"Bəlkə, bu əməkhaqqı müəllimlər üçün çoxdur ? !" - Müsahibə

"Elə orta məktəblər var ki, heç bir məzunu ali məktəbə daxil olmayıb. Lakin orada çalışan müəllim 400 manatdan yuxarı əmək haqqı alır. Bəlkə də, bu əmək haqqı onun tədris keyfiyyətinə görə çoxdur"
"Azərbaycanın 75 faiz yaşayış məntəqəsində məktəbəqədər təhsil müəssisələri yoxdur"


"Ali təhsilli olub, işsiz qalmaqdansa, peşə seçib, ona yiyələnmək daha yaxşıdır"


Tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev"Sherg.az”a danışıb.

Ekspertlə Azərbaycan təhsilinin bu günkü problemləri, son günlər müzakirə edilən ali məktəblərə qəbul dəyişiklikləri, test sisteminin ləğvinin nəticələri, peşə-ixtisas müəssisələrinə marağın güclənməsi, müəllimlərin əməkhaqqının artırılması və s. məsələlər ətrafında söhbət apardıq.

Müsahibəni təqdim edirik:

- Növbəti illərdən qəbul imtahanlarında test sistemi ləğv olunacaq. Hansı qəbul qaydaları tətbiq oluna bilər ?

- Ali məktəblərə qəbul imtahanlarının forması dəyişiləcək. Bu, bildiyimiz kimi kurikulum sistemində təhsil alan şagirdlərin imtahan verməsi ilə əlaqədardır. Kurikulum yeni standartlardır, yeni bacarıqlar ortaya qoyulur. Buna görə, ilk dəyişiklik 9 illik təhsil bazasından buraxılış imtahanlarına tətbiq edildi. 2019-cu ildə 11-ci sinif buraxılış və ali məktəblərə qəbul imtahanlarında da dəyişikliklərin olması nəzərdə tutulur.

9-cu sinif buraxılış imtahanlarında açıq tipli test tapşırıqlarının sayı artırıldı. Bir mərhələ ənənəvi keçirilən imtahanlar kimi oldu. Lakin digər mərhələdə həm Azərbaycan dilindən, həm də Riyaziyyatdan kurikulumun tələblərinə uyğun imtahan götürüldü. Riyaziyyatdan açıq tipli testlərin sayı artırıldı, ana dilində isə mətn üzərində işləmə çalışmaları əlavə edildi. Bütün bunları nəzərə alıb, əminliklə deyə bilərik ki, testin ləğvindən söhbət gedə bilməz.

Ola bilər, iki imtahan - buraxılış və qəbul imtahanları birləşdirilsin, yaxud açıq testlərin miqdarı yarıbayarı müəyyən olunsun. Bütün bu dəyişikliklər edilsə də, ənənəvi sovet sisteminə qayıdış olmayacaq. Test yenə də qalır, ancaq şagirdlərin bacarıqlarının ölçülməsi üçün yeni formalar tətbiq edilir. Bu da təbiidir.

- Yeni dəyişikliklər təhsilimizə nə vəd edir?

- Əsas məsələ şagirdlərin fənni mənimsəmə dərəcəsini ölçməkdir. Kurikuluma uyğun olaraq, şagirdlərin hər hansı fənnin mənimsənilməsində əldə etdikləri bacarıqlar nələrdir? Bunu düzgün yoxlamaq lazımdır. Amma 90-cı illərdə olduğu kimi qapalı testlərlə imtahanların keçirilməsi indiki şəraitdə mümkün deyil. Ona görə də müəyyən dəyişikliklər aparıldı.

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə dəfələrlə proqramdan kənara çıxılmadığını bəyan edib. Bu, mümkün də deyil, narazılıqlara səbəb ola bilər. Lakin kurikulumun daha da inkişaf etdirilməsi ilə yaddaşdan şəxsiyyət yönümlü təhsilə keçid yaranıb. Nəticədə yeni bacarıqların ölçülməsi ortaya qoyulur. Şagird məsələni həll etməmiş qiymətləndirilə bilməz. Bəzi testlərdə "hə”, "yox” kimi variantlar olurdu, bunlar yığışdırılır. Eyni zamanda mətni təhlil etmək bacarıqlarının hansı formada aşılanması ölçüləcək. Bütün bunlar şagirdlər üçün buraxılış imtahanlarında qoyulan zəruri tələblərdəndir.

-Şifahi ünsiyyət formasında imtahan götürməsi modeli tətbiq edilsə, rüşvət baş qaldıra bilərmi?

Bəzi ixtisaslar var ki, qabiliyyət imtahanları şifahi şəkildə keçirilir. Lakin yeni modellərdə şifahi, ünsiyyət vasitəsilə qiymətləndirməyə rast gəlməmişəm. Ola bilər, şagirdlərə esse yazdırılması tətbiq edilsin. Bu, dünya praktikasında tətbiq edilən ən yaxşı üsullardan biridir. Lakin hələlik müəllim tələbə ünsiyyəti ilə imtahan götürülməsindən söhbət gedə bilməz. Sadəcə imtahanın formasını kurikulum sisteminə uyğunlaşdırmağa çalışırlar.

Deyərdim ki, ilk olaraq 9-cu sinif buraxılış imtahanlarında tətbiq edilən üsullar peşəkarcasına həyata keçirildi. Kurikulumların dəqiq təhlilindən sonra yeni imtahan forması özünü doğrultdu.

- Cəmiyyətdə "Ali məktəblərə qəbul ballarının çox aşağı olması savadsız kütlə yetişdirir” kimi rəy formalaşıb. Bunun əsası varmı?

Bir neçə ixtisasa, universitetlərin boş qalan yerlərinə qəbul balı 150 bal müəyyən edildi. Xüsusilə, regionlardakı ali məktəblərə qəbul balları aşağı endirildi. Əslində bu, düzgün addım idi. Çünki regionlardakı ali məktəblərə demək olar, axın yox idi. Plan yerləri boş qalır, məzunlar xarici ölkələrə üz tuturdular. Ona görə, keçid balları 150-200 müəyyənləşdi.

- Qəbul ballarının aşağı salınması şərtlərin yüngülləşdirilməsi məzunların xaricə axınının qarşısını ala bilərmi?

150 balla necə mütəxəssis yetişə bilər? Hətta mən 200 balın keçid kimi müəyyənləşdirilməsini də aşağı hesab edirəm. Öz ana dilində oxuduğu elmlərdən 150 bal toplaya bilməyən yüzlərlə abituriyent Ukraynanın, Türkiyənin, postsovet məkanına daxil olan digər ölkələrin ali təhsil müəssisələrində rusca, türkcə təhsil almağa gedir. Bu, absurddur, kütləvi ali təhsilliliyə meylliliklə əlaqədardır. 150, ondan aşağı bal toplayanlar peşə məktəblərinə, kolleclərə üz tutmalıdır.

Gələcəkdə xarici ölkələrə oxumağa gedən, birtəhər o məktəbləri bitirib ölkəyə gələn şəxslərin diplomlarının tanınmasında problemlər yaranacaq. Onlar ilkin addımda bunu nəzərə almırlar. Əslində isə belə ciddi məsələni vətəndaşlar ölçüb, biçməlidirlər.

Peşə agentliyinin yaradılmasından sonra peşə məktəblərində ciddi dönüş yaradılıb. Gələcəkdə də peşə təhsilinin nüfuzu get-gedə artacaq. Ali təhsilli olub, işsiz qalmaqdansa, peşə seçib, ona yiyələnmək daha yaxşıdır.

- Gələcəkdə gənclərin peşə təhsilinə meyllənməsi prosesi sürətlənə bilərmi?

- Dinamika var. Əvvəlki illərə nisbətən xeyli gənc peşə məktəblərinə üz tutur. Belə də olmalıdır. Baxın, xidmət sahəsində çalışanların 90 faizinin peşə təhsili haqqında sənədi yoxdur. Necə ki, sürücülük vəsiqəsini alıb, maşın sürə bilmirlər, eləcə də peşə təhsili almamış aşpaz, bərbər və s. olurlar. Ona görə, həmin məktəblərə ciddi diqqət artırılıb.

- Universitetlərin daxilində yaradılacaq hazırlıq kurslarının mahiyyəti nədən ibarətdir və bunun Azərbaycan təhsil həyatına faydası olacaqmı ?

- Qanunda dəyişikliklər olundu, hazırlıq kurslarının yaradılması dayandırıldı. Bunun mahiyyəti ondan ibarət idi ki, universitetə qəbul olmayan abituriyentlər hazırlıq fakültələrinə daxil olsun. Onu bitirəndən sonra isə yekun imtahanların hansı qurum tərəfindən həyata keçirilməsi məsələsi açıq qaldığından bu, növbəti tədris illərində müzakirəyə buraxıldı. Gələn tədris illəri üçün yenidən müzakirə edilib, qərar qəbul oluna bilər. Lakin hesab edirəm, hazırlıq kurslarını bitirənlər DİM-də imtahandan keçməlidirlər. Yəni ali məktəblər bir il içərisində abituriyentləri necə hazırlayıblar, bunu DİM yoxlamalıdır. Həmin kurs tələbələrinin universitet tərəfindən imtahan edilməsi ilə neqativ hallar yarana bilər.

- Ümumiyyətlə, Azərbaycan təhsilinin ən başlıca problemlərini nədə görürsünüz, daha çox hansı boşluqların doldurulmasına diqqət artırılmalıdır?

- Azərbaycan təhsilinin başlıca problemi məktəbəqədər təhsildədir. Məktəbəqədər təhsil müəssisələrinin tabeçiliyi məsələsi dəyişdirilməlidir. Bu müəssisələr Təhsil Nazirliyinin tabeçiliyinə keçməlidir. Uşaq bağçalarında çalışan müəllimlərin 80 faizdən çoxu kollec məzunlarıdır. Üstəlik, burada psixoloqlar fəaliyyət göstərmir. Azərbaycanın 75 faiz yaşayış məntəqəsində məktəbəqədər təhsil müəssisələri yoxdur. Uşaq bağçalarının əhatə dairəsi 22 faizdir, inkişaf etmiş ölkələrdə isə bu 90 faiz təşkil edir. Ona görə, təhsilin ilk pilləsi olan məktəbəqədər təhsildə dönüş yaradılmalıdır.

Düzdür, təhsil naziri Mikayıl Cabbarovun təyinatından sonra orta təhsildə ciddi islahatlar həyata keçirildi. Şagirdlərin elektron formada qəbulu, müəllimlərin imtahan edilməsi, direktorların imtahanla qəbul edilməsi, dərsliklərlə bağlı yeni qurumlar və s. Lakin əsas problem qalmaqdadır.

- Bu gün orta məktəb müəllimlərinin maaşı qənaətbəxşdirmi?

Müəllimlərin əməkhaqqının aşağı, ya yuxarı olması təhsilin keyfiyyəti ilə bağlıdır. Məsələn, finlandiyalı müəllimin əmək haqqı 5-7 min avro arasıdır. Lakin fin təhsilinin səviyyəsinə də baxaq. Belə müqayisə apardıqda maraqlı sual ortaya çıxır. Bəlkə müəyyən olunmuş əməkhaqqı müəllimlər üçün çoxdur? Bu sualı hələ heç kim qoymayıb.

Müəllim 400 manatdan yuxarı əmək haqqı alır, lakin onun tədris etdiyi 45 dəqiqənin keyfiyyətini heç kim monitorinq etməyib. Bəlkə də, bu əmək haqqı onun tədris keyfiyyətinə görə çoxdur.

Müəllimlər daha çox repetitorluğa can atır. Sinifdə dərs keçmək istəmir. Belə olan halda o, niyə Finlandiya müəllimi qədər əmək haqqı almalıdır?

Elə orta məktəblər var, heç bir məzunu ali məktəbə daxil olmayıb. Həmin məktəbin müəllimləri də yaxşı məktəblərin müəllimlərinin əməkhaqqı qədər pul alırlar. Baxın, müzakirə etdikdə çox ciddi məsələlər ortaya çıxır.

Gələcəkdə müəllimin dediyi təhsilə uyğun əməkhaqqı alması tənzimlənməlidir. Sinfə girib, 45 dəqiqə dərsi yola verib, çıxmaqla deyil. Ölkədə 2 mindən çox müəllimdə saxta diplom aşkarlanıb. Onların dediyi dərsin keyfiyyətinə necə qiymət vermək olar?

Diaqnostik qiymətləndirmədən sonra attestasiya keçirilsə, müəllimlərin dediyi dərsin keyfiyyətinə uyğun əməkhaqqı ilə təmin olunmasına baxmaq olar.

-Dövlət orta məktəbləri arasında rəqabət niyə yoxdur?

- Onlar yalnız pula görə, daha çox şagird cəlb etmək üçün özlərini reklam edirlər. Əsasən hazırlıq kursları rəqabət aparır, ali məktəbə yüksək balla qəbul olmuş abituriyentləri reklam edir. Özəl məktəblər isə varlı vətəndaşları cəlb etmək üçün bunu edirlər.

Sumqayıtda texniki-humanitar lisey var. Demək olar bütün məzunları 600-dən yuxarı bal toplayıb. Bəs həmin lisey niyə şagirdlərin şəklini məktəbin qarşısına vurub, nəticələrini reklam etmir? Çünki təhsil ödənişsizdir. Özəl ali məktəblər də bunu ödənişli şagirdləri artırmaq üçün edir”.

Hazırladı: Aysel ASLAN