“Bəzi “böyük dövlətlər” Azərbaycanı idarə etmək istəyirlər”

Əli Həsənov: “Heç kim bizi anarxiya, xaos yaratdığı dövlətlərlə eyniləşdirə bilməz”




"Çox təəssüf ki, bəzən xalqı doğru istiqamətə yönəldə bilən şəxslər medianın diqqətindən kənarda qalır, xalqı doğru yola yönəldə bilməyənlər isə medianın gündəmindən düşmür. Bu isə yaxşı hal kimi qəbul edilə bilməz”.

Bunu dünən Bakı Dövlət Universitetində "Azərbaycan milli mətbuatı - 140: "Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda keçirilən elmi-praktik konfrans zamanı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, PA-nın şöbə müdiri Əli Həsənov deyib. Prezident köməkçisi bəyan edib ki, Azərbaycan mediası bu məsələyə xüsusi diqqət göstərməli, öz dövlət və milli maraqlarını unutmamalıdır: "Bu məsələlər jurnalistlər üçün heç zaman arxa plana keçməməlidir. Azərbaycan mediasının dövlət və milli maraqlara uyğun fəaliyyəti Qərbin qərəzli və qeyri-obyektiv transmilli mediasına cavab verir. Müasir dünyada o qədər standartlar yaranıb ki, indiyə qədər təbliğ etdiyimiz Qərb media standartları da artıq yaramır. Qərbin təmsil etdiyi transmilli mediada bəlli mərkəzlərin maraqları ifadə olunur və bu maraqlar yeganə obyektiv informasiya kimi təqdim edilir. Lakin biz bilirik ki, bu gün Asiyada, Afrikada baş verənlər təqdim olunduğu kimi deyil. Son 10 ildə o dövlətlərin başına nə oyunlar açıldı, müsəlman dünyasında insanları biri-birinə qarşı necə vuruşdurdular? Dünyada siyasi məhbus axtarırlar. Bu gün bir nömrəli siyasi məhbus Misirin seçilmiş prezidenti Məhəmməd Mursidir. Bu gün çoxstandartlılığın hökm sürdüyü dünyada bəzi jurnalistlər belələrinə dəstək verir, onlara yardım göstərirlər. Bu məsələlərdə xaricdə yaşayan bəzi Azərbaycan jurnalistlərindən də istifadə edirlər”. Həmin anti-Azərbaycan dairələri bizi qaralamağa çalışırlar. "Bakı 2015” I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı Qərbdən qərəzli kampaniyalar aparılırdı, ancaq onlar heç nəyə nail ola bilmədilər. Onlar Azərbaycanda qısa müddətdə böyük tədbirlərin təşkilini, ölkədəki sabitliyi, xalqla iqtidar arasında sıx birliyin olmasını qəbul etmək istəmirlər. Ancaq hesab edirəm ki, Azərbaycan mediası bu cür anti-Azərbaycan qüvvələrini daim ifşa etməlidir”.

Ə.Həsənov qeyd edib ki, bu gün bəzi "böyük dövlətlər” dünyada güc nümayiş etdirir, dünyanı, həmçinin, Azərbaycanı idarə etmək istəyirlər. Prezident İlham Əliyevin müstəqil siyasəti onların çoxuna sərf etmir: "Azərbaycan özünün həqiqi ambisiyasını ortaya qoyub və dünya ilə yarışa girməkdən çəkinmir. Hesab edirəm ki, Azərbaycanın bu cür müstəqil siyasəti gələcəkdə də uğurla davam etdiriləcək. Bu mənada da medianın üzərinə böyük məsuliyyət düşür. Avropa Oyunları zamanı bəzi xarici ölkələrdə Azərbaycan əleyhinə keçirilən tədbirlərə qatılanların sayı 60-70-dən o yana keçmədi. Müstəqillik tarixi qısa olan Azərbaycanda belə gözəl tolerant mühitin formalaşmasını həzm edə bilməyən qüvvələr var. Qəbul edə bilmirlər ki, niyə Prezident İlham Əliyevin reytinqi yüksəkdir, Azərbaycan inkişaf edir. Ona görə də mediamız bu cür anti-Azərbaycan fəaliyyətlərini ifşa etməlidir. Biz milli mediamızın 140 illik tədbirlərini keçirərkən müasir dünyanın tendensiyalarını da diqqətdən qaçırmamalıyıq. Azərbaycanın maraqları var və bu maraqları reallaşdırmaq üçün kimlərinsə planlarına yox deməliyik. Qarşıdan parlament seçkiləri, Şahmat Olimpiadası, İslam Həmrəylik Oyunları və digər yarışlar gəlir. Azərbaycan ambisiyasını ortaya qoyub. Xalqımızın bacarığı, qonaqpərvərliyi göz önündədir. Heç kim bizi anarxiya, xaos yaratdığı dövlətlərlə eyniləşdirə bilməz”.

İsmayıl