Bir ananın ölümü də dəhşətli rəqəmdir
Ailələr uzun illər bu stresdən, psixi travmadan çıxa bilmirlər
Bu ilin yanvar ayı ərzində Azərbaycanda 6 ana ölümü qeydə alınıb. Səhiyyəmizin inkişafı fonunda bu rəqəm kifayət qədər böyük görünür. Nəinki 6, hətta bir ana ölümü olsa belə, yenə də bu, dəhşətli faciədir. Çünki burada yalnız bir qadının ölümü baş vermir, eyni zamanda bir körpə anasız, bir ailə qadınsız qalır. Əlbəttə, heç bir həkim istəməz ki, pasiyenti zərər çəksin. Pasiyentin həyatını itirməsi isə hər bir həkim üçün ağrılıdır.
Amma təəssüf ki, hansısa səbəblərdən ölüm halları labüdləşir. Ana və ya körpə ölümü baş verdikdə, adətən, həkimlər pasiyenti suçlu bilir; vaxtında həkimə müraciət edilməyib, arzuolunmaz hamiləlik imiş, ana sağlam deyilmiş, daxili qanaxma olub, ürəyi, böyrəyi qüsurluymuş və s. və ilaxır xeyli sayda səbəblər gətirirlər. Oxşar açıqlama ilə Səhiyyə Nazirliyinin Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyanın sədri Leyla Rzaquliyeva çıxış edib. APA-nın xəbərinə görə, L.Rzaquliyeva doğuş zamanı ölən, yaxud kritik vəziyyətlə üzləşən qadınların çoxunun xəstə olduğunu deyib: "Hamiləlik əvvəlcədən planlaşdırılmalıdır. Qadın hamiləlikdən əvvəl öyrənməlidir ki, nə dərəcədə sağlamdır. Bəlkə onda ürək, qaraciyər, böyrək xəstəliyi var?! Doğuş zamanı ölən, kritik vəziyyətdə olan qadınların çoxu xəstə olur. Biz onları çətinliklə həyata qaytarırıq” Komissiyanın sədri bildirib ki, bu məsələdə Səhiyyə Nazirliyi tərəfindən hər cür şərait yaradılıb: "Hamiləliyi əvvəlcədən planlaşdırmaqla uşaq 22 həftəyə doğulmayacaq. Uşaq ana bətnində yetişəcək. Hamiləliyin planlaşdırılması o deməkdir ki, qadın əvvəlcədən müayinələrdən keçməlidir. Bu gün qadın məsləhətxanaları, poliklinikalar fəaliyyət göstərir. Hamilə qadın 3 ay ərzində məsləhətxanada qeydiyyata düşməlidir. Ondan sonra mütəmadi, təlimata uyğun həkimin yanına gedib-gəlməlidir. Lap onda sağlam fizioloji hamiləlik olsa da, getmək lazımdır. Biz bununla kritik vəziyyətləri aradan qaldıra bilərik”.
L.Rzaquliyeva hamilə qadınlara müraciət edib: Qadınlarımız o həkimdən bu həkimə, o klinikadan bu klinikaya qaçmasın. Mütəmadi olaraq, qadın məsləhətxanasında qeydiyyata dursunlar. Patoloji vəziyyət yarananda vaxtında aşkarlansın və onlar hospitallaşdırılsınlar”.
Günahkar analar?!
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva isə bu fikirdədir ki, səhiyyə orqanları ölüm faktlarına görə məsuliyyəti nə qədər qarşı tərəfin - anaların üzərinə atmağa çalışsa da, burada həkimlərin və ümumilikdə səhiyyəmizin səhlənkarlığı əsas rol oynayır:
- Doğuş zamanı gənc qadınların həyatını itirməsi, körpələrin tələf olması faktları həqiqətən də son zamanlar artıb. Rəsmi məlumatlarda göstərilir ki, ötən il 23 ana ölümü baş verib. Təkcə bu ilin ilk ayı ərzində isə 6 ölüm faktı. Biz özümüz də statistikanı toplayırıq və görürük ki, vəziyyət getdikcə ağırlaşır. Bir ayda 6 ana ölümü nə deməkdir?! Dəhşətdir... Hətta ildə bir dəfə bu hadisə olsa da, yenə də böyük faciədir və onun səbəbləri araşdırılmalıdır, günahkarlar cəzalanmalıdır. Çünki burada söhbət gənc bir ailənin parça-parça olmasından, körpələrin anasız, anaların övladsız qalmasından gedir. Valideynlərin ürəyi qubar bağlayır belə faciələrdən. Biz insan itkisi yaşayırıq. Övladını itirmiş ana cəmiyyət üçün bir itkidir, çünki bu halda qadın özünü çox çətin toparlayır. Ailələr uzun illər bu stresdən, psixi travmadan çıxa bilmirlər. Belə faktlar ailələrin dağılmasına gətirib çıxarır. Bir ailənin, bəzən bir nəslin bütün gələcək həyatı alt-üst olur. Ana və körpə ölümləri elə faktlardır ki, burada səhlənkarlıq, səriştəsizlik, məsuliyyətsizlik kimi ifadələr işlətməyə ehtiyac da qalmır. Bunun bir adı var - faciə! Mən bütün ölüm hadisələrində günahı yalnız həkimlərin üzərinə qoymaq da istəmirəm. Burada bir çox səbəblər rol oynayır. Qadının hamiləlik dövründə müayinələrdən keçməməsi və ya düzgün müayinə olunmaması da bəzən ölümə səbəb olur. Amma bütün hallarda düzgün müayinə və müalicənin aparılması da səhiyyənin üzərinə düşən vəzifədir. Sahə həkimləri küçə-küçə, ev-ev gəzib hamilə qadınları müəyyənləşdirməli və onların müayinəyə gəlməsini tələb etməlidirlər. Necə yəni, qadınlar müayinədən yayınır, analiz vermirlər?! Onları buna məcbur etmək lazımdır. Bu, körpələrə zəruri peyvəndlərin vurulmasına bənzəyir. Necə ki, körpələrə peyvənd vurulması tələb olunur, analar hamısı bu prosesə könüllü qoşulur, eləcə də anaların özünü müayinə və yoxlanışlara cəlb etmək lazımdır. Bununla həkimlər özlərini sığortalamış olar, əgər qadında nəsə bir problem varsa, qarşısı alınar, uyğun tədbirlər görülər. Uşaqların peyvəndə cəlb edilməsi gələcək nəslin sağlamlığı baxımından vacibdirsə və bunu dövlətimiz məcburi həyata keçirirsə, deməli, gələcək anaların və onların dünyaya gətirəcəyi körpələrin sağlamlığı da milli təhlükəsizlik məsələsidir.
Ana ölümünə görə cəza - varmı?
K.Ağayevanın sözlərinə görə, doğuş zamanı bədbəxt hadisələr baş versə də, Səhiyyə Nazirliyi tərəfindən hansısa ciddi tədbirlərin görülməsi o qədər də müşahidə edilmir:
- Şöbəsində ölüm hadisəsi baş vermiş həkimi başqa bir tibb müəssisəsinə göndərirlər, iş yerini dəyişirlər. Yaxud, töhmət verirlər. Lap bu həkim işdən kənarlaşdırılsa da, yenə baş vermiş faciəyə adekvat addım deyil. Bu gün işdən kənarlaşdırılan həkim sabah gedib hansısa özəl klinikada işə düzəlir. Yenə peşəsinə davam edir. Olan ailəyə, gənc xanımlara, onların övladlarına olur. Amma ölüm faktına görə, həkim və doğuşda iştirak etmiş digər səhiyyə işçiləri ciddi şəkildə cəzalandırılsa, onlar da çəkinər, öz peşələrinə məsuliyyətlə yanaşarlar. Artıq həkimlərdə arxayınlıq yaranıb ki, cəza almayacaqlar, uzaqbaşı işdən kənarlaşdırılacaqlar, bir müddət sonra isə müxtəlif yollarla işlərinə bərpa olunacaqlar. Bundan başqa, ciddi travma yaşamış ailələrlə
psixoloji iş aparılmalıdır, onlara psixoloji yardım göstərilməlidir. Bizdə isə belə bir hal yoxdur. Hüquq-mühafizə orqanları ölüm faktları ilə bağlı təhqiqat aparmalı və ölümün səbəblərini müəyyənləşdirməlidir. Əgər burada həkim səriştəsizliyi, həkim səhlənkarlığı aşkarlanırsa, o həkim cinayət məsuliyyətinə cəlb edilməlidir. Necə ki, bir insan qətlə yetirildiyində qatili tapıb həbs edirlər, neçə il müddətinə azadlıqdan məhrum edirlər, ana və körpə ölümlərində də eynilə bu maddələr üzrə cinayət işi açılmalıdır. Burada da insan tələfatı var. Ancaq biz görürük ki, ana ölümlərində əksər hallarda günahkar öləndə olur. Heç kim də cəzalanmır.
K.Ağayeva doğuş zamanı hər hansı tələfatla üzləşmiş ailələri məhkəmələrə müraciət etməyə çağırdı:
- Təəssüf ki, bizim camaatda belə bir mənfi cəhət var; məhkəməyə müraciət etmirlər. Haqlarını qorumurlar. Mən indiyədək məhkəmələrin kiməsə təzminat ödədiyini görməmişəm. Bizim millətə qəribə gəlir, özlərinə ar sayırlar ki, ölmüş insana görə təzminat tələb etsin. Amma bu, hüquqdur, haqdır. Söhbət təkcə, ölüm faktından getmir. Lap olsun düzgün aparılmayan müalicə, müayinə, cərrahiyyə əməliyyatı. Həkimlərin savadsızlığı, səriştəsizliyi ucbatından insanın sağlamlığı zərər görübsə, o, təzminat davası açmaqda tamamilə haqlıdır və hüquq onun tərəfindədir.
Həkim niyə arxayındır?
Hüquqşünas İradə Cavadova isə bildirdi ki, Cinayət Məcəlləsində pasiyentin sağlamlığına zərər vurulmasıyla bağlı konkret maddənin olmaması həkimləri arxayın salır:
- CM-də sağlamlığa zərərvurmanın bir neçə növü göstərilir. İnsan həyatı üçün təhlükəli zərərvurma, qəsdən, ehtiyatsızlıqdan, az və ya ciddi və ya çox ciddi zərərvurma. Amma CM-də məhz tibb sahəsində, həkimlərin pasiyentin səhhətinə zərər vurması ilə bağlı konkret maddə yoxdur. Səhiyyə sektorunda baş verən ölüm və ya pasiyentlərin səhhətinə zərərvurmalar işdə yol verilmiş "səhlənkarlıq” kimi təqdim olunur, bu ad altında verilir, buna görə də cinayət işi açılması mümkün olmur. Həkimlər də buna arxayındır, bilirlər ki, nə baş versə də, onlara cinayət işi açılmayacaq, həbs edilməyəcəklər, ona görə də məsuliyyətsizliklərini davam etdirirlər. İndiyədək neçə belə ana və körpə ölümü baş verib, hansı həkim cinayət məsuliyyətinə cəlb edilib? Heç biri. Çox qəribədir ki, sürücü ehtiyatsızlıq üzündən qəza törədir və bu qəza ölümlə nəticələndikdə bu zaman sürücüyə 7-8 il azadlıqdan məhrumetmə cəzası verilir. Burda da insan həyatı var, orda da. Sürücü ehtiyatsızlıq edə bilər, idarəetməni itirər və bədbəxt təsadüf nəticəsində kiminsə həyatına son qoyular, buna görə insanı uzun müddətə həbsə atırlar, hələ vəfat etmiş şəxsin ailəsinə təzminat da ödətdirirlər, amma bir həkim səriştəsizliyi, savadsızlığı, məsuliyyətsizliyi ana və körpə ölümünə səbəb olur, buna görə həkim cəzalanmır. Yəni, onu cəzalandırmaq üçün hüquqi əsas tapılmır. Bu, dəhşətdir. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının üzvüdür, beynəlxalq konvensiyalara qoşulub, amma hələ də "Pasiyentlər haqqında” qanunu qəbul etməyib. Biz neçə ildir bu qanun layihəsinin müzakirəyə çıxarılmasını tələb edirik, amma nəticə yoxdur. Bu qanun qəbul olunarsa, pasiyentlərin hüquqlarını müdafiə etmək mümkün olacaq. Ya da gərək CM-nə əlavə və dəyişikliklər edilsin və orada birbaşa səhiyyə sektorunda çalışanların sağlamlığa zərərvurma, həmçinin insan həyatı üçün təhlükə törədən zərərvurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulsun.
İ.Cavadova səhiyyə sektorunda baş verən ölüm halları ilə bağlı hüquq-mühafizə orqanlarına müraciətlərin çox az olduğunu təəssüflə bildirdi:
- Təbii ki, burada bizim xalqın adət-ənənəsi də rol oynayır. Deyirlər, ayıbdır, həkimdən necə şikayət edək?! Ancaq bu, səhv yanaşmadır. İkinci tərəfdən vətəndaş düşünür ki, məhkəməyə müraciət etmək çox üzücü bir prosesdir. Məhkəmələrin ədalətli qərar çıxaracağına da ola bilsin, kimlərsə ümid etmir. Ancaq belə düşünmək yanlışdır və bu, cinayətkarın cəzasız qalmasına şərait yaradır. Gərək bizdə həkimlərin pasiyentin sağlamlığına zərərvurma və ya həkim məsuliyyətsizliyi səbəbindən ölüm halları ilə bağlı məhkəməyə müraciət etmək presidenti yaransın. Belə vəziyyət həkimlərin məsuliyyətini artıracaq. Çünki görəcəklər ki, vətəndaşlar haqqını tələb etməyə başlayıb. Bəlkə belə olarsa, həkimlər də öz peşələrinə ciddi yanaşar.
Məlahət Rzayeva