Beynəlxalq arenada mövqeylərimiz möhkəmlənir

Prezidentin dediyi kimi, ölkədə milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır və bu, Azərbaycan xalqının güc mənbəyidir



Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilib və bu şərəfli status artıq dünya birliyi tərəfindən tanınır. Ötən gün Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumun açılışında çıxış edən Prezident İlham Əliyev də bu məsələyə xüsusi diqqət çəkib. Dövlət başçısı vurğulayıb ki, əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayıblar. Bu siyasət bu gün də davam etdirilir. Ölkə rəhbəri bəyan edib ki, Azərbaycanda bu istiqamətdə dövlət siyasəti çox səmərəlidir: 
"Azərbaycandakı tarixi, dini abidələrimiz həm qədim tariximizi, həm də müxtəlif dinlərin nümayəndələri üçün doğma diyar və məkan olduğunu göstərir. Müsəlman aləminin ən qədim məscidlərindən biri olan, 743-cü ildə tikilmiş və bizim Şamaxı şəhərində yerləşən məscid milli sərvətimizdir. Eyni zamanda, digər qədim şəhərimizin - Şəki şəhərinin yaxınlığında Qafqazın ən qədim kilsələrindən biri - Qafqaz Albaniyası kilsəsi yerləşir. Hər iki məbəd əsaslı şəkildə təmir və bərpa edilib, dövlət tərəfindən qorunur. Bakıda qədim atəşpərəstlik məbədi Atəşgah yerləşir. Bu da onu göstərir ki, Azərbaycanda Zərdüştlük dininin ənənələri var. Ənənəvi dinlərin məbədlərinin - katolik, pravoslav kilsələrinin, sinaqoqların bərpası və tikintisi Azərbaycanda reallıqdır. Bu reallıq ölkəmizdə çox gözəl ictimai iqlim yaradır. Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Biz öz milli, dini ənənələrimizə çox bağlıyıq, sadiqik. Milli dəyərlər gələcək inkişafımız üçün xüsusi rol oynayır. Eyni zamanda, biz dünyaya açığıq”. Dövlət başçısı 2016-cı ilin Azərbaycanda "Multikulturalizm İli” elan edilməsinə də toxunub: "Hesab edirəm ki, dünyada ilk dəfə olaraq belə bir təşəbbüs irəli sürülüb. Bu, bizim niyyətimizi göstərir. 2016-cı ilə multikulturalizm adını verməklə, ilk növbədə, biz dünyada Azərbaycanı olduğu kimi təqdim etmək istədik. Göstərmək istədik ki, multikulturalizm Azərbaycanda dövlət siyasəti, həyat tərzidir. Biz dünya birliyinin diqqətini bu məsələyə cəlb etməyə çalışdıq. Çünki siz də yaxşı bilirsiniz ki, bu gün həm siyasətçilər, ictimai xadimlər, həm də media tərəfindən multikulturalizmlə bağlı çox ziddiyyətli fikirlər səsləndirilir. Ona görə hesab edirəm ki, bu məsələ ilə bağlı vahid yanaşma olmalıdır və burada heç bir ziddiyyətli fikrə yer ola bilməz”.

Dövlət başçısının Forumda diqqət çəkdiyi məqamlarla bağlı "Şərq”ə danışan "Azərbaycanda birgəyaşayış və multikulturalizm” kitabının müəllifi, araşdırmaçı-jurnalist Niyaz Niftiyev deyib ki, Prezident İlham Əliyevin multikulturalizm sahəsində beynəlxalq təşəbbüslərə göstərdiyi dəstək son 15 ilin ən mühim nailiyyəti hesab oluna bilər. Analitikin sözlərinə görə, Azərbaycanın multikultural dəyərlərini şərh edən müəllif bəyan edib ki, müxtəlif mədəniyyətlərin və qitələrin qovşağında yerləşən Azərbaycanın həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi dialoq təşəbbüslərini Avropanın hüdudlarından çıxarıb: 

"Bu mənada "Mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi”nin davamı olaraq, Prezident İlham Əliyevin dəstəyi ilə 2011-ci ilin aprelində Bakıda "Ümumdünya Mədəniyyətlərarası dialoq Forumu"nun keçirilməsi təşəbbüsü irəli sürüldü. "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu"nun ölkəmizdə təşkili islam və Avropa mədəniyyətini özündə ehtiva edən Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğ olunması, ölkəmizin nüfuzunun yüksəldilməsi və beynəlxalq proseslərdə əhəmiyyətinin artırılmasına xidmət edirdi. Xarici tərəfdaşların və tədbir iştirakçılarının müraciətləri, ölkəmizin bu sahədə davamlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə Forumun hər iki ildən bir keçirilməsi ilə bağlı Prezident İlham Əliyev 2011-ci il mayın 27-də Fərman imzaladı. Fərmana uyğun olaraq, ölkə başçısının himayəsi və iştirakı ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" şüarı altında 2013-cü ildə Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. 2015-ci il mayın 18-19-da "Bakı prosesi” çərçivəsində paytaxtımız yenidən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdi. Forumda bir daha sübut olundu ki, "Bakı prosesi" ölkə başçısının dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışlı, əməkdaşlıq və dialoqu təşviq edən platforma və layihələri birləşdirən qlobal xoşməramlı çağırışıdır. Bu, həm də dünyada milli, irqi, dini və mədəni ziddiyyətlərin daha da artdığı, ekstremist düşüncə tərzinin genişləndiyi bir dövrdə Azərbaycanın multikultural resurslarının beynəlxalq səviyyədə model kimi istifadə olunmasına yönəlik fəaliyyətidir. Yəni, "Bakı prosesi" həm multikultural, həm də interkultural beynəlxalq və yerli fəaliyyətlərin davamlı məcmusudur. Bu amil ölkəmizin beynəlxalq arenada mövqeyini möhkəmlədir və müxtəlif mədəniyyətlər arasında körpü rolu oynamasını təmin edir. Həmçinin, Azərbaycan dövlətinin təşəbbüsü beynəlmiləl status qazanır”.

Araşdırmaçı-jurnalistin sözlərinə görə, bu gün Azərbaycan müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa dair sanballı tədbirlər keçirilməsi üçün ənənəvi məkana çevrilib. Bunun da həm coğrafi, həm tarixi, həm də mədəni əsasları var: 

"Azərbaycanda bütün xalqlar, dinlərin nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayırlar. Prezidentin dediyi kimi, ölkədə milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır və bu, Azərbaycan xalqının güc mənbəyidir. Həmin mövqeyə görə, çox zəngin tarixi və mədəni irsi, dini və sosial tolerantlıq ənənələri olan Azərbaycan hazırda, mədəniyyətlərarası dialoq təcrübəsini dünya ictimaiyyətinə təklif edir”.

İsmayıl