Beynəlxalq jurnalist qurumları Azərbaycanda azad medianı görmür

Vüsal Məmmədov: “Qərb dövlətlərinin hamısını jurnalistlərə yaradılan problemlərə görə eninə-uzununa tənqid etmək mümkündür”
Xanlar Xoca: “Həmin beynəlxalq təşkilatlar reket jurnalist kimidirlər”

Arzu Nağıyev: "Ümumiyyətlə, vəziyyət pis deyil”

Zahid Oruc:"Azərbaycanda hakimiyyət orqanlarının mətbuata münasibətini bir neçə jurnalistin haqları üzərindən çözmək olmaz”


(Əvvəli ötən sayımızda)
Söz və mətbuat azadlığı bir çox hallarda cəmiyyətdə demokratiyanın meyarı, ölçüsü rolunu
oynayır. Söz azadlığının olmadığı, mətbuatın senzuraya məruz qaldığı cəmiyyətdə insan
hüquqları da tez-tez pozulur. Məhz bu səbəbdən bir çox beynəlxalq qurumlar və demokratiyanın
inkişafına xidmət edən təsisatlar müxtəlif ölkələrdə söz və mətbuat azadlığını daim diqqət
mərkəzində saxlayırlar. Amma Azərbaycanda KİV-lərin fəaliyyətini tənzimləyən, bu və ya digər
şəkildə ona aidiyyəti olan qanunların hamısı beynəlxalq standartlara tam uyğunlaşdırılsa da,
təəssüflə qeyd etməliyik ki, beynəlxalq hesabatlarda, bəzi xarici medialarda Azərbaycandakı söz
azadlığına qərəzli münasibət bəslənir, hakimiyyət məlumat azadlığını pozmaqda ittiham olunur.
Xüsusən də, "Freedom House”, "Human Rights Watch”, "Sərhədsiz Reportyorlar” kimi
təşkilatların hesabatlarında hər bir ölkə üçün xarakterik olan ayrı-ayrı mənfi hallar, bir çox
hallarda təhrif olunmuş məlumatlar qabardılır və onların əsasında ümumi qənaət
formalaşdırılmasına cəhd edilir.Bəs, ölkənin aparıcı media orqanlarına rəhbərlik edən baş redaktorlar və tanınmış media ekspertləri nə düşünür? Beynəlxalq hesabatlarda ölkəmizdə söz, fikir azadlığının, insan haqlarının pozulmasına dair yer alan bəyanatlar nə dərəcədə inandırıcıdır?

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov "Freedom House”, "Human Rights
Watch”, "Sərhədsiz Reportyorlar” kimi təşkilatların hesabatlarında vaxtaşırı Azərbaycanı tənqid etmələrinin media ilə heç bir əlaqəsi olmadığını deyib. Onun sözlərinə görə, bu sadəcə,
yürüdülən siyasi xəttin tərkib hissəsidir: 

"Prezident İlham Əliyev "Associated Press”in vitse￾prezidenti Con Danişevski ilə söhbətində bu məsələ ilə bağlı suala çox dəqiq və sərrast cavab verdi. Başda Amerika olmaqla, Qərb dövlətlərinin hamısını jurnalistlərə yaradılan problemlərə görə eninə-uzununa tənqid etmək mümkündür. Bəs niyə biz bunu etmirik? Çünki bu işdə siyasi marağımız yoxdur. Onlar isə məhz buna görə edirlər ki, siyasi maraqları var. Qərb siyasətinin metodları belədir ki, hansısa ölkəyə təzyiq göstərmək üçün əsas yoxdursa, həmin əsası yaratmaq lazımdır. Onlar da bunu edirlər: QHT sahəsində bir cür yaradırlar, media sahəsində başqa cür...

Sonra bunların hamısını eyni məxrəcə gətirib, ölkə haqqında bir virtual obraz formalaşdırırlar.
Və ölkəyə mesaj verməyə çalışırlar ki, bizim istədiyimiz kimi olmasanız, bu obrazdan sizə qarşı
istifadə olunacaq. Vətəndaş təfəkkürü olan hər kəs buna bacardığı səviyyədə müqavimət
göstərməyə çalışmalıdır”.

"Yenilik.az” saytının baş redaktoru Xanlar Xoca isə media azadlığının bütün ölkələr üçün çox
aktual məsələ olduğunu deyib. Azərbaycanın bu problemi hələ 1998-ci il avqustun 6-da
birdəfəlik və qəti şəkildə həll etdiyini vurğulayan baş redaktorun sözlərinə görə, həmin gün ulu
öndər Heydər Əliyevin "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin
edilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə
ölkəmizdə senzura ləğv olunub: "O zamandan indiyə qədər ölkəmizdə söz və mətbuat azadlığı
daha da inkişaf edib, indi bizim mediada yazılan tənqidi yazılar dünyanın heç bir media
orqanında yazıla bilməz. Bizim mediada məmurlar haqqında yazılan tənqidi məqalələr ABŞ və
Avropanın hansısa mətbu orqanında hansısa məmur haqqında yazılsa, yazanı yəqin ki, həbs
edərlər, lakin bizdə hələ heç bir jurnalist yazdığı yazıya, söylədiyi tənqidi fikrə görə həbs
edilməyib. Bu təbii ki, dövlətimizin başçısı Prezident İlham Əliyevin iradəsinin, söz azadlığına
verdiyi dəyərin nəticəsidir. Lakin beynəlxalq təşkilatların əsassız olaraq Azərbaycanın adını
hansısa hesabatlarda mənfi çalarda təqdim etməsi də təbii haldır. Bu, Qarabağ problemi ilə bağlı
iri dövlətlərin təzyiq və ikili standartlar siyasətinin bir qolu və davamıdır. Azərbaycanı bu cür
hesabatlarla güzəştlərə sövq etmək, sındırmaq istəyirlər, lakin bütün bu cəhdlər boş və
mənasızdır. Xalqımız da, mediamız da yaxşı başa düşür ki, o hesabatların heç bir əsası yoxdur,
cəfəngiyyatdan başqa bir şey deyil. Əminəm ki, o hesabatı hazırlayan şəxslər öz yalanlarını
özləri də ciddi qəbul eləmir, hətta bəlkə də öz yalanlarına gülürlər. Həmin beynəlxalq təşkilatlar
reket jurnalist kimidirlər. O hesabatları hazırlayırlar ki, həm yaxın olduqları dövlətlər, həm də
özləri üçün Azərbaycandan nəsə qopartsınlar, ancaq Azərbaycan hakimiyyəti düzgün yoldadır,
ölkəmizdə söz azadlığına heç bir problem yoxdur, ona görə də həmin reket təşkilatlar bizdən heç
nə qopara bilməyəcəklər”.

"Trend” informasiya agentliyinin baş direktor müavini Arzu Nağıyev də "Freedom House”,
"Human Rights Watch”, "Sərhədsiz Reportyorlar” kimi təşkilatların hesabatlarının əsassız
olduğunu deyib:
"Ermənistan və Gürcüstan mətbuatı ilə müqayisədə Azərbaycan mətbuatının daha üstün
durumda olduğu açıq-aşkardır. Bunun üçün elə bir araşdırmaya da gərək yoxdur. Bu isə bizə
deməyə əsas verir ki, sözügedən hüquq-müdafiə təşkilatlarının reytinq cədvəlləri həqiqəti əks
etdirmir: "Sərhədsiz Reportyorlar” kimi hüquq-müdafiə təşkilatlarının bu məlumatları hansı
kriteriyalara uyğun əldə etməsi mənə aydın deyil. Əgər həqiqətən sırf müxalifətyönlü
məlumatları toplayırlarsa, bu mənə heç də inandırıcı görünmür. Yəni bu gün Ermənistanın da,
Gürcüstanın da mətbuatı göz qabağındadır. Fikrimcə, Azərbaycandan alınan məlumatlar çox
vaxt qərəzli, düşünülməmiş məlumatlar olur. Hər şey müsbət məcraya yönəlibsə, bu da düzgün
olmazdı. Yəqin ki, Azərbaycan mətbuatında da bəzi məsələlər var ki, onlar bu məsələni
qabartmağa çalışırlar. Düşünmürəm ki, bu gün Ermənistan və Gürcüstan mətbuatı iləmüqayisədə Azərbaycan bu qədər geri pillədə olsun. Çünki bu heç də inandırıcı görünmür.
Ümumiyyətlə, çox vaxt Azərbaycan mətbuatında istənilən yazılar da gedir”. 

A.Nağıyevin sözlərinə görə, Azərbaycanda iki cür mətbuat var: "ağ” və "sarı” mətbuat: "Eyni zamanda Azərbaycanda çap mətbuatı və elektron informasiya vasitələri var. Yəni bu gün istər saytlardan,
istər qəzetlərdən götürəndə ümumi olaraq təxmini 650-ə yaxın sayt var. Həmçinin çoxsaylı
qəzet və jurnallar çap olunur. Bu gün elektron kütləvi vasitələrinin bəziləri yalnız kompyuterdən
və 1 otaqdan ibarətdir, bəziləri isə böyük agentliklərdir. Hansı ki, öz məhsulunu ixrac edir,
istehsalçı kimi xarici və daxili bazara çatdırır. Təbii ki, mətbuatın içində öz məqsədini başqa cürə
yönəldənlər də var. Ancaq xarici kütləvi vasitələrlə müqayisəyə gələcək böyük agentliklərimiz
də var. Şəxsən mən bu agentliklərdən biri olaraq "Trend” informasiya agentliyini misal çəkə
bilərəm. Bizim agentlikdə 5 xidmətdə 6 dildə məlumat yayılır və eyni zamanda məlumatlar
hazırlanaraq məlumat istehsalçısı olaraq istehsalçıya çatdırılır. Yəni bu gün "Azərbaycan
mətbuatında hər şey problemlidir”, demək düz olmazdı. Çünki böyük senzura yoxdur. Sadəcə
olaraq, hansısa qeyri-peşəkarların öz qərəz və məqsədi var. Bu məqsədi də ortaya qoymağa
çalışırlar. Ümumiyyətlə, vəziyyət pis deyil”.

Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Oruc da bu cür
təşkilatların hesabatlarını tam qərəzli sayır: "Azərbaycanda mətbuatın azadlığını
müəyyənləşdirmək üçün beynəlxalq hesabatları mötəbər mənbə kimi qəbul etməyin özü həmin
hücumlara legitimlik qazandırmaq demək olardı. Beynəlxalq təşkilatlar adı altında pərdələnən
böyük bir dəstə "ekspertlər şuraları” şəklində uzun illərdi sovet çinovniklərinə bənzər bir
formada Azərbaycanı hədələməklə məşğuldurlar. Lakin özləri ən kiçik tənqidlərə dözümsüzlük
göstərir və xəfiyyə orqanlarının təmsilçiləri kimi yalnız xüsusi seçilmiş mənbələrlə işləməyə
öyrəşiblər. Halbuki bir ölkədə internetin əlçatanlığına nəzərən və sosial medianın bütün digər
KİV sektorunu üstələdiyinə rəğmən mediaya basqından və azad sözün meydanının
daraldılmasından danışmaq qərəzçilikdir, xüsusi məqsədlər güdür və siyasi sifarişlərdən
qaynaqlanır. SSRİ dövründə ideoloji basmaqəliblərlə işləyən qurumların təcrübəsi bir sıra
beynəlxalq təşkilatların fəaliyyətində hələ də özünü qabarıq göstərməkdədir”.
Z.Orucun sözlərinə görə, Azərbaycanda hakimiyyət orqanlarının mətbuata münasibətini bir neçə
jurnalistin haqları üzərindən çözmək olmaz: "Dünyada elə bir ölkə yoxdur ki, informasiya
vasitələri üzərində xüsusi siyasət yürütməsin. Dövlət sirlərinə münasibət, hərbi təhlükəsizlik
maraqları və müharibə şəraitinin tələbləri, həmçinin son illər qlobal təhlükəyə çevrilmiş etnik￾milli-dini ekstremizmlə bağlı təhlükələr hakimiyyət orqanları ilə mətbuat arasında çoxsaylı
problemləri meydana çıxarıb. Milli mənafelər hüquqi cəmiyyət quruluşunun gerçəkləri ilə
qarşılıqlı ziddiyyətdə və çarpışma vəziyyətində qalıb. Ona görə də dünyada kəşfiyyat
orqanlarının ən böyük silahlı kanalı təəssüf ki, informasiya vasitələridir. Media ictimai fikri
formalaşdıran vasitə olmaqdan çıxaraq casus şəbəkələrinin maraq dairəsinə daxil olub.
Azərbaycanda dövlət-media münasibətlərinin uğurlu inkişafına və yaxşı əməkdaşlıq tarixinə heç
bir yer ayırmadan narkokartellərin və ya terrorçuların adı yer alan siyahılarda bizi qaralamaq
həmin hesabatları tərtib edənlərin cinayətkar maraqlarından başqa bir şey deyil. Azadlığın ən
yüksək həddi olaraq təhqir hüququnun və hər kəsi mühakimə etmək səlahiyyətinin hökm
sürdüyü bir cəmiyyəti "qeyri-azad” adlandıranlar müxtəlif qanlı inqilablar törətdikləri ölkələrdə
fərqli mövqeyi ilə seçilən media quruluşlarına qarşı basqıları, qətlə yetirilən jurnalistləri nədən
görmürlər? Yoxsa azadlıq ancaq qərbpərəstliklə ölçülür?”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyi ilə hazırlanıb