Ələsgər Məmmədli: “Bu bir bazardı. Ələnəcək və yalnız keyfiyyətli olanlar qalacaq. Keyfiyyətsizlər isə sıradan çıxacaq”
Bir çox media orqanı sadəcə qeydiyyatdan keçib
Qabil Abbasoğlu: “Əsas odur ki, cəmiyyətin ehtiyaclarını ödəyə bilən və fəaliyyət göstərmək imkanı olan KİV mövcud olsun”
Ələsgər Məmmədli: “Bu bir bazardı. Ələnəcək və yalnız keyfiyyətli olanlar qalacaq. Keyfiyyətsizlər isə sıradan çıxacaq”
Ələsgər Məmmədli: “Bu bir bazardı. Ələnəcək və yalnız keyfiyyətli olanlar qalacaq. Keyfiyyətsizlər isə sıradan çıxacaq”
(Əvvəli ötən sayımızda)
Xəbər verdiyimiz kimi, Azərbaycanda 5100-ə yaxın kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Ədliyyə Nazirliyinin (ƏN) mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən geniş kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının ümumi sayı artaraq 4.100-ü ötüb, KİV-lərin sayı isə 5.100-ə çatmaq üzrədir. Əlbəttə, mətbuat adına təsis olunan rekord say bir müddətdir ki, jurnalistlərin müzakirə mövzusuna çevrilib. Və məlum rəqəmlərə dair ikili yanaşma mövcuddur. Bəziləri rəqəmlərin çoxluğunun ölkə mətbuatına heç bir təhlükə vəd etmədiyini və media quruluşlarının sayının daha artırılmalı olduğunu düşünür. Digərləri isə məlum tendensiyanın "reket” jurnalistikanın inkişafına təkan verəcəyini iddia edir.
Məsələni dəyərləndirən tanınmış jurnalist, Lent.az saytının baş redaktoru Qabil Abbasoğlu "Şərq”ə söyləyib ki, qeydiyyatdan keçmiş media quruluşlarının sayının çox və ya az olması mütləq məsələ deyil. Əsas odur ki, cəmiyyətin ehtiyaclarını ödəyə bilən və fəaliyyət göstərmək imkanı olan media orqanları mövcud olsun: "Amma hazırda ölkəmizdə vəziyyət elədi ki, qeydiyyatdan keçən media quruluşlarının böyük hissəsi fəaliyyətsizlik şəraitindədir. Yalnız adları qeydiyyatdan keçib. Onların bir qismi isə mətbuat adına yaraşmayan şantaj fəaliyyəti ilə məşğuldur ki, biz onları mediaya aid etmirik. Bununla yanaşı, zənn etmirəm ki, hadisələrin kökündə qeydiyyat məsələsi dayanır. Azərbaycanda mətbu orqanların sayı 10 min də yüksələ bilər. Eyni zamanda min və 5 yüzə də düşə bilər. Məsələ onun mahiyyətindədir ki, cəmiyyət və jurnalistlər olaraq mətbuatdan hansı məqsədlər üçün istifadə edirik və yaxud da ona necə yanaşırıq. Bütövlükdə cəmiyyətin digər institutlarının mətbuata münasibəti necədi. Mətbuatın fəaliyyətində problemlər varmı, yoxmu? Bax, bu meyarlar dəyərləndirilməlidir. Amma razıyam ki, 5 min media qurumunun içərisində xeyli sayda fəaliyyətsiz olanları var”.
Baş yazarın sözlərinə görə, kiminsə hansısa KİV-i qeydiyyatdan keçirmək hüququnu əlindən almaq olmaz: "İnsanlar gedib onu qeydiyyatdan keçirdirlər. Sonra da ya maddi, ya da başqa səbəblərdən fəaliyyət göstərə bilmirlər. Ölü ad kimi qeydiyyatda qalırlar. Görünür, hansısa bir hüquqi mexanizmlər olmalıdır ki, müəyyən fasilədən sonra fəaliyyət göstərmək imkanı olmadığı görünən KİV-in fəaliyyətinə xitam verilsin. Həmin adlar yenidən sərbəst elan olunsun. Hüquqşünas olmadığım üçün bunun detallarını deyə bilmərəm. Amma qanunvericilikdə belə qaydalar nəzərdə tutulmalıdır”.
Q.Abbasoğlu diqqətə çatdırıb ki, ƏN-i qınamağın mənası yoxdur: "Baxın, hansısa media orqanı təsis etmək istəyən adam nazirliyə normal şəkildə müraciət edir. KİV-i qeydiyyatdan keçirir. Bu halda ona bildirməyə və məhdudiyyət qoymağa haqqımız yoxdur. Deyə bilmərik ki, qeydiyyatdan keçmək hüququn yoxdur. Çünki nazirlik həmin şəxsin o media quruluşunu hansı məqsədlə yaratdığını bəri başdan bilmir. Hətta onların məqsədləri bəlli olsa belə, hüququnu məhdudlaşdıra bilmərik. Ona görə də, KİV-lərin müxtəlif adlarla qeydiyyatdan keçirilməsinə məhdudiyyət qoymaq imkanımız yoxdur. Qanun bizə bu imkanı, səlahiyyəti vermir. Lakin qeydiyyatdan keçəndən sonra o media orqanlarının hansı fəaliyyətlə məşğul olması məsələsində qanun öz sözünü deməlidir”.
Şantajçı jurnalistlərdən söz açan müsahibimiz qeyd edib ki, onların mediaya heç bir aidiyyəti yoxdur və jurnalistikanı gözdən salmaqla məşğuldurlar: "Bununla yanaşı, şantajçı jurnalistlərin sayının artmasına və fəaliyyət imkanlarının genişlənməsinə səbəb olan amilləri göstərmək istərəm. Baxın, cəmiyyətimiz maarifsiz və hüququnu bilməyən cəmiyyətdir. Xüsusilə də şantajçı medianın hədəfi olan dövlət məmurları, dövlət idarələri və yaxud da hansısa şirkətlər, təşkilatlar kifayət qədər qanunsuzluğun içərisindədirlər. Əməllərindən narahat olduqları üçün bu cür parazit şantajçıları yaşatmaqla məşğuldurlar. Həmin adamlar çirkin əməllərinin olduğunu bildikləri üçün şantajçılar barədə heç kimə şikayət edə bilmir. Məcburən o parazitləri yaşatmaqla məşğul olurlar. Şantajçı jurnalistikanın yaranması və genişlənməsinin ən böyük səbəbi kimi bunu görürəm”.
Q.Abbasoğlu onu da əlavə edib ki, şantajçı jurnalistikanın qarşısını almaq məqsədilə Mətbuat Şurası (MŞ) müəyyən çabalar göstərir: "Zaman-zaman bunun şahidi oluruq. Ən azından məlumatlar yayırıq. Amma görünür, effektiv deyil. Axı, bu məsələ MŞ-dən asılı deyil. Onu qidalandıran ölkədəki institutlardır. Zənn edirəm ki, belə işlər hansısa bir qərar və ya əmrlə yoluna qoyula bilməz. Bunlar zamanla və tərbiyə ilə aradan qalxacaq. Pessimist fikir də olsa, deyim ki, bir az gözləməli olacağıq”.
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli bildirib ki, qeydiyyatdan keçən media orqanlarının sayının çoxluğunun qarşısı alınmalı hal deyil: "Ölkədə hansısa media quruluşunun təsis edilməsi Azərbaycanın 2001-ci ildə Avropa Şurasına üzv olmasından sonra qərarlaşdırıldı. Düzdü, son Nardaran hadisələrindən sonra dini məqsədli KİV-lər təsis olunmur. Bu, qanunla qadağa olunub. Amma digər hallarda qanun buna imkan verir. Kim işini düzgün qurur, auditoriyanı yaxşı hesablayır, onlar peşəkarlar cəlb edə bilir. Media bazarlarında özlərinə yer tapa bilir. Kimin ki hazırlığı yoxdur, redaktorluğu və jurnalistikanı bilmir, əlbəttə, onlar müvəffəqiyyət qazana bilmir. Bu aspektdən baxanda KİV-lərin sayının 5100 olması elə də böyük bir rəqəm deyil. Çünki qeydiyyatdan keçmək hələ fəaliyyətdə olmaq demək deyil. Aktiv olmaq üçün peşəkar olmaq lazımdır. Həmin media orqanının maliyyəsi olmalıdır. Jurnalistikanın prinsiplərinə sadiq qalmalıdır. Yəni mətbuat orqanı oxucuya doğru informasiya verməlidir. Media nümunələrinin çoxluğu bizi qorxutmalı deyil. Ona qarşı da mübarizə aparmalı deyilik. Bu bir bazardı. Ələnəcək və yalnız keyfiyyətli olanlar qalacaq. Keyfiyyətsizlər isə sıradan çıxacaq”.
Reketçiliklə məşğul olmaq məqsədilə sayt, qəzet təsis edənlərə gəlincə, ekspert vurğulayıb ki, bu məsələnin iki tərəfi var: "Birinci tərəf odur ki, əvvəla, qanunvericilikdə redaktor olacaq şəxslərlə bağlı ali təhsil şərti və jurnalistika peşəsinə sahiblənmə məsələsi var. Yəni hər istəyən redaktor ola bilməz. İkinci bir məqam odur ki, əgər reket jurnalistika varsa, onu bəsləyən reket məmurlar da mövcuddur. Nədən reket jurnalistikası yaşayır, onu kim yaşadır? Onu yaşadan oğru məmurlardır. Onlar öz oğurluqlarının mətbuatda işıqlanmasından qorxurlar. Baxın, mən əgər şəffaf fəaliyyət göstərirəmsə, bir "jurnalist” gəlib desə ki, səndən yazacam, deyəcəm ki, get yaz. Çünki biləcəm ki, yazdığı böhtan olacaq və məhkəməyə verib, hüququmu bərpa edəcəm. Bu vəziyyətdə reket jurnalistikanın şansı qalmır. Amma deyək ki, məsələn, rayonlarda bələdiyyə hesabatlarında göstərilir ki, yola hər il 30 min maşın daş tökülüb, gedib baxırsan ki, 30 ildə bircə maşın daş tökülüb. Bu məsələni yazıb, bələdiyyə sədrinin masasının üstünə qoyan adamın niyyəti təmiz deyil. Həmin adam bunu ciddi şəkildə reketçilik düşüncəsi ilə edib. Amma o bələdiyyə sədri də bilir ki, mahiyyət etibarilə yarıtmaz fəaliyyət göstərir. Məhz, bu səbəbdən onlar reket jurnalistlərlə bazarlığa gedir. Baxın, bataqlığı qurutmadan ağcaqanaddan xilas olmaq olmaz. Reket jurnalist ağcaqanaddırsa, onu bəsləyən bataqlıq isə məmurların korrupsiyasıdır. Buna qarşı birgə mübarizə aparmalıyıq ki, nə reket jurnalist qalsın, nə də onu bəsləyən məmur. Doğrudur, əziyyət çəkən, doğruları obyektiv şəkildə cəmiyyətə çatdıran jurnalistlərin adını ləkələyən reketlər mövcuddur. Eyni zamanda, onları ifşa etmək imkanımız var və edəcəyik də. Onları bəsləyən mənbələri də qurutmalıyıq. Bataqlığı qurutmasaq, ağcaqanadlar çəkilməyəcək”.
(davamı var)
Ayyət Əhməd