Belə faciə hamının başına gələ bilər, səmimi olun cənablar!

“İtkin düşən neftçilərə aid kədərli statuslar yazıb altındakı şərhlərdə laqqırtı döymək nə deməkdir?”Seyran Səxavət: “İnsanların faciəyə yanaşma tərzi məni Xəzərdəki hadisədən daha çox sarsıdır” 
 Elnur Rüstəmov: "100 nəfər gedib dənizdə həlak olan neftçilərin ailəsinə baş çəkdimi? Əlbəttə ki, yox. Bu isə onu göstərir ki, bizim insanlarda səmimiyyət yoxdur” 
Xəzər dənizində baş verən güclü qasırğa neft buruğunda işləyən 10 nəfər soydaşımızın həyatına son qoyub. Bu hadisə cəmiyyətdə çox böyük sarsıntı yaratdı, televiziyalar proqram siyasətində dəyişiklik edib, əyləncəli verilişləri efir şəbəkəsindən çıxardılar. Sosial şəbəkələrdə isə əməlli-başlı matəm ab-havası yaşandı. Ötən il "Günəşli” yatağında baş verən yanğını yada salan istifadəçilər səbəbkarların cəzalandırılması, neftçilərin təhlükəsizliyinin təmin olunması kimi aqressiv reaksiyalarla yanaşı, kədərli statuslar da paylaşaraq Xəzərdə itkin düşən neftçilərin ailələrinin dərdinə şərik olduqlarını deyib, "Xəzər neftçini yenə uddu” , "Ayrı vaxtı Xəzərdən neft qoxusu gələrdi, indi isə qan”, "Hər dekabr qanımız neftdən də qara olur” kimi emosional paylaşımlar ediblər. 
Ən diqqət çəkən paylaşım isə jurnalist Sevinc Fədainin yazdıqlarıdır. Faciəyə ironik yanaşan, neftçilərin başına gələn bu cür böyük hadisəyə sadəcə bir "tema” kimi yanaşan insanları hədəf alan həmkarımız sosial şəbəkə istifadəçilərinə başqalarının kədərinə qarşı ehtiyatlı yanaşmağı tövsiyə edib:
"Dostlar, heç vaxt heç kimin statusuna, şərhinə qarışmamışam. Bu haqqı özümdə görmürəm. Amma ölən, itkin düşən neftçilərə aid kədərli statuslar yazıb altındakı şərhlərdə laqqırtı döymək, gülücüklər atmaq nədir? Heç kim sizi buna məcbur eləmir, heç kim sizə demir acınızdan ölün. Sadəcə bir az sayğı, ölümüzə də, dirimizə də bir az sayğı. Bir az sükut, bir az sakitlik, bir az kirimək... çoxmu çətindir?!”. Təəssüflər olsun ki, ölkəmizdə faciəyə laqeyd insanlarımız çoxdur. "Məndən ötdü qardaşıma dəydi” prinsipi ilə yaşayan insanlar var ki, onlar üçün milli-mənəvi dəyərlər bir o qədər də ciddi əhəmiyyət kəsb etmir. Ölkədə baş verən bədbəxt hadisələrə "Bir film idi baxdıq getdik”, "bir külək idi əsdi keçdi” prizmasından baxırlar. Amma heç kəs " Kim başqasının faciəsini görməzsə, bir gün bəla onun da qapısını döyəcəkdir” məsəlini unutmamalıdır. Başqasının faciəsini duymaq üçün bir saniyə lazımdır. Gözünü qapa, özünü o insanın yerinə qoy və yenidən aç! 
Yazıçı Seyran Səxavət isə "Şərq”ə açıqlamasında deyib ki, başqalarının acısını duymaq, kədərini bölüşmək, dərdinə şərik olmaq üçün adam balası olmaq lazımdır: 
"Kim ki, bu boyda faciəni laqqırtıya çevirir, əvvəl özünü üzülmüş kimi göstərib, sonra da öz kefində-damağında olur, bax, o insanlar milli ruh və mənəviyyat yoxsullarıdır: "Xəzərdə baş verən faciə barəsində televizordan eşitdim və çox pis oldum. Bir il bundan qabaq da Xəzərdə bu cür dəhşətli hadisə olmuşdu və xeyli də itkilər vermişdik. Mən belə hadisələrə biganə qala bilmirəm. Elə hesab edirəm ki, hər bir azərbaycanlı bu ağrı-acını Xəzərdə itkin düşən neftçilərlə birlikdə yaşamalıdır. Bu isə milli şüur, mənəviyyat və təhsillə bağlı olan bir məsələdir. Əgər bir cəmiyyət olaraq normal təhsilimiz, milli şüurumuz sıfırdan yuxarı olsaydı, dünən baş verən faciə paylaşımlarının altında laqqırtı vurmaz, bu ağrını onların yaxınları, doğmaları ilə bölüşərdik. Bizim insanlarda özünü başqasının yerinə qoymaq mədəniyyəti formalaşmayıb, hamı közü öz qabağına çəkir. Belə adamlar imkan vermirlər ki, ölənin dərdini çəkək. İnsanların faciəyə yanaşma tərzi məni Xəzərdəki hadisədən daha çox sarsıdır. Əslində ən böyük faciə budur. Dünyada mənəvi yoxsulluqdan sarsıdıcı bir zərbə yoxdur. Biz artıq bu zərbəni almışıq. Xəzərdə itkin düşən neftçilərin ailələrinin dərdinə şərik olmaq, ürəkdən bu faciənin ağrısını yaşamaq üçün mütləq onlardan birinin qohumu və ya neftçi ailəsi olmaq şərt deyil ki? Həm də ki, heç kəs bədbəxt hadisədən sığortalanmayıb. Bir saniyədən sonra başına nələr gələcəyini heç kəs bilmir, Allahdan başqa. Faciələri, təxribatları, itkiləri cəmiyyətlə birlikdə yaşamaq üçün adam balası olmaq lazımdır. Sizi əmin edirəm ki, adam balalarının hamısı bu faciəni öz dərdi kimi qəbul edib. Dənizdə həlak olan neftçilərimizdən birinin 8 uşağı var. Axı o 8 uşaq necə böyüyəcək, necə oxuyacaq? Dünəndən bu yana beynimdə ancaq bu suallar dolaşır. Düzdü, el arasında deyirlər ki: "Hər şey öz yerini alacaq, heyif, çox heyif ölənin ömrünə-gününə”, amma elə deyil qızım, vallah elə deyil! Ailə başçısının ölməsi həmin ailənin belinin qırılması kimi bir şeydir. Mənim üçün dünən sadəcə 10 neftçi itkin düşməyib, 10 ailə də belindən vurulub. Beli zədəli adamlar ağır yük qaldıra bilmədiyi kimi, beli zədəli ailələr də ağır yükün altına girə bilməzlər. Üzüntüm o qədər ağırdır ki, nə deyəcəyimi bilmirəm. Yəqin ki, heç siz də bilmirsiz. Nə edək? Əlimizdən göynəməkdən, ağrımaqdan başqa nə gəlir ki? Heç nə. Bunlar da hamısı boş şeylərdir. Göynəmək bu günə qədər hansı yaramıza məlhəm olub ki, neftçilərimizi də qaytarsın! Faciədə əzizlərini itirən ailələr və bütün Azərbaycan xalqına başsağlığı verirəm. Ümid edirəm ki, aidiyyəti qurumlar bu məsələni araşdıracaq və qəzanın səbəbkarları layiqli cəzalarını alacaqlar. Xəzərin suyu duzludur, nəinki dəmir, insan belə bu suda çürüyür. Amma bunlar 40 il əvvəl qurulan estakadalara insan həyatı etibar edirlər. Allah özü köməyimiz olsun!”. 
Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun sözlərinə görə, insanların biri-birinin kədərinə, dərdinə şərik olması yaxşı haldır, amma bunun da bir həddi olmalıdır. Sosial şəbəkə istifdəçiləri isə son zamanlar hər şeyin şitini-şorunu çıxarıblar:
"Bir də görürsən ki, ölkədə baş verən hansısa bir faciə ilə bağlı kədərli status paylaşan şəxs 10 dəqiqədən sonra əyləncə xarakterli bir paylaşım edir. Hiss olunur ki, əvvəlki statusu can dərdi edib, sanki kimsə buna öz kədərini ifadə eləmək məcburiyyəti qoyub. Təsəvvür edin ki, qəza baş verən andan etibarən 100 minə yaxın sosial şəbəkə istifadəçisi kədərli statuslar paylaşıb, öz profillərinineftçilərin fotosu ilə əvəzlədilər. 100 nəfər gedib dənizdə həlak olan neftçilərin ailəsinə baş çəkdimi? Əlbəttə ki, yox. Bu isə onu göstərir ki, bizim insanlarda səmimiyyət yoxdur. Hər kəs öz maraqları üçün başqalarının faciələrindən istifadə edib, diqqəti öz üzərlərinə çəkmək istəyirlər”. E.Rüstəmovun sözlərinə görə, sosial şəbəkələrdə məhdudiyyət yoxdur deyə, kim nə istəyir, onu da yazır. Amma istifadəçilərin özlərində sosial məsuliyyət hissi olmalıdır. 
Şəymən