Bir sevən qadının həyat hekayəsi (Çevirəni: Şükür ŞƏNOL)
U e d a A K İ N A R İ
Ueda Akinari (1734 – 1809) – feodal dövrü yapon ədəbiyyatının son klassiklərindən biridir. Onun ədəbi irsi bu gün də Yaponiyada sevilərək oxunur və çox məşhurdur. "Duman, sis içində Ay” novellalar silsiləsi Akinarinin ən yaxşı əsərlərindəndir. Nağıl, əfsanə süjeti ta qədim zamanlardan bütün xalqların yaradıcılığında geniş yer alıb. Bu keyfiyyətlər, milli yapon məişəti Akinarinin interpretasiyasında özünəməxsus rəng və çalarda,romantizmin realizmlə sintezində, yeni cizgilərlə təqdim olunur ( yapon ədəbiyyatşünasları bunu XX əsr yazıçıları Alber Kamyü və Kabo Abenin roman-pritçaları ilə müqayisə edirlər ).
Qeyd edək ki, XVIII əsrdə motivi əfsanə, nağıl povest və hekayələrin Yaponiyada geniş yayılmasına səbəb hökmdarın 1722-ci ildə verdiyi fərmanla bağlı idi. Bu fərmanla o dövrün reallıqlarını bədii ədəbiyyata gətirmək, gerçəkliklərə qələmə alınan əsərlərdə toxunmaq qadağan olunurdu. Bununla bərabər, XVIII əsrin ikinci yarısında, Akinarinin yaşayıb-yaratdığı bir zamanda feodal cəmiyyətin içində ziddiyyətlər, qarşıdurmalar artırdı, müxalif əhval-ruhiyəli fikirlər güclənirdi.
Akinarinin "Bir sevən qadının həyat hekayəsi” novellası "Duman, sis içində Ay” silsiləsindəndir. Hadisələrin daha qədim zamanların qarışıq, mübhəm fonunda təsvir olunduğu Akinarinin novellalarında müasirlərini düşündürən, aydın anlaşılan, kəskin, ciddi eyhamlar var.
Şükür ŞƏNOL
Bir sevən qadının həyat hekayəsi
Novella
Simosa əyalətinin Kasusika qəzasındakı Mama kəndində Kasusiro adında bir nəfər yaşayırdı. Onun cədd-əcdadı çox qədimdən bu yerlərdə yurd-yuva quranlardan sayılırdı. Özü də böyük torpaq və əkin sahəsinə sahibiydi və tam məmnunluq içində gün-güzəran sürürdü. Amma zaman ötdükcə bu, kəndçi əməyini ağlının ucbatından özünə ayıb saydı. Ona görə də təssərrüfatı dağılmağa, geriləməyə başladı.
Qohumları da ondan üz döndərdilər və o, bundan pərt olub öz işlərini yoluna qoymağa çalışdı. Məhz bu vaxt Sodzi Sasabe adında bir tüccar kəndə gəldi. O, Asikaqada hazırlanan ipək parça ticarətiylə bütün əyalətdə tanınırdı. Və hər il paytaxtdan bu yerlərə gəlirdi, həm də nəzərə almaq lazımdır ki, kənddə olan qohumlarına baş çəkirdi. Kasusiro onu yaxşı tanıyırdı. Ona görə də paytaxta getməsi və ticarətlə məşğul olmasına köməyini əsirgəməməsini cənab Sasabedən xahiş etdi, o da buna böyük həvəslə razılıq verdi. Sodzi qayıdanda Kasusironu da özüylə aparacağını və hansı gün yola çıxacaqlarını da ona söylədi. Bundan məmnun olan Kasusiro qalan əkin sahələrini də satıb əldə etdiyi pula kifayət qədər ipək alıb Sasabenin gedəcəyi günü gözlədi.
Kasusironun arvadı kəndin ən gözəl qadınıydı, bir tərəfə çıxanda ona gizlicə göz yetirənlər çox olurdu və o, xoş xasiyyətiylə də seçilirdi. Ərinin paytaxta getmək qərarından sonra pərişan olan Miyaqi hər vasitəylə onu bu fikrindən daşındırmağa çalışdı. Amma bu səfər Kasusironun çoxdankı niyyəti olduğuna görə Miyaqi qarşıda onu gözləyən ayrılıqla barışmalı olub əinin yoluna hazırlıq görməyə başladı. Və vaxt yetdi, sonuncu bütün gecəni yatmayıb öz aralarında olan söhbətlə səhəri açdılar. "Bir arxası, dəstəyi, köməyi olmayan qadın ruhən çaşıb çöllərdə və meşələrdə gəzməyə, dolaşmağa məhkumdu. Sənsiz nə təhər acı günlər yaşayacağımı fikirləş. Gecə də, gündüz də məni xatırla və tezliklə qayıt. Məsəl də var: salamat qalsaq, görüşəcəyik. Amma belə bir zamanda sabah nə olacağını heç kim deyə bilməz. Qoy, sənin bu sərt ürəyində mənə qarşı rəhm əskik olmasın”. Arvadını sakitləşdirməyə çalışan Kasusiro deyirdi: "Yad yerdə insan dalğaların qovub istədiyi səmtə apardığı çöp kimi bir şeydi. Nəyə görə mən orda uzun müddət qalmalıyam? Mən payızda qayıdacağam, Kudzunun tel kimi uzun yarpaqları torpağa yatanda. Heç ruhdan düşmə, məni gözlə”. Və dan yeri qızaranda şərqdən paytaxta tərəf yola çıxdı.
Həmin yay, Kyotokunun idarəçiliyi illərində canişin Siqeudzi Uesuqinin müşavirləriylə dava saldı və Uesuqinin döyüşçüləri canişinin sarayını büsbütün himinə qədər yandırdılar. Canişin Sosyudan olan tərəfdarlarının yanında özünə sığınacaq tapdı. Bundan sonra paytaxtdan şərqə tərəf getdikcə daha çox artan hərc-mərclik və iğtişaşlar başladı, aləm bir-birinə qarışdı, hər kəs yalnız öz xilası haqqında düşünürdü, qocalar meşələrə qaçırdı, amma cavanları qol gücünə sorla döyüş dəstələrinə alırdılar. Kəndlərdən artıq yanıb kül olanı da vardı, düşmənlərə layiqli cavab verməyə hazır olanı da – bu kəndlərdə qadınları və uşaqları gizli yerlərdə saxlayırdılar. Hamı bu qarışıqlıqda başını itirmişdi, fəryad, inilti səsi, ah-vay göylərə yüksəlirdi.
Kasusironun arvadı da bir yana qaçmaq istəsə də ərinin payızda qayıtmaq vədini xatırlayıb öz evində qaldı və beləcə təlaş və təşviş içində günləri saymaqla yaşamağa davam etdi. Payız girdi, ağaclarda yarpaqlar saraldı, amma ərindən bir səs, bir soraq çıxmadı. Görünür dəyişən dünya kimi insanların da etibarsız olduğuna əmin olub şeirlər də yazdı:
Mənim kədərim haqda bu xəbərləri,
Sevimli ərimə kimlər aparsın?
Bəlkə, sən açasan, ey gecə quşu
Bürkü, boğanaqda "görüş qapısın”
Ona söyləyəsən payız da ötdü...
Lakin arada onları ayıran sıra-sıra dağlar, dərələr və vadilər vardı, Kasusironun indi tənha qalan bu qadınının dualarını dinləmsi mümkünsüzdü. İğtişaşlar isə davam edirdi və insanlar daha çox təşviş içində vurnuxurdu. Hərdən Miyaqini görməyə gələn tanışlarını da bu qadının gözəlliyi yoldan çıxarır, ehtiras oyadan sözlərlə zavallını azdırmaq istəyirdilər. Amma bu qadın öz ləyaqətini qoruyub hiddət və qəzəblə belə adamları rədd edirdi, axırda da bir kimsənin gözünə görünməməyə qərar verdi. O, tənha yaşayırdı, evdə olan ərzaq və azuqə ehtiyatı da tükəndi. Yeni ili də qüssə-kədər içində qarşıladı.
Qiyam və döyüşlərin sonu görünmürdü. Suneyori hələ payızkən ali baş komandan - Şərqi Simotsukenin canişini və Mino xanədanının başçısının əmriylə öz qəbiləsindən olan Sanetane Tibayla birlikdə Siqeudziyə qarşı hərəkətə keçdi. Amma kamakurlu canişin qətiyyətlə müdafiə olunurdu. Talan və qarətlə başgirləyənlər güclü mühafizə olunan düşərgələr salır və ətraf əhalini çapıb talayır, yaşayış məntəqələrinə od vurub yandırırdılar. Kantonun bütün səkkiz xanədanının sakit bir dəlmə-deşiyi belə qalmadı, insanlar qəddarlıq və amansızlığın cəngində ah-nalə çəkirdi.
Kasusiroya gəlincə, o, çox tez bir vaxtda əlində olan ipəyi paytaxtda satıb yaxçı gəlir əldə etdi, ona görə ki, o dövr paytaxt sakinləri təm-təraqlı yaşamağı çox sevirdilər. Kasusiro geri qayıtmağa hazırlaşanda bütün paytaxt Siqeudzinin sarayının yandırılmasından, Uesuqinin döyüşçülərinin kamakurlu canişinin axtarışında olmasından və bütün şərqin iğtişaş tüğyan edən odun-alovun içində qovrulmasından danışırdı. Hətta sən şahidi olduğun hər hansı bir hadisə haqqında yayılan şayiədə belə həmişə ağılagəlməz uydurma fikirlər olur. Xüsusən də daha çox uydurma fikirlər o şayiələrdə olur ki, vaqiələr qat-qat ağ buludların altında görünməz olan ölkədə baş verir. Bununla belə rahatlıq tapa bilməyən Kasusiro geri dönmək üçün avqustun əvvəlində paytaxtdan çıxıb şərqə tərəf yola düşdü. Amma ona mənzilbaşına çatmaq qismət olmadı. Kiso dağlarındakı Misaka təpəliklərində alatoranda soyğunçular onu haxlayıb üst-başını qarət etdilər. Sonra o, xəbər tutdu ki, şərqdə hər yerdə gözətçi məntəqələri qoyulub və yolçuları nə o tərəfə, nə də bu tərəfə buraxırlar, hətta məktub göndərmək də olmur. "Çox güman ki, mənim də evim yanıb, arvadım da ölüb, opa gedib çıxsam belə doğma olan heç kimi görə bilməyəcəm. Ancaq iblis kimi qəddar, amansız yadlar məni qarşılayacaq” – deyə Kasusiro düşündü. Və o, paytaxta qayıtmalı oldu. Omi mahalına çathaçatda hiss etdi ki, halı yaxşı deyil. Onu titrətmə tutdu, qızdırması olduğunu yalnız indi anladı.
Bu mahalın Musa kəndində Kaxey Kodama adında bir zəngin vardı. O, Sasabenin arvadının qohumlarından sayılırdı. Kasusiro ondan daldalanmaq üçün bir yer istədi. Kodama onu qəbul edib qayğısına qaldı, təbib çağırıb dava-dərman aldı. Tezliklə Kasusiro yaxşılaşdı və ev sahibinə ona göstədiyi xeyirxahlığa görə təşəkkür etdi. Ancaq o, hələ də özünü heysiz hiss edir və yola çıxmağa cəsarət etmirdi. Kasusiro istədi-istəmədi bütün qışı ta yaza qədər Kodamanın evində qalmalı oldu. Günlər, həftələr ötdükcə bu kənddə dostlarının sayı da artdı: Kodamadan belə hər kəs bu qərib adama iltifatla yanaşırdı, ona görə ki, o, təmizqəlbli və gülərüz idi.
Bir gün paytaxta yollanan Kasusiro Sasabedən hal-əhval tutandan sonra yenidən Omiyə, Kodamagilə qayıtdı. Qayət, röyalarda olduğu kimi yeddi il keçdi.
Kansyonun idarəçiliyinin ikinci ilində mərkəzi əyalətlərdən biri sayılan Kavatidə qiyam qalxdı. Xatakeyamadan olan tayfalar arasında qəbilə davası ölüm-dirim savaşına döndü. Paytaxt ətrafı kənd və qəsəbələrdə də qarğaşalıq, hərc-mərclik başladı. Yazda dəhşətli qırğın oldu, paytaxtın məhəllə və dalanlarında ölənlərin cəsədləri günlərlə yerdə qalırdı, insanlar ümidsizlik içində çox kədərli həyat yaşayırdı.
"İnana bilmirəm, bu, mənəmmi? – bir gün özünü qınadı Kasusiro. – Necə oldu ki, mən bu qədər ləyaqət və simamı itirdim? Bu uzaq mahalda tanımadığım adamların mərhəmətinə sığınıb illərlə yaşamaqla nəyə ümid etdim? Ötən uzun illərdə sinəmdə ürəyin yerinə sanki hər şeyi yadırğama tarlası göyərdi və mən bir dəfə də olsun doğma kəndimi, qoyub gəldiyim gözəl qadınımı da xatırlamadım. Miyaqi artıq həyatda olmasa da belə, dünyasını dəyişsə də belə - fərqi yoxdu, gərək onun əbədi yuxuya getdiyi yeri tapım, məzarını görüm...” Kasusiro bu fikrini dostlarına da bildirəndən sonra yağışlı bir yaz günü yola çıxdı və yolçuluğunun onuncu günü doğma yurd yerlərinə çatdı.
Artıq günəş görünmürdü, qaranlıq düşmüşdü. İndi bir az da yerə yaxın ağırlaşan qara, tutqun buludlar yağışdan xəbər verirdi. Bu yerlərə yaxşı bələd olan Kasusiro qaranlıqda azmamaq üçün seyrək yay otu göyərən biçənəkdən keçdi. Amma çayın kənarına çatanda köhnə körpünün uçduğunu, suyun gur axınına yatdığını gördü. Ətrafda kimsə görünmürdü, qəhəl və ağıllarda nə mal-qara, nə də davar vardı, əkin yerləri alağın, qanqalın içindəydi, yol-riz kol-kos ağzındaydı. Əvvəlki evlər də gözə dəymirdi. Tək-tək salamat qalan tikililərdə deyəsən yaşayan vardı, amma bu tikililərdən heç biri o vaxtlar onun gördüyü evlərə bənzəmirdi. Hara gedəcəyini bilməyən Kasusiro çaşqınlıq içində dayanıb durdu. Və birdən özündən iyirmi addım aralıda buludların dağınıq yerlərindən ayın, ulduzun işığında görünən gövdəsini ildırım vurmuş hündür şam ağacını gördü. Bu, onun evinin qabağında bitib böyüyən şam ağacı idi və o, bir anda ürəklənib ağaca sarı getdi. Evi əvvəlki kimiydi. Ona elə gəldi ki, bu evdə kimsə yaşayır: budaqların arasından baxanda pəncərədə işıq şölələri titrəyirdi. Həyəcanlanan Kasusironun ürəyi çırpındı: "Görən odumu, yoxsa yad, gəlmə?”. Və o, öskürdü. "Kimsən?” – qapının arxasından səs gəldi. Şübhəsiz, bu səs onun qadınının səsi idi, baxmayaraq ki, yaşlı adamın səsinə oxşayırdı. Bəlkə xəyalıma gəlir? Özünə gəlməyə çalışıb dedi: "Bu, mənəm, mən qayıtdım! Doğrudanmı sən əvvəllər olduğu kimi yenə də bu evdə yaşayırsan? Səni yenidən görəcəyimə inanmırdım!” Miyaqi Kasusironun gözünə xəyal kimi görünürdü: üzü tutqun, gözləri quyunun dibində, dağınıq saçları çiynində, pərişan halda. Kasusiro onu çətinliklə tanıya bildi. Ərini görən Miyaqi hönkürmədən, sakitcə ağlayırdı.
Ürəyi kövrələn Kasusiro xeyli müddət bir söz demədən susdu və sonra dedi: "Sənin sağ və salamat olduğunu bilsəydim qürbətdə bu qədər qalardımmı? Gör mənim başıma nələr gəldi. Həmin il geri qayıtmağa hazırlaşırdım ki, paytaxtda Kamakurda baş verən qiyam haqqında xəbər yayıldı. Deyirdilər ki, canişinin qoşunun darmadağın ediblər, özü də Sosuya tərəf geri çəkilib və Uesuqi onu qarabaqara izləyir. Ertəsi gün Sasabe ilə vidalaşıb paytaxtı tərk etdim. Bu, avqustun əvvəllərində oldu. Kiso dağlarında soyğunçuların hücumuna məruz qaldım, pullarımı və yükümü əlimdən alsalar da özümə dəymədilər. Amma ətrafda yaşayan kəndlilərdən öyrəndim ki, şərqə tərəf həm dağlarda, həm də dəniz sahili yollarda gözətçi məntəqələri qoyulub və Uesuqinin qərargahına paytaxtdan elçi göndərilib ki, canişini məhv etsinlər. Ona görə də hər tərəf yanğın içindədir, qaralıb külə dönən bütün torpaqlar qoşunların tapdağı altındadır. Artıq sənin həyatda olmadığını düşündüm və geriyə, paytaxta döndüm. Xeyirxah insanlar mənə sığınacaq verdilər və mən yeddi ilə qədər orada yaşadım. Amma axırda darıxdım və qərara gəldim ki, kəndə qayıdım, bir daha birlikdə yaşadığımız doğma yerləri görüm. Mən gözlərimə inana bilmirəm. Röyamda belə inanmazdım ki, sən sağ-salamatsan. Ola bilsin ki, sən mənim yalnız xəyalıma gəlirsən?..” O, bunu deyir, tələm-tələsik də eyni fikri təkrarlayırdı.
Miyaqi göz yaşını saxlayıb dedi: "Sizdən ayrılandan sonra payızı gözlədim, lakin qəfil hər şey dəyişdi, dünya qarışdı, dəhşətli günlər başladı, qonşular evlərini atıb dənizin o sahilinə üz tutdular, bəziləri də meşələrdə gizləndi. Kənddə qalanlar abır-həyalarını itirdilər, tək qaldığımı görüb hiss və duyğularımla oynamağa can atdılar, məni təngə gətirdilər. Çox acı günlər yaşadım, şəhvətpərəstlərin əlində oyuncaq olmamaq üçün onlara qəzəbimi göstərib pərən-pərən saldım. Artıq gecələr göyün üzündə görünən Ağ Yol payızın gəldiyini deyirdi, amma sizdən bir xəbər yox idi. Mən qışı da yola verib yazı qarşıladım, lakin sizdən yenə də bir soraq verən olmadı. Paytaxta gedib sizi axtarmaq barədə düşündüm, amma kişilərin keçib gedə bilmədiyi gözətçi məntəqələrindən yayınmaq bir qadının hünəriydimi? Və mən ümidsiz, tək-tənha bu evdə qaldım, ətrafda yalnız tülkülər, çaqqallar gəzir, dolaşır, bayquşlar ulayırdı. İndi yenidən birlikdəyik, mən çox şadam, sizə olan incikliyimi də unutdum. Axı mən bu ayrılığa dözməyib bir kimsədən xəbərsiz bu acılar içində ölə bilərdim...”. Və Miyaqi yenidən göz yaşı töküb ağladı. "Gecə o qədər də uzun deyil, bir azdan səhər açılacaq”, - deyən Kasusiro ona təsəlli verdi, nəvasiş göstərdi və bir çimir yuxu almaq üçün yatağa uzandılar.
Gecənin ayazında kağız çəkilən pəncərə küləkdə soyuğu saxlamırdı. Buna baxmayaraq çox yorğun düşən Kasusiro bərk yuxuya getdi. Saat beş radələrində göyün üzündə toran sozalanda üşüyən və donan Kasusiro yarıyuxulu vəziyyətdəydi və yorğana daha bərk bürünmək istədi. Barmaqlarının altında nəyinsə xışıldadığını hiss edib oyandı, onun üzünə soyuq şeh damcısı düşdü. Bəlkə yağan yağış evə damır, - deyə fikirləşdi və gözlərini açanda küləyin damı atdığını gördü. Qapılar da taybatay açıq idi, cürüyən bambuk döşəmənin ağaran çat və yarıqlarında seyrək alaq otları görünürdü. Otların üstündən şeh damırdı, palı-paltarı da islanmışdı. Yabanı sarmaşıq divara sarına-sarına yuxarı qalxırdı. Həyətdəki sirkan adama boy vermirdi və yayın ən qızmar vaxtı olsa da hər yanda payızın gəlişindən bir nişanə vardı.
Miyaqi harasa yoxa çıxmışdı. "Yəqin gecə olanlar eləcə bir xəyal idi...” – Kasusiro fikirləşdi. Lakin bu ev heç şübhə yox ki, onun öz eviydi, amma kimsəsiz olması adama çox ağır gəlirdi. Evin otaqlaı, həyətdəki tikililər ona doğmaydı və bir müddət çaşan, qarıxan kimi ətrafa göz gəzdirdi. Sonra fikrə gedib əmin oldu ki, Miyaqi artıq həyatda yoxdu, yiyəsiz qalan bu ev də tülkü və porsuqların yuvasına çevrilib: " Buna görə də bu evdə, həyətdə hər sayaq qulyabanı və kabus gözə görünə bilər. Güman ki, darıxan Miyaqinin ruhu yanıma gəlib. əlbəttə, hər şey paytaxtda düşündüyüm kimi olur”. Hətta, o, ağlaya da bilmədi, həyətə çıxıb bir vaxtlar oxuduğu şeirlərdən misraları xatırladı: "Bircə mən qaldım həyatda...”. Həyətdə küləyin və yağışın gətirdiyi bir yaba ağzı cör-çöpün altında qalan qəlbi yer gördü, bunun məzar olduğunu anladı. "Yəqin gecə xəyalən görünən qarabasmalar da bundandır”. – Kədərlənən Kasusiro bir az da qorxuya düşdü. Məzarın üstündə kiminsə onun adına gətirdiyi və artıq quruyan güllər də vardı. Onların arasında qalan sarı kağızda yarıpozuq yazıları gördü. Kasusiro öz qadınının xəttini tanıdı. Orada nə mərhumun adı, nə də tarix vardı, kədərli günlərin ifadəsi olan şeirlərdən başqa...
Gör nələr yaşadım mən,
Ümidim sönmədi heç
Bu sevən ürəyimdə!
Mən son nəfəsimdə də
Səni görmək istədim...
O, yalnız indi anladı ki, artıq heç bir ümidə yer yoxdu və içindən gələn fəryadla məzarı qucaqladı. Bu, onun çox pisinə gəldi, axı, o, hətta Miyaqinin öldüyü vaxtın nə gününü, nə də ayını bilirdi. Bunu kimdənsə öyrənmək olardımı? Bir az toxdayıb özünə gələndə, artıq günəş yüksəkdəydi...
O, yaxınlıqdakı evə tərəf getdi. Güman yeri bildiyi evin sahibini soraqladı. Heç tanımadığı adam ondan şübhəylə soruşdu: "Siz kimsiniz?”. Kasusiro nəzakətlə təzim edib dedi: "Mən o evin sahibiydim, yeddi il əvvəl kənddən çıxdım, paytaxta getdım və yalnız dünən gecə qayıtdım. Evim uçulub, dağılıb, indi orda yaşayan da yoxdu. Mən orda məzar gördüm. Yəqin ki, arvadım ölüb. Məni kədərləndirən oduku onun nə vaxt öldüyünü belə bilmirəm. əgər siz bilirsinizsə, mənə də deyin”.
Ev sahibi dedi: "Sizin sözləinizi eşitmək çox kədərlidi. Çox təəssüf, mənim burda məskunlaşmağım bir il ancaq olar və kənddə qabaqlar kimlərin yaşadığını bilmirəm. Bu yerlərin köhnə sakinləri qiyam olan günlərdə buranı tərk etdilər, indikilər başqa yerlərdən gəlib. Doğrudur, kənddə bir qoca var, bildiyimə görə o, köhnədən qalandır. Hərdən onu sizin həyətdə də görürəm, mərhumun məzarına da o baxır. Sizin qadınınızın nə vaxt dünyasını dəyişdiyini o qoca yəqin ki bilir”.
Kasusiro soruşdu: "Bəlkə, siz o qocanın harda yaşadığını mənə deyəsiniz?”
"O, bir komada yaşayır, - ev sahibi dedi, - burdan yüz addım dənizə tərəf. Onun əkin yeri var, hər yaz kətan toxumu səpir...”
Kasusiro tələsik koma olan yerə yollandı və orada yetmiş yaşlarında bir belibükük qocanın ocaq qırağında həsir kətildə oturub çay içdiyini gördü. Onu görən qoca ilk andaca dedi: "Çox gec qayıtdın”. Kasusiro kəndin köhnə sakinlərindən olan qoca Urumanı tanıdı, əvvəl-əvvəl qocaya salamat qaldığına, uzunömürlü olduğuna görə gözaydınlığı verdi, daha sonra paytaxta getməyindən başlayaraq ta dünənki gecədə olanlar da daxil bütün hər şeyi qocaya danışdı. Göz yaşları içində Miyaqini əziyyət çəkib dəfn etdiyinə, bu gün də məzara baxdığına görə qocaya təşəkkür etdi.
Qoca dedi: "O ilin yayında sən kənddən gedəndən sonra qalxan qiyamın şiddətindən kim hara gəldi, baş götürüb qaçdı. Cavanları zor gücünə döyüş dəstələrinə aldılar. Sahibsiz qalan əkin yerləri tülkü və çaqqalların gecələr ulaşdığı çölü-biyabana döndü. Belə çətin zamanda təkcə sənin sədaqətli qadının payızda qayıdacağına verdiyin vədə ümid bağlayıb evində qaldı. Mən də öz evimdə qaldım, ona görə ki, ayaqlarım tutulurdu, yeriyə bilmirdim. Yaşıma görə həyatda çox ürək dağlayan hadisələrin şahidi oldum, amma o, gənc qadının çəkdikləri daha acı və kədərli idi. Payız da, qış da keçdi, yaz gəldi, sonra yay və on avqustda bu gənc qadın dünyasını dəyişdi. Onun ölümü məni həddindən artıq pərişan etdi. Mən öz əllərimlə məzarını qazdım və onu qəbir evinə yendirdim. Bu qadının bir sarı vərəqə yazdığı dünyayla vidalaşmasından bəhs edən şeirini də məzarı üstə qoydum. Mən heç vaxt əlimə qələm almamışam, ona görə də adını, öldüyü günü, ayı da məzar daşına yaza bilmədim, məbəd də burdan uzaqdadı. Şübhə yox ki, ötən gecə də bu sədaqətli qadının ruhu sənin yanına gəlib, bütün ötən günləri sənin diqqətinə çatdırmaq istəyib. İndi gedək onun məzarı üstə, sidqi-ürəklə dua edək”.
Bunu deyən qoca, əl ağacını özünə söykək eyləyib Kasusironun qabağına düşdü, bərabər məzar olan yerə getdilər. Onlar bütün gecəni dərdləşib qəmləndilər və təkrar-təkrar mərhuma duaçı oldular.
Onların yuxusu gəlmirdi və qoca bir rəvayət danışdı: "Bu, çox qədimlərdə olub, nəinki babam dünyaya gəlməzdən əvvəl, hətta babamın babasıdan da qabaqlar. Bu kənddə Mama-no Tekona adında çox gözəl bir qız yaşayıb. Kasıb ailədən olan bu qız on dörd gecəlik bədirlənmiş ay qədər gözəlmiş. Deyilənlərə görə o paytaxtın ən bahalı ipək geyimi-kecimi olan işvəkar, cilvəli, qəmzəli xanımlarından da nazənin olub. Və yalnız kəndin kişiləri deyil, həm paytaxtdan, həm də başqa ölkələrdən bu yerlərə gələn ağalar və cənablar da ona sevgilərini bildiriblər. Bütün bunlardan o, yalnız məyus olar, əhvalı pozular, qüssələnib qəmlənərmiş. Hamının ona olan məhəbbətinə etinasızcasına yanaşan gözəl qız, bax, o sahilə gəlir və özünü dənizə atır. Qədimlərdən bu kədərli, qəmli hal-qəziyyə haqqında insanların qoşduğu nəğmələr bu gün də yaşayır. Uşaqlıq illərində anam bu rəvayəti mənə danışanda o qızın taleyi məni çox məyus edərdi. Amma sənin qadınının həyatda çəkdiyi acılar gənc Tekonanın yaşadığından daha əzablı oldu”. Qocaların qəlbi çox kövrək olur, o, bunu söylədi və ağladı.
Kasusironun kədəri sözə, fikrə sığmırdı. O, qocanı dinləyəndən sonra hiss və həyəcanını şeirlərə çevirdi:
Nə vaxtsa çox qədimdə
Təkcə o qızı sevərdilər,
Çox şöhrətli Tekonanı -
Mən səni sevən kimi...
Qəlb və könül çırpıntılarını sözlə ifadə etməyi bacaran adamın qəmi, qüssəsi iki sözü bir-birinə bağlaya bilməyənin kədərindən dəfələrcə yüngüldür. Bütün bunu bu obalara sıx-sıx səfərdə olan bir tüccar nağıl edərdi.