“ Beynəlxalq futbol ictimaiyyəti qaragüruhçuların qərəzli olduğunun fərqinə vardı” – Millət vəkili

"Beynəlxalq futbol ictimaiyyəti qaragüruhçuların bütün iddialarının qərəzli olduğunun fərqinə vardı. Ermənistanın bu mühüm idman hadisəsinə siyasi rəng qatmaq niyyəti puça çıxdı”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.
Professor bildirib ki, Azərbaycan tərəqqi etdikcə "permanent yuxusuzluq” sindromundan əziyyət çəkən erməni lobbisi və onunla məlum şərtlər daxilində sinxron fəaliyyət göstərən qaragüruhçu siyasi dairələr əvvəcə "siyasi apatiya” vəziyyətinə düşür. Sonra isə "psixi sayıqlamalar” fonunda qərəzli məqsədlərini reallaşdırmaq istəyirlər:
"Həmin qüvvələrin reallaşma əmsalı sıfıra bərabər məqsədi ilk növbədə Azərbaycanın müstəqil siyasətinə öz iradələrini qəbul etdirmək, ölkəmizin imicini ləkələmək idi. Onlar ölkəmizə təzyiq göstərməklə mühüm beynəlxalq idman tədbirinə - Avropa liqasının Bakıda keçiriləcək final oyununa qarşı təxribat törətməklə boykot edilməsinə nail olmaqdan ibarət idi. Ancaq bu dəfə də onların xəbis niyyətləri ürəklərində qaldı. "Mxitaryan” sindromu iflasa uğradı. Oyunqabağı məşqlər zamanı "Arsenal”ın oyunçularının öz idman koynəklərinin arxasına "Mxitaryan” yazmaq niyyəti də UEFA rəhbərliyinin qəti etirazı ilə rədd edildi. Eyni zamanda Ermənistanın başqa sahələrdə olduğu kimi, idmanda da ciddi böhranla qarşılaşdığı həqiqəti üzə çıxdı”.
Millət vəkilinin sözlərinə görə, erməni mətbuatı yazır ki, "işlər belə getsə, biz heç yuxumuzda belə dünyaca məşhur oyunlara ev sahibliyi edə bilməyəcəyik:
"Ermənistan Futbol Federasiyasının prezidenti Artur Vaneçyan deyib ki, "İrəvanda Vazgen Sarkisyanın adına olan Respublika stadionun beynəlxalq standartlara uyğun gəlməməsi ucbatından UEFA tərəfindən diskvalifikasiyası mümkündür”. İrəvanda "Razdan” adlı vaxtilə populyar olan bir stadion da var. Tutumu 55 min nəfərdir. Keçən əsrin 70-ci illərində tikilib, indiki vəziyyəti bərbad haldadır. Artıq neçə ildir ki, bu stadionda futbol oyunları təşkil olunmur. Ətrafı isə pərakəndə ticarət obyektləri ilə əhatələnib. Başqa sözdə, burada futboldan başqa hər şey oynalınır. Əslində bütün Ermənistanda futbolun vəziyyəti elə "Razdan”da olduğu kimidir”.
Parlament üzvü vurğulayıb ki, Ermənistan futbolunun ağır böhran keçirdiyi bir reallıqda Azərbaycan paytaxtı yenidən dünyanın diqqət mərkəzindədir:
"O Azərbaycan ki, idmanda qazandığı mohtəşəm nailiyyətləri ilə bütün dünyada məşhurdur. Əslində iqtisadiyyatda olduğu kimi, idman sahəsində də inkişaf etmiş dövlətlərin "G-20” qrupu formalaşsaydı, ölkəmiz birmənalı olaraq onun sıralarında layiqli yerini tutardı. Başqa sözlə, Azərbaycan idman sahəsində artıq inkişaf etməkdə olan deyil, inkişaf etmiş dövlətdir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin qeyd etdiyi kimi, "Artıq bu gün Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır. Bizim idman uğurlarımız çox parlaqdır. Biz ildən-ilə idman nəticələrimizi, uğurlarımızı artırırıq. Bu gün bizim idman qurğularımız xalqımıza, idmançılara xidmət göstərir. 
Yeni tikilmiş möhtəşəm Olimpiya Stadionumuz, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi, təmir edilmiş digər idman obyektlərimiz bu gün ən yüksək standartlara cavab verir və biz bundan sonra da istənilən beynəlxalq yarışı keçirə bilərik”. Dövlət başçısı cənab İlham Əliyevin səsləndirdiyi bu reallıqlar fonunda 29 may tarixi və Bakı şəhəri beynəlxalq futbol tarixinə təkcə Böyük Britaniyanın məşhur iki futbol klubunun - "Çelsi” və "Arsenal”ın Avropa liqasının final oyunun keçirildiyi tarix və gözəl şəhər kimi daxil olmayacaq. Eyni zamanda idmanın siyasətin əlində alətə çevrilməsinə imkan verilməyən bir zaman və məkan kimi də həkk olunacaq”.
İsmayıl