bu məsələdə Belarus digər dövlətlər üçün yaxşı nümunədir. Belarus ağı qaradan çoxdan ayırıb və Ermənistana layiqli yerini göstərib”.

Politoloq xatırladıb ki, bir müddət əvvəl Ermənistanın KTMT-ya növbəti dəfə öz namizədini irəli sürməsi iddiasına məhz Belarusla Qazaxıstan sərt şəkildə əngəl olublar: 

"Bundan sonra başqa dövlətlər tərəfindən idarə olunan Ermənistanın "rəhbəri" Nikol Paşinyan sonunun yaxınlaşdığını anladı. Paşinyan yaxşı bilir ki, Dağlıq Qarabağ məsələsində işğalçı dövlətin tutduğu mövqeyi zəifləyib və artıq geri çəkilmək vaxtı çatıb. Son illərdə Azərbaycan və Belarusun dövlət başçılarının mütəmadi səfərləri iki ölkə arasında münasibətlərin ən üst səviyyədə olduğunu göstərir. Belarus Azərbaycan üçün yaxın dost, strateji tərəfdaşdır. 

Belarus prezidenti Aleksandr Lukaşenko dünyanın istənilən yerində Azərbaycanı dəstəkləyir. Bu, çox təqdirəlayiq haldır. İqtisadi, ticarət əlaqələrimiz genişlənir ki, bu da hər iki ölkəyə yalnız fayda vəd edir. Ən əsası isə ölkələrimiz hərbi cəhətdən eyni mövqedən çıxış edirlər, əməkdaşlığı gücləndirirlər. Münasibətlərin daha da inkişaf edəcəyi şübhəsizdir”.

İsmayıl