Beynəlxalq müqavilə imzalanmalıdır

İlkin mərhələdə şəxsiyyət vəsiqələri ilə viza tələb olunmayan ölkələrə getmək mümkün olacaq




Artıq Azərbaycan vətəndaşları xaricə şəxsiyyət vəsiqələri ilə də gedə biləcəklər. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1295-IVQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb. Dəyişikliklərə əsasən, Məcəllənin 10.1-ci maddəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilir:

"Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər”.

Ekspert Azər Allahverənov isə "Şərq”ə açıqlamasında deyib ki, Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqələri ilə xaricə getməsi üçün vətəndaşların üz tutacağı ölkələrlə Azərbaycan arasında beynəlxalq müqavilə imzalanmalıdır. Bu müqavilə olmadan Azərbaycan vətəndaşlarının hansısa ölkəyə sadəcə şəxsiyyət vəsiqəsi ilə daxil olması mümkün deyil. Ekspertin sözlərinə görə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd dedikdə çox güman ki, söhbət biometrik şəxsiyyət vəsiqələrindən gedir: "Artıq bir çox ölkələr miqrantları biometrik vəsiqələrlə ölkəyə buraxırlar. Azərbaycanda da biometrik pasportların verilməsi prosesi başlanılıb. Artıq yüz minlərlə Azərbaycan vətəndaşı bu vəsiqədən əldə edib. Gələn ildən etibarən də proses kütləvi şəkildə həyata keçiriləcək. Aydın məsələdir ki, sözügedən sərəncamın qanuna uyğunlaşdırılması məsələsi də ən azı 5 ay çəkəcək. Bu isə ilin axırına düşür. Gələn ildən də biometrik vəsiqələrin verilməsinə başlanacaqsa, deməli, bu proses paralel olaraq aparılacaq”.

Bu gün Azərbaycanın heç bir ölkə ilə beynəlxalq müqaviləsinin olmadığını deyən A.Allahverənov hesab edir ki, Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə xaricə getməsi prosesinə ilk olaraq MDB ölkələrindən başlanacağı istisna deyil: "İlkin mərhələdə şəxsiyyət vəsiqələri ilə viza tələb olunmayan ölkələrə gedişin mümkün olacağını düşünürəm. Sonrakı proseslərin inkişafı isə situasiyadan asılı olacaq. Digər dövlətlərlə də ikitərəfli saziş imzalanarsa, bu qayda həmin ölkələrə səfər zamanı da tətbiq ediləcək. Əgər söhbət şəxsiyyət vəsiqəsinin tanınmasından gedirsə, Azərbaycan qanunvericiliyinə görə, indiki vəsiqələr yalnız ölkə hüdudlarında hərəkət üçün nəzərdə tutulan bir sənəddir. Biometrik şəxsiyyət vəsiqələrində isə vətəndaşla bağlı bütün məlumatları özündə əks etdirən "çip” yerləşdiriləcək”.

Azərbaycan vətəndaşlarının xarici ölkələrə şəxsiyyət vəsiqəsi ilə daxil olması özünü doğrultduğu təqdirdə xarici pasportların taleyinə gəldikdə isə A.Allahverənov deyib ki, təcrübə göstərir ki, bir sənədi qüvvədə saxlamaqla digərini dövriyyəyə buraxmaq olur: "Azərbaycan Respublikasının ümumi vətəndaş pasportu bir neçə kateqoriyaya bölünür. Şəxsiyyət vəsiqələri isə indiki halda bu statusların əldə olunmasında iddialı deyil. Bu mənada, uzun müddət biometrik pasportla yanaşı, xarici pasportların da qüvvədə qalacağını güman edirəm”.

Şəymən