Bir bu qalmışdı: Yarıçılpaq pozlar verən toy müğənnisi uşaq bağçasını “ağ gün”ə çıxaracaq

Sosial şəbəkələrdə xanım müğənnini və onu müdirə təyin edənləri “ağ yuyub, qara sərənlər” daha çoxdu
Xırdalan şəhərindəki 17 saylı uşaq bağçasına təyin olunmuş yeni müdirənin fotolarına baxış sosial şəbəkələrdə rekord qırır. İnternet resursları ilə az-çox əlaqəsi olanlar müğənni Gülnar Nəbi Çingizin uşaq bağçasına müdirə təyin edilməsindən xəbər tutduqdan sonra bu xanımın kimliyi ilə maraqlanmağa başlayıblar. Və ortaya ilginc bir mənzərə, bir o qədər də ilginc fotolar çıxıb. Gülnar Nəbi Çingiz əsl şou-biznes nümayəndəsi kimi fotolarda "boy göstərir”. Avtomobildə, motosikletdə, yarıçılpaq, cəlbedici pozlarda və s. Bu xanım haqqında məlumat ondan ibarətdir ki, el şənliklərində - toylarda oxuyur. "Avroviziya” mahnı yarışmasının seçim turlarına da qatılıbmış. Keçməyib. Kimsə özünü ondan daha yaxşı təqdim edə bilib, ondan. Hətta xanım müğənninin gecə klublarında fəaliyyət göstərdiyi də deyilir.
Amma bir təyinatla Gülnar xanımın fəaliyyət sahəsi 190 dərəcə dəyişib. Müğənni xanım uşaq bağçasına "transfer” edilib. Onun hədsiz istedadını görən Abşeron Rayon Təhsil Şöbəsi Xırdalan Rayon İcra Hakimiyyətinə təqdimat göndərib. İcra Hakimiyyəti də arayıb, axtarış aparıb, görüb ki, həqiqətən də Gülnar Nəbi Çingiz çox istedadlıdır. Və təqdimatı təsdiqləyib. Ancaq sosial şəbəkələrdə xanım müğənnini və onu müdirə təyin edənləri "ağ yuyub, qara sərənlər” daha çoxdu. "Uşaq bağçaları yaman yaxşı gündəydi, müğənni müdirə olandan lap "ağ gün”ə çıxacaq”, "Müğənni müdirə uşaqlara kiçik yaşlarından "səhnə mədəniyyətini”, "şou-biznesin sirlərini” öyrədəcək” kimi replikalar atılır.
Yeni təyinatın səs-küyə səbəb olduğunu görən Abşeron Rayon Təhsil Şöbəsi məsələyə aydınlıq gətirməyə çalışıb. Təhsil şöbəsinin mətbuat xidmətinin rəhbəri Trend-ə açıqlamasında bildirib ki, Gülnar Nəbi Çingizin uşaq bağçasına müdir təyin edilməsində heç bir problem görmür: "Gülnar Nəbi ibtidai təhsil müəllimidir, həm də Azərbaycan Milli Konservatoriyasını bitirib. O, həm də "Avroviziya” seçim turlarında iştirak edib. Bəzi saytlar bu xanımın müdir təyin olunmasını şişirdirlər, məsələyə başqa cür yanaşırlar. Amma onun müdir təyin olunmasında heç bir problem görmürük. O, özünü doğruldur, çox yaxşı təşkilatçılıq qabiliyyəti var. Bu gün (01 iyun tarixi - red.) həmin bağçada Uşaq Hüquqlarının Müdafiəsi Günü ilə bağlı keçirilən tədbirdə də onun gözəl təşkilatçılıq qabiliyyətinin olduğu bir daha təsdiqləndi”. Gəl də bir təsdiqlənməsin. Adam zatən toy müğənnisi!..
Səs-küylü təyinatı şərh edən təhsil eksperti, uzun illər pedaqoji sahədə çalışmış Nadir İsrafilov təsadüfi şəxslərin rəhbər vəzifələrə təyin edilməsinin yolverilməz olduğunu bildirdi:
- Son illər təhsillə bağlı bir sıra uğursuz qərarlar qəbul edildi. Sentyabrın 1-nin 15-i ilə əvəzlənməsi, dərs ilinin iyun ayınadək uzadılması, məktəbəqədər müəssisələrin Təhsil Nazirliyindən alınıb icra hakimiyyətlərinə verilməsi və s. Saymaqla bitmir. Sabiq təhsil nazirinin yarıtmaz fəaliyyəti nəticəsində uşaq bağçaları sistemi onsuz da çökmüşdü, icra hakimiyyətlərinin tabeliyinə verilməklə lap viran qaldı. İndi uşaq bağçalarında vəziyyət əvvəlkindən qat-qat pisdir. Digər tərəfdən, uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyindən çıxarılması təhsilin fasiləsizliyi prinsipinə daban-dabana ziddir. Təhsil vahid mərkəzdən idarə olunmalıdır. Necə ola bilər ki, məktəbəqədər təhsilə icra hakimiyyətləri nəzarət etsin, amma ibtidai, orta təhsilə Təhsil Nazirliyi?! İcra hakimiyyətlərinin kadr potensialı yoxdur axı. Ona görə də biz son illər belə əcaib qərarların, təyinatların şahidi oluruq. Müğənninin uşaq bağçasına müdirə təyin olunmasında böyük ehtimalla korporativ, şəxsi maraqlar rol oynayıb. Uşaq bağçalarında ömrünü çürüdən müəllimlər var. Təcrübəli, ixtisaslı kadrlar qalır bir kənarda, toy müğənnisini gətirib müdir təyin edirlər. Buna şəxsi, korporativ maraqlardan savayı başqa ad vermək mümkün deyil. Necə yəni, yaxşı təşkilatçıdır. Məgər rəhbər vəzifəyə təyin edilmək üçün əsas şərt təşkilatçılıqdır? Ona qalsa, dünya ulduzlarının konsertini təşkil edənlər də var. Hərəsini bir bağçaya, məktəbə direktor təyin etsinlər. Təşkilatçılıq əsas şərt deyil. Təşkilatçılıqdan əvvəl şəxsi nümunədir. Rəhbərlikdə şəxsi nümunə əsas rol oynayır. Biz bu xanımın şəxsi keyfiyyətləri barədə bir söz deyə bilmərik, ancaq onun internetdə yayılmış açıq-saçıq fotoları artıq nəsə düşünməyə əsas verir. Uşaq bağçasına, orta məktəbə, ali məktəbə rəhbər təyin edilirsə, bu şəxsin ixtisaslı kadr olub-olmadığı, iş təcrübəsi yoxlanır. Xüsusən də təhsil, uşaqların təlim-tərbiyəsi ilə birbaşa bağlı olan sahələrdə əsas şərt pedaqogikanı, metodikanı bilmək, uşaq psixologiyasına nə dərəcədə bələd olmaqdır. "Filankəs yaxşı təşkilatçıdır, yaxşı toy aparır”, deyib, hər adamı müdir təyin etməyin nə elmi, nə də pedaqoji bir əsası var. Kim nə deyir, desin, mən belə şeyləri qəbul etmirəm. Belə məsələlər cəmiyyətdə mənfi rəy yaradır. Görürsünüz ki, ictimai qınağa səbəb olub. Deməli, hardasa, nədəsə səhvə yol verilib. Bilirsiz, Yaradan hər kəsə öz yerini təyin edib. Müəllim təhsil sahəsində çalışmalıdır, müğənni də səhnəyə çıxsın, toylarda oxusun. Müğənninin yeri uşaq bağçası deyil. Bu, heç bir pedaqoji normaya uyğun gəlmir. Təsadüfi bir adamdır, nəyinsə müqabilində, kiminsə tapşırığı, ya da göstərişi ilə gətirib müdir təyin ediblər. Yadınızdadır, bir məktəb direktoru Londonda revolverlə kovboy fotoları çəkdirib sosial şəbəkələrə yerləşdirmişdi. Bəzən bizim insanlar müasirliyi geyim tərzində, açıq-saçıqlıqda axtarırlar. Təəssüf ki, müasirliyi təhsilin səviyyəsini yüksəltməkdə, Avropa təhsil sistemindən nümunə götürməkdə axtaran yoxdur.
Məlahət Rzayeva