“Birinci sinifə qəbulda imtahan nə deməkdir?”
Nadir İsrafilov: “Müəllim, ya direktor deyir, yer yoxdur, pul verən kimi uşağa yer “tapılır”
Bakı Şəhəri üzrə Təhsil İdarəsi I sinfə şagird qəbulu müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara elektron qeydiyyatın müddətini aprelin 10-dək uzadıb. Qeydiyyat aprelin 5-də yekunlaşmalıydı. Lakin valideynlərin çoxsaylı müraciətləri nəzərə alınaraq qeydiyyatın vaxtı uzadıldı. Modern.az saytının məlumatına görə, seçim üçün müsabiqələr (imtahanlar) aprelin 15-dən mayın 15-dək həyata keçiriləcək.
Lisey və gimnaziyalara, şagird qəbulu müsabiqə əsasında aparılan təhsil müəssisələrində I sinfə qəbulda çətinliklər yaşanması, hardasa anlaşılandı. Hərçənd, təhsil ekspertləri birinci sinfə qəbulda istənilən müsabiqə və ya imtahan şərtini birbaşa istisna edir və bunun Konstitusiyaya zidd olduğunu bildirirlər. Bununla belə, lisey və gimnaziyalar, hansısa xüsusi təyinatlı təhsil müəssisələrinə şagirdlərin imtahanla qəbul edilməsi nə qədər reallığa uyğun görünsə də, orta ümumtəhsil məktəblərinin birinci sinfinə qəbul zamanı xoşagəlməz halların yaranması, valideynlərdən rüşvət tələb edilməsi və balacanın da həsrətlə gözlədiyi, xəyallar qurduğu məktəbə pul alınması müqabilində getməsi bir o qədər əcaib görünür.
Elə bir vəziyyət yaradılıb ki, birinci sinfə qəbul ali məktəbə qəbuldan da çətindir. Səbəb də aydındır. Ali məktəbə imtahan verən abituriyentə 11 il tədris olunan fənlərdən suallar verilir. Yaxşı oxuyubsa, dərsini bilirsə, imtahanı uğurla başa vurur. Yazıq körpələrə isə qəbul komissiyasında əyləşmiş xalalar, əmilər elə suallar "yağdırır” ki, binəva cocuq çaş-baş qalır, suala cavab verə bilmir, bu dəfə də komissiya valideyni "qaralayır” ki, bəs bu neçə ildə uşağa nə öyrətmisən?! Və ya niyə öyrətməmisən? Valideynin ilk müəllimlik missiyası olduğu məlumdur da, daha bu qədər də yox. Uşaq evdə hərfləri də, hesab-kitabı da, yurdumuzun tarixini, dünənini, bu gününü öyrənəcəksə, daha məktəb nəyə lazımdı? Deyə bilərsiniz ki, məktəbə hazırlaşan uşaq bəzi, lap bəd ayaqda bəsit bilgilərə sahib olmalıdır. Yaxşı, razıyam. Amma birdən hansısa uşaq heç bəsit biliyə də malik deyilsə, "a”nı, "b”ni tanımırsa, qırmızını sarıdan ayıra bilmirsə, Günəşi qayğanaq gözündə görürsə, hətta bu uşağın rəhmətlik Mirzə Ələkbərin "çoxbilmiş” cocuğu kimi "sən nə yamansan a buz?!” deyib meydan oxumaq məharəti və cəsarəti yoxdursa, o, məktəbə ayaq basmamalıdır? Bəs bu uşağın oxumaq, təhsil almaq hüququ hara qeyb olur o zaman?!
Uzun illər təhsil sahəsində çalışmış təcrübəli pedaqoq Nadir İsrafilov "Şərq”ə açıqlamasında nəinki orta ümumtəhsil məktəbinə, ümumiyyətlə, istənilən təhsil müəssisəsinə qəbulda imtahan təşkil edilməsinin Konstitusiyaya zidd olduğunu bildirdi:
- Bizim Ali qanunumuzda - Konstitusiyamızda birbaşa qeyd edilir ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Yəni, burada heç bir şərt qoyula bilməz. Birinci sinfə qəbulda imtahan nə deməkdir?! Mən, bu məsələyə heç şərh verə bilmirəm. İndi bizimkilər gecə yatıb nə yuxu görürlər, səhər onu təhsilə tətbiq etməyə başlayırlar. Görüntü yaratmaq istəyirlər ki, guya təhsilə yeniliklər gətirirlər, Avropaya inteqrasiya olurlar və s. Dubayda magistrlərə 3000 dollar təqaüd verilir. Avropa təhsilinə inteqrasiya ediriksə, bizdə də tələbəyə bu qədər təqaüd verilsin. Mümkündür?! Birinci sinfə qəbulda da belə bir çıxılmaz labirint yaranıb. Konstitusiyada yazılıb ki, orta təhsil icbaridir. Sonra bu ifadəni dəyişib "məcburi” sözü ilə əvəz elədilər. İcbari nə deməkdir, məcburi nə deməkdi? Məktəbəqədər təhsillə bağlı qanun layihəsi hazırlananda bildirildi ki, orada məktəbəqədər təhsilin məcburi deyil, zəruri olduğu qeyd ediləcək. Yenə də söz "oyunu”. Yeni qəbul olunmuş "Təhsil haqqında” strategiyada da orta təhsilin icbariliyi məsələsi qoyulur. Elə məktəblər var ki, uşaq məktəbəqədər hazırlıq keçməyibsə, onu birinci sinfə qəbul etmir. Bəzi məktəblərdə xüsusi məktəbəqədər təhsil qrupları yaradıblar. Deyir, bu məktəbə daxil olmaq istəyən uşaq gərək həmin qruplara gəlsin. Biz məktəbəqədər təhsili necə icbari hesab edə bilərik, bir halda ki, bu profil üzrə müəssisələrlə cəmi 23 faiz əhatə olunmuşuq?!
Məktəbyaşlı uşaqların hamısını cəlb etmək onsuz da mümkün deyil. Bu məsələdə elə qəliz bir vəziyyət yaranıb ki, gərək Əsasnamələrin hamısını dəyişək. Görün nə vəziyyətdir ki, uşaq bağçasına da imtahanla uşaq götürürlər. Mən Quba bölgəsində tez-tez oluram. Yerli əhali ilə söhbətləşirəm və görürəm ki, 100-lərlə uşaq məktəbə cəlb olunmayıb. Səbəb də təhsil almağın qiymətinin yüksək olmasıdır. Şagirdə bir kitabı pulsuz verəndə, üstündə 4 iş dəftəri aldırırdılar. Uzun illər mətbuat yazdı, mütəxəssislər dedi, nəhayət ki, iş dəftərlərini ləğv etdilər. Görün, məktəb ləvazimatına, dəftər-qələmə, test tapşırıqları kitabçalarına nə qədər vəsait lazımdı. Aztəminatlı ailələr üçün bu imkansızdır. Təhsilimizlə əhalinin sosial durumu tərs-mütənasibdi. Birinci sinfə ucdantutma hamı qəbul edilməlidir. Bircə, şagirdin sağlamlığı haqqında arayış tələb olunmalıdır, onun da səbəbləri var. Ola bilər, uşaqda hansısa xəstəlik aşkarlansın, yaxud hansısa fiziki qüsuru olsun, buna qarşı tədbir görülməlidir, uşaq xüsusi məktəbə yönləndirilməlidir və s. Yəni, fiziki və sağlamlıq göstəriciləri xaricində heç bir səbəb uşağı məktəbə getməkdən saxlamamalıdır. Amma biz nə görürük? Müəllim, ya direktor deyir, yer yoxdur, pul verən kimi uşağa yer "tapılır”.
N.İsrafilov şagird qəbulu müsabiqə, imtahan əsasında aparılan müəssisələr, lisey, gimnaziyalarla bağlı da sərt danışdı:
- Əvvəla, bizdə nə lisey, nə gimnaziya, nə də kollecin təyinatı düzgün aparılmayıb. Bunlar təhsilin pillələridir və başqa-başqa ölkələrdə ayrı-ayrı anlam verir. Bir ölkədə lisey orta məktəbdən sonrakı pillədir, digərində kollec institut anlamındadır. Ya da gimnaziya yuxarı siniflər hesab olunur və s. Ən bilikli, bacarıqlı uşaqları yığırlar bir liseyə, gimnaziyaya, yetim-yesir qalır bir tərəfdə. Bu, sosial bərabərsizlik yaradır. Həm də bu lisey və gimnaziyalar şagirdləri adətən ibtidai sinif pilləsindən sonra toplayır. Belə bacaraqlıdırlar, elə ibtidai sinifdən buraxılış sinfinədək də şagirdə təhsil versinlər. Bizdə təhsil müəssisələrinin çeşidlənməsi düzgün aparılmayıb. İnstitutlar universitetə, universitetlər akademiyalara "çevrildiyi” kimi. Təsəvvür edə bilərsinizmi, Neft Akademiyasına 300 balla qəbul olunurlar, amma Ali Neft Məktəbinə 700-600 balla?! İnstitutun istiqaməti birdir - müəllim hazırlayır. Universitet isə adından da göründüyü kimi, universal biliklər verir. Bəs bizdə necədir? İnstitutlar universitetlərə "çevrildi”, universitetlər akademiya "oldu”, ondan yuxarısı olsa, onu da edərlər. Bu ad oyununu bir tərəfə qoyun, təhsilin səviyyəsinə baxın. Məleykə Abbaszadənin dediklərindən belə anlaşılır ki, buraxılış siniflərində adını, soyadını yaza bilməyən 100-ə yaxın şagird var. Hələ o, az deyir. Bundan da çoxdur. Biz bunun səbəbini öyrənməliyik ki, niyə savadsızlıq göstəricisi artır.
Məlahət Rzayeva