"Birinci" - Etimad Əsədova həsr olunan kitabın təqdimatı keçirilib





Dünən "Azərkitab kitab təbliğatı" Mərkəzində "Qarabağ Qaziləri" İctimai Birliyinin sabiq sədri, Azərbaycanın qəhrəman və mübariz oğlu Etimad Əsədovun 55 illik yubileyi qeyd olunub. Tədbir çərçivəsində Etimad Əsədov haqqında çap olunan "Birinci” kitabı ictimaiyyət üzvlərinə təqdim edilib. Kitabda Qarabağ qazisinin həyat və fəaliyyətinin kiçik bir hissəsi, o cümlədən vaxtsız vəfatından sonra onu sevənlərin qələmə aldığı və internet mediada, sosial şəbəkələrdə yayılan yazıların bəziləri yer alıb. Eyni zamanda sağlığında özünün və onun haqqında qələmə alınan, dövrü mətbuatda çap edilən bir neçə məqalə də kitabda təqdim edilib. Kitabın tərtibçisi Rey Kərimoğlu, redaktoru isə Rəfail Tağızadədir.

Təqdimat mərasimində Azərbaycan ictimaiyyətinin tanınmış nümayəndələri, şair Ramiz Rövşən, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri Emin Həsənli və qazi dostları, müharibə veteranları çıxış edib, onun haqqında öz xatirələrini bölüşüblər. Qarabağ qazisinin ünvanına xoş sözlər səsləndirən tədbir iştirakçıları Etimad Əsədovun ləyaqətli bir vətəndaş olmasından söz açıblar.

Ramiz Rövşən deyib ki, elə də böyük hərbi rütbəsi olmamasına rəğmən Qarabağ döyüşçüləri "Qarabağ Qaziləri" İctimai Birliyinə məhz onu sədr seçiblər. Bu da təsadüfi deyil. Çünki öz ağlı, təmkini, ləyaqətiylə Etimad bəy ən azı bir orduya başçılıq etməyə layiq şəxsiyyət idi: "Uzaq 90-cı illərin əvvəlində, Qarabağ uğrunda son qanlı döyüşlərin getdiyi o ağır və ağrılı günlərdə yazdığım bu şeiri Etimad bəyin əziz xatirəsinə həsr edirəm:

Bu meydandan ölənləri
Çıxaraq, dirilər qalsın.
Ölənlərin yox xəbəri,
Dirilər qoy hələ qalsın.

Bundan başqa çıxışçılar qeyd ediblər ki, Etimad Əsədov ölümün gözünə dik baxan, çox fədakar insan olub: 

"O, özü kimi qazi olan oğulların qayğısına qalmağı, onların problemlərini həll etməyi özünün müqəddəs borcu bilirdi. Etimad Əsədov həm də xaraktercə çox çılğın və emosional adam idi. Dünyadan vaxtsız köçən igid qardaşımız xalq, millət eşqi ilə ömrünü başa vurdu. Azadlıq, demokratiya üçün döyüşdü. Qarabağ müharibəsi iştirakçıları, qazilərin haqları üçün mübarizə apardı. Qəbri nurla dolsun! Başın sağ olsun, Vətən!”

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Etimad Əsədovu jurnalistlərin dostu adlandırıb. Qeyd edib ki, E.Əsədovun ən yaxşı müsahibələri, Qarabağla bağlı şərh və mövqeyi ən çox "Şərq" qəzetində işıqlandırılıb. A.Aşırlı həmin müsahibələrin, açıqlamaların cildlərlə kitab olduğunu, nə zamansa onları toplayıb çap edəcəklərini deyib.

Qeyd edək ki, Etimad Əsədov Savalan oğlu 1963-cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb. 1991-ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, şəhid Şirin Mirzəyevin yaratdığı 836 saylı Ağdam Ərazi Özünü Müdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci il mart ayının 10-da Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb, bir ayağını itirib.

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən vəfat edənə qədər isə "Qarabağ Qaziləri” İctimai Birliyinin sədri olub.

2003-cü ilin oktyabrında apardığı mübarizəyə görə həbs olunub. 2005-ci ilin yazında həbsdən azad edilib.

Qarabağ əlilləri, şəhid ailələrinin həyat şəraitini yaxşılaşdırmaq üçün bir çox hüquqi aktların təşəbbüskarı və müəllifi olub. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 avqust 1994-cü il tarixində imzaladığı 193 saylı fərmanı birbaşa E.Əsədovun xidməti sayəsində meydana çıxıb. O, bu il oktyabr ayının 16-da vəfat edib.

Şəymən