" Bəzi valideyn uşağına yaxşı bal toplamağı şərt qoyur" - İntihara məcburetmə




"Abituriyentin intiharına birtərəfli yanaşıb, tək imtahanla əlaqələndirmək olmaz”.

Bunu "Sherg.az”a Bakının Sabunçu rayonunda ali məktəbə qəbul olmayan abituriyentin özünü kəməri ilə asıb, intihar etməsinin səbəblərini izah edərkən təhsil eksperti Nabatəli Qulamoğlu deyib. O bildirib ki, abituriyent müxtəlif problemləri səbəbindən də intihar etmiş ola bilər:

"İntihar bir səbəbdən baş vermir. Ola bilər, həmin gəncin ailə problemi olub, yaxud sevdiyi qızın qarşısında ali məktəbə qəbul olmaq barədə öhdəlik götürüb. Gəncin intiharının səbəbləri bir deyil. Onun psixologiyasını və yaşadıqlarını dəqiq bilmədiyimizə görə, şərh verməyə çətinlik çəkirəm.

Düzdür, bəzən valideynlər də uşaqların üstünə düşür, imtahanda yaxşı bal toplamağı mütləq şərt qoyur. Bu düzgün yanaşma deyil. Lakin Azərbaycan mühitində belə hadisələr mütləq olur. Ailələr hələ də ali təhsilə yalnız diplom almaq kimi baxır. Azərbaycanlı təfəkkürü dünyanın sivil düşüncələri ilə uzlaşa bilmir”.

Qeyd edək ki, hadisə Ramana qəsəbəsi Südçülük sovxozu deyilən ərazidə baş verib. Cəmil adlı gənc qəbul imtahanında lazımi nəticəni göstərə bilmədiyi üçün özünü yaşadığı mənzildə kəməri vasitəsilə tavandan asıb. Qonşuların müdaxiləsinə baxmayaraq, Cəmilin həyatını xilas etmək mümkün olmayıb.

Aysel Aslan