
“Bir gecə ayılıb gördüm ağlayır”
"Dedi ki, “Arzu, sən başa düşmürsən bu yaşda evsiz qalmaq nə deməkdir”

(Əvvəli ötən sayımızda)
Bunların üçünü də başqası ilə bölüşmək mümkün deyil. Başqa heç nəyi yox idi. O vaxt Hacıbaba Bağırov teatrda divanda yatırdı, sabaha ümidi yox idi. Biz evlənəndən sonra altı ay kirayədə qaldıq. Bir gecə ayılıb gördüm ağlayır. Soruşdum: - Hacı, nə olub? Mən axı sənə demişəm, hər şey yaxşı olacaq.
- Arzu, sən başa düşmürsən bu yaşda evsiz qalmaq nə deməkdir. Çox çətindir mənim üçün bunları danışmaq... Mən onda daha yaxşı anladım onu. Təsəlli verdim:
- Bizim evimiz olacaq. Mənim ayağım ruzilidir, Hacı, görəcəksən, biz hər şey əldə edəcəyik. Bir də nə olsun, mən ki sənin yanındayam.
O, elə bil özündə təmkin tapdı, rahatlandı. Dedi:
- Hə, inanıram.
Üstündən ikicə həftə keçdi. O zaman Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti olan İlham Əliyev bizə ikiotaqlı mənzil hədiyyə etdi. Ora bizim üçün, bilirsiniz nə idi? Cənnət sarayı! Məhəbbətlə qurulan ocaqda hər zaman istilik olur. Bizə gələnlər də deyirdilər, bu evdə gözəl ab-hava var. Mənim çevrəm geniş deyildi. Hər insanı yaxına buraxmağa ehtiyac duymuram. Hacı da belə idi. Dostu çox deyildi. Məndən qabaq onun evinə çox qonaq gəlməzmiş. Ona görə aktrisa Kübra Əliyeva deyirdi: "Hacını Arzu 180 dərəcə dəyişib. Hacının evində qonaqlıq nə idi, gəlib oturmaq nə idi?”. Hacı içinə qapanan yox, sakitliyi sevən adam idi. Həyatı ağır keçib. Anası ilə atası ayrılıb. Hacını ata nənəsi Törə saxlayıb. Anası, demək olar ki, ona analıq etməyib. Bunlar mənə Hacının danışdıqlarıdır. İndi bu məsələləri yenidən saf-çürük etmək istəmirəm. Olub-keçib. Məndən sonra Hacının anası ilə əlaqələri daha da yaxşılaşdı. Heç gizlətmirəm, bunda mənim rolum oldu. Sona xanım mənim üçün Hacıbabanın anası idi. Düşünürdüm, bu qadın sevdiyim insanı dünyaya gətirib, həyat verib. Ona qarşı necə laqeyd ola bilərəm?
Hacıbabada gözəllik yox idi. Ancaq onun gözəl qəlbi var idi. Bir də danışığı, hərəkətləri, qadınlarla rəftarı kişiyana idi. Yəqin, buna görə qadınlar onu bəyənirdilər. Ətrafında dolanmaqdan xoşlananlar çox idi. Hacı da etinasız kişi deyildi. Amma elə ən böyük zərbələri də qadınlardan almışdı. Biz ailə quranda onun altmış yeddi yaşı var idi. Taleyi elə gətirmişdi ki, dönə-dönə evlənmişdi, azərbaycanlı kişilərin çoxu kimi həyatından bəlkə onlarla qadın keçmişdi. Amma bunların hamısı keçmişdəydi. Artıq Hacının məndən başqa fikri yox idi. Aramızda elə bir konflikt, dava-dalaş olmurdu. Mən elə tələbkar qadın deyiləm, həyat yoldaşımdan tələb edəm: "Mənə onu al, bunu elə...”. Ola bilərdi nəyi isə zarafatla deyəydim. Ancaq onu sıxışdırmazdım. Hacının pul kisəsi ilə maraqlanmazdım. Fikirləşirdim, görərəm pulu azdır, narahat olaram, ya da bilərəm çoxdur, mənə az xərcləyib, onda da pərt olaram. Hacının nəyi var idisə, ailəsi ilə bağlı idi. Ailəsi üçün yaşayan insan idi. Ona görə məndə maraq doğurmurdu pulunu nəyə xərcləyir. Bir də görürdüm, Hacı pulunu ən çox geyimə xərcləyir. Bir kişi kimi çox təmizkar idi, özünə həddindən artıq fikir verirdi. Ondan həmişə gözəl ətir qoxusu gəlirdi. Pal-paltarı həddindən artıq təmiz idi. Mənimlə görüşəndən sonra tamamilə idman üslubuna keçdi. Cins şalvarlar, sviterlər geyinirdi. Məndən soruşurdu: "Ceyran, necədir?”. Mən də tərifləyirdim. Ona o qədər xoş sözlər deyirdim. İstəyirdim, həmişə əhval-ruhiyyəsi yaxşı olsun.
- Qısqanc xanımsız. Hacını qısqanırdız?
- Mən Hacını dəlicəsinə qısqanırdım. Bunu hamı bilirdi. Divara da qısqanırdım. İnsan sevirsə, qısqanmalıdır. Mənim qənaətim belədir. Qısqanclıq yoxdursa, deməli, o adam sənin üçün o qədər əhəmiyyətli deyil. Mənim yanımda televizorda qızların rəqsinə, ən çox da göbək rəqslərinə baxmırdı. Bilirdi ona sual verərəm: "Hacı, xeyir ola, belə baxırsan, bəyənmisən?”. Adam yanında ona irad tutmağı xoşlamırdım. Hacı məni bir baxışımdan anlayırdı. O, Allaha bağlı insan idi. Hər gecə kəlmeyi-şəhadətini söyləyir, dua edirdi. Sonra mənə deyirdi: "Arzu, xoşbəxtəm ki, səni qısqanmıram. Sənə inanıram. Mənə qısqanmağa yer qoymursan”. Özümü Hacının xasiyyətinə uyğunlaşdırmışdım. Ondan məsləhət alırdım. Bir paltarı geyinməyə icazə verirdisə, geyinirdim. Həddindən artıq özümə baxan, gözəllik salonlarından çıxmayan qadın deyildim. Bütün günü bir yerdəydik. Hacı məni kimə qısqanmalı idi? Onun yanında işləyirdim. İşə ya birlikdə gedirdik, ya da Hacı səhər saat 10-da, 11-in yarısı ardımca maşın göndərirdi. Hacı həmişə deyirdi: "Mən indi bilirəm rahatlıq nədir, kişiyə necə qulluq olunar, kişi necə qarşılanar, necə işə yola salınar”. Ona qarşı çox diqqətli idim. İşə birlikdə getmirdiksə, mütləq onu qapıda öpür, Allaha tapşırıb yola salır, liftin qapısı bağlananadək gözləyirdim. Köhnə evimizdə hər səhər düşürdü aşağı. Onu pəncərədən baxışlarımla yola salır, əl eləyirdim. O da mənə əl eləyir, sonra maşına əyləşirdi. Bir səhər durub onu yola saldım. Gəlib yatdım. Qəflətən cib telefonuma zəng gəldi. Telefonu açan kimi Hacının səsi eşidildi: "Hə, yadından çıxaram da, qalmışam burda, yağışın altında. Kim məni yola salacaq?”. Əl eləməmişəm, bu da dayanıb yağışın altında, baxır pəncərəyə. Dedim, Hacı, qurbanın olum, bağışla, yuxulu olmuşam.
- Axı deyirlər ailə qurduqdan sonra münasibət adiləşir...
- Altı il yarım bir yerdə yaşadıq. O mənim üçün adiləşmədi. Bir də mən qadınlığımı onun yanında hiss etdim. 6 il yarım mənə bir ömür özümü qadın olaraq xoşbəxt hiss etməyə bəs etdi. Hacı ağırxasiyyətli yox, ağırtəbiətli insan idi. Qədimi kişilərə xas xasiyyəti var idi. Rollarından tam fərqlənirdi. Mən idim zarafatcıl. Danışırdım, gülürdü. O çox ciddi idi. Belə xoşuma gəlirdi. Kişidə zəhm olmalıdır. Ona zarafatla min söz deyə bilərdim. Ciddi söhbətə gələndə, aradan pərdəni götürmürdüm. Hiss edirdim qarşımda kişi dayanıb. Xoşbəxt idim. Aramızdakı yaş fərqini görmürdüm. İnsan sevəndə gözünə heç nə görünmür.
...Sənətə bağlı adam idi Hacıbaba. Teatrı dəlicəsinə sevirdi. Teatr onun ikinci də demərəm, birinci evi idi. Ona görə əvvəl teatrı, sonra evini düşünürdü. Mənə deyirdi, biz bütün günü buradayıq da. Doğrudan da günümüz teatrda keçirdi. Hacının elə tamaşası olmazdı ki, mən teatrda olmayım. Tamaşa başlamamış zəng edib soruşurdu: "Harada qaldın? Mən qrim otağına gedirəm”. Deyirdim: "Ay Hacı, tamaşanı sən oynayırsan ey, mən yox. Get, gəlirəm”. Saat 6-ya qədər özümü teatra çatdırmalı idim ki, qrim otağına Hacı ilə bir yerdə gedim. Tamaşa zamanı səhnə arxasında, bəzən salonda olurdum. Hamilə olanda, o isti günlərdə halsız vəziyyətdə yenə Hacının yanında idim. Təzyiqini, şəkərini ölçürdüm. O, mövsümün son tamaşasını iyunun 14-ü oynadı. İyulun 8-də Şölə dünyaya gəldi. Onda Hacı ilə dörd il idi evliydik. Hacı övlad istəyirdi. Deyirdi, Arzu, sən gəncsən, mən yaşlıyam. İstəyirəm, səndə bir yadigarım qalsın. Mir Mövsüm ağa ziyarətgahına ayda bir-iki dəfə gedirdi. Əllərini göyə qaldırır, Allaha yalvarırdı ona bir övlad versin. Özü də qız uşağı istəyirdi. Onun əvvəlki evliliklərindən övladları var idi. İndi bu məsələyə də qayıtmaq istəmirəm...
- Şölənin gəlişini necə qarşıladı?
- Biz onunla dostdan da yaxın idik. Hər sözümüzü, sirrimizi bölüşürdük. Düzünü deyim, ona deyəndə sevincindən yerə-göyə sığmırdı. Dedim Hacı, deyəsən, ata olacaqsan. Tez sürücüsünü göndərdi ki, test alsın. Özü də 10 dənə test. Sürücü aptekdən gələnə qədər 20 dəfə zəng vurdu. Testdən sonra əmin olduq ki, övladımız olacaq. Çox həyəcanlandı. Dedi, Ceyran demə heç kimə hələ bir müddət. Qorxuram, göz dəyər bizə. Dedim yaxşı, istəməsən, demərəm. Bir müddət gizlətdik hamıdan. Ancaq anam bilirdi, bir də bacım ki, hamiləyəm. Axır vaxtlar göz-nəzərdən qorxardı.
Mən hamilə olanda həkimlər əvvəl dedilər oğlunuz olacaq. Hacı deyirdi: "Oğlan pis deyil, düşmən çəpəridir... Amma qız uşağı daha yaxşıdır”. Allaha yalvarırdım qızımız olsun. Növbəti müayinədən sonra həkim dedi, uşaq qızdır. Hacıya bu xəbəri verəndə inanmadı. Dedi, səhər gedək, qızımı görüm. Hər çərşənbə axşamı səhər saat 11-də teatrda beş dəqiqəlik iclas olurdu. İclasdan qabaq Hacı mənimlə xəstəxanaya getdi. Həkim məni müayinə etdi. Qızını görəndə Hacının gözləri doldu. Uçmağa qanadı yox idi.
Onda hələ ikiotaqlı mənzildə yaşayırdıq. Eyvanla aranı açıb mətbəxi genişləndirmişdik. Hacı istəyirdi eyvanı olsun, kreslo qoysun ora, oturub siqaret çəksin. Yaxşı ki, bu arzusuna da çatdı. Yetmiş illiyində prezident Heydər Əliyev ona zəng etdi. Deyirdim, Hacı, nə olar, de ki bizim heç eyvanımız da yoxdur. İtələyirdi məni: "Yox, demərəm”. Telefon əlində danışa-danışa otaqlarda gəzir, mən də ardınca düşmüşdüm. Təkrar edirdim: "De ki eyvanımız yoxdur”. Hacı belə iyirmi dəqiqə prezidentlə danışdı. Mənim israrıma baxmayaraq, heç nə istəmədi. Sonradan prezident Musiqili Komediya Teatrına gələndə Hacıbabaya dedi, övladın dünyaya gəlsin, gərək sənə böyük ev verilsin. Verildi də.
Qızımızın dünyaya gəldiyi günü xatırlayanda indi də məni gülmək tutur... Gecə 2-nin yarısıdır. Deyirəm:
- Hacı, biz xəstəxanaya getməliyik, vəziyyətim pisdir.
- Ceyran, qurban olum sənə. Səhər açılsın, adam balası kimi duraq, sürücüyə zəng vuraq. Gəlsin, oturaq maşına, gedək.
- Hacı, biz xəstəxanaya getməliyik. Qurban olum, məni çatdır xəstəxanaya.
Sürücünü tapmırıq. Telefonu sönülüdür. Birdən necə qışqırdımsa "Hacı, tez ol!”. Özünü itirdi. Mən o halda işığı, qazı söndürdüm, qapını bağladım. Qonşudan xahiş elədik, bizi maşınıyla Mərkəzi Kliniki Xəstəxanaya çatdırdı. Gecə saat 3-də Şölə dünyaya gəldi. Hacı bütün gecəni xəstəxanada oldu. Səhər getdi. Saat 11-də mənə zəng vurdu: "Televizoru aç, sənə sürprizim var”. "İllərboyu yol gələn Arzumun Şöləsisən” mahnısını o gün eşitdim. Bəstəkar Mətanət Dadaşova pianoda çalır, Hacı oxuyurdu.
Hər ikimiz çox sevinirdik. Şölə həyatımıza rəng qatmışdı. Hacının günü xəstəxanada keçirdi. Həkim demişdi, Hacıbaba müəllim, burda çox uşaqlar doğulur, belə atasına oxşayanını görməmişəm. Elə bil, balaca Hacıbabadır (Həqiqətən Şölə Hacıbaba Bağırova zahirən çox bənzəyir -T.M ). Şölə zəif doğulmuşdu, çəkisi bir kilo yeddi yüz qram idi. Hacı deyirdi, bu böyüyənə qədər mən bunun fikrindən öləcəyəm.
- Hacı hansı təamları, yeməkləri sevərdi?
- Hacı isti qoğalı kəmşirin çayla sevərdi. Yağı tökülən isti paxlava sevərdi. Anam tez-tez bişirərdi. Xingalı, düşbərəni çox sevərdi. Bir də əsasən döşəməli aşı, fisincanı sevərdi.
- Hacının vida mərasimində bəzi həmkarları sözün həqiqi mənasında artistlik belə etdilər. Əslində həmin artistlər onun yerinə keçmək üçün canfəşanlıq etdilər. Amma deyəsən, alınmadı?
- Hacıbabanın ayaqqabısını geyinmək istəyə bilərlər. Onun yerişini yeriyə bilməzlər. Hacıbabanın yerini kimsə əvəzləyə bilməz səhnədə.
- O insanlarla ünsiyyətiniz var bu gün?
- Vallah, mən bilmirəm kimə eyham vurursuz? Amma onu bilirəm ki, elələri oldu. Teatrda o qədər artistlər var ki.
- Axı siz bunu hiss eləməmiş deyildiz. Siz onun hər işindən xəbərar idiz.
- Əslində həqiqətən mənim hiss etmədiyim heç nə yox idi. Hiss edirdim. Bəziləri məndən çəkinirdi. Çünki bilirdilər ki, mən ağıllı qadınam. Bundan ehtiyat edib narahat olanlar var idi.
- Çünki sizdən əvvəl Hacını ələ almaq, onun yumşaq hisslərindən istifadə edənlər olub...
(davamı var)
Tahirə Məmmədqızı