Ermənistanın qatıldığı hərbi təlimdə Azərbaycan iştirak etməyəcək
MDB ölkələrinin silahlı qüvvələrinin 7-25 sentyabr 2015-ci il tarixində keçiriləcək "Döyüş Birliyi-2015” adlı hərbi təlimində iştirak edəcək ölkələrin siyahısında Azərbaycanın adı yoxdur. Kosmik-hava müdafiəsi qoşunlarının komandanı Aleksey Qolovkonun açıqlamasına görə, cənub sərhədlərindəki ordusunun gücləndirilməsində maraqlı olan Rusiya bu hərbi təlimlərdə iştirak edəcək.
Qeyd edək ki, təlimdə əsas hədəf terrorçuluqla mübarizədir. Mövzu MDB üzvü olan ölkələrin hərbi münaqişələr və antiterror tədbirləri zamanı aviasiya və ordunun hazırlanması və tətbiqidir. A.Qolovkonun sözlərinə görə, "Döyüş Birliyi-2015” adlı hərbi təlimdə Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Ermənistan təlimlərdə iştirak barədə razılıq veriblər. MDB ölkələri Müdafiə Nazirləri Şurasının katibi Aleksandr Sinayski isə bəyan edib ki, MDB-nin birləşmiş hava hücumundan müdafiə sistemi "istənilən istiqamətdən gələn təhlükəni dəf etməyə hazırdır”. Hərbi təlimlər Həştərxanda, "Aşuluk” poliqonunda keçiriləcək.
Onu da deyək ki, "Döyüş Birliyi-2015” adlı hərbi təlim barədə müzakirələr aprel ayında Moskvada MDB müdafiə nazirlərinin görüşündə aparılıb. Azərbaycanın müdafiə naziri Zakir Həsənov həmin iclasda iştirak edib.
"Döyüş Birliyi-2015” adlı hərbi təlimində iştirak edəcək ölkələrin siyahısında Azərbaycanın adının konkret hansı səbəbdən yer almaması bəlli olmasa da, Müdafiə Nazirliyinin Ermənistanla eyni təlimdə iştirakdan imtina etməsi iddia olunur.
Hərbi ekspert Azad İsazadə də hesab edir ki, Ermənistanın da yer aldığı hərbi təlimdən Azərbaycan Silahlı Qüvvələrinin imtinası daha məqsədəuyğundur: "Qonşu ölkələrin müdafiə nazirlərinin iştirakı ilə baş tutan tədbirlərdə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun iştirakı təbii haldır. Həmin ölkələrin iştirakı ilə keçirilən hərbi təlimlərdə isə Silahlı Qüvvələrimizin iştirak etməsi əvvəlcədən planlaşdırılmalıdır. MDB ölkələrinin iştirakı ilə 7-25 sentyabr 2015-ci il tarixində keçiriləcək "Döyüş Birliyi-2015” adlı hərbi təlimində Azərbaycan hərbiçilərinin iştirakının nəzərdə tutulmaması bizim üçün heç də böyük problem deyil. Bu günə qədər ordumuz dəfələrlə Türkiyə və Gürcüstan Silahlı Qüvvələri ilə birlikdə hərbi təlimlərdə iştirak edib və bu sahədə kifayət qədər təcrübə toplayıb. "Döyüş Birliyi-2015” adlı hərbi təlimdə iştirak etməməklə nə isə itirmiş olmuruq”.
Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin birlikdə hərbi təlimlərdə iştirakının hansısa şərtlər altında mümkün olub-olmayacağına gəldikdə isə hərbi ekspert deyib ki, bu, istənilən halda təhlükəli tendensiyalara yol aça bilər: "Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalında olduğu üçün tərəflər 20 ildən artıqdır ki, müharibə şəraitindədir. Rəsmi olaraq, Azərbaycanla Ermənistanın heç bir əlaqəsi yoxdur. Tərəflər arasında yalnız ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə diplomatik əlaqələr mövcuddur. Doğrudur, müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycan zabitləri ilə erməni hərbiçiləri birgə iştirak edirlər. Amma birbaşa hərbi texnikanın, silah-sursatın istifadəsi ilə keçirilən təlimlərdə Azərbaycan ordusu ilə Ermənistan Silahlı Qüvvələrinin birgə iştirakı tərəflərin toqquşması ilə nəticələnə bilər. Bu nöqteyi-nəzərdən, Ermənistanın iştirak etdiyi hərbi təlimə Azərbaycan ordusunun qatılmaması daha doğru qərardır”.
Şəymən