“Biz bəlkə də gecikirik”

Flora Xəlilzadə: “Telekanallarda ciddi mədəniyyət verilişlərinin təbliğinə böyük ehtiyac və zərurət var”


Televiziyanı Edvard Merou çox mükəmməl izah edərək: "O, öyrədə və maarifləndirə, hətta həvəsləndirə bilər, ancaq o vaxta qədər ki, insanlar ondan müvafiq surətdə istifadə edə bilsinlər. Əks halda, o, sadəcə olaraq naqil və lampalardan ibarət qutudur”. Həqiqətən bu gün həmin fikri bir daha gözdən keçirib, düşünməyə dəyər. Bu gün Azərbaycan televiziyası naqil və lampalardan ibarət qutuya çevrilibmi? Televiziyamızın bugünkü durumunu dəyərləndirsək, Azərbaycan mədəniyyəti teleməkanımızda nə dərəcədə düzgün təbliğ edilir? Suallarımıza Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru Flora Xəlilzadə cavab verir.

- Azərbaycan televiziyası mədəniyyətimizin təbliği istiqamətində nə dərəcədə düzgün istiqamət qura bilib. Ümumiyyətlə, televiziyamız mədəniyyətimizi düzgün təbliğ edə bilirmi?

- Mən çox təəssüf edirəm ki, televiziyalarımızda şouyla mədəniyyəti qarışdırırlar. Ad çəkməyəcəm, televiziyaların demək olar hamısında səhər açılandan müğənniləri göstərirlər. Həm də sənətdən xəbərsiz müğənniləriin təbliği hiss olunur. Axı Azərbaycan mədəniyyəti təkcə müğənnilərdən ibarət deyil. Azərbaycan mədəniyyətinin tarixi unudulur. Karifey sənətkarlarımız, onların Azərbaycan mədəniyyətindəki xidmətləri o dərəcədə unudulub ki, ürək dağladır. Siyasətlə dünyanı bir saata fəth etmək bəlkə də mümkün deyil. Amma mədəniyyətlə dünyanı fəth etmək, mədəniyyətlə diqqətləri özünə yönəltmək mümkündür. Mənim taleyim elə gətirib ki, bir çox ölkələrdə mədəniyyət günlərində iştirak etmişəm, onların təşkilində rolum olub. Bu görüşlərdə şahidi olmuşam ki, Azərbaycan mədəniyyətinin qüdrəti nə qədər böyükdü. 

Bu tədbirlərdən o nəticəyə gəlib deyirəm ki, Azərbaycan mədəniyyəti bir çox millətlərin tarixini kölgədə qoyacaq qədər zəngindi. Ona görə də tariximizin kökündən başlayaraq Azərbaycan mədəniyyətinin təbliğinə start verilməlidi. Biz bəlkə də gecikirik. Telekanallarda ciddi mədəniyyət verilişlərinin təbliğinə böyük ehtiyac və zərurət var. Mətbuat, televiziya təbliğat mexanizmi rolunu oynayır. Qəzet əvvəlki təbliğat gücünə sahib deyil. Qəzeti ancaq ziyalılar oxuyur. Bu, danılmaz həqiqətdi. Amma televiziyanın bu gün qəzetdən daha çox təsir gücü var. Televiziyanı aqil də izləyir, cahil də. Mən qəzetçiyəm. Nə qədər televiziyada çalışsam belə yenə qəzetçiyəm. Qəzetdən televiziyaya gəlmək və orada çalışmaq daha asandı. Çünki qəzetdən gələn jurnalist püxtələşmiş olur. Mən danışığımda da redaktəyə yol verirəm. 

Bəziləri deyir ki, Flora Xəlilzadə danışanda çox elmi dildə danışır. Elə deyil. Əslində ədəbi dildə danışıram. Mən fəxr edirəm ki, ədəbi dildə danışıram. Mənə elə gəlir ki, hər bir ziyalı ədəbi dildə danışmalıdır. Xüsusilə də televiziyada çalışanların ədəbi dildə danışması vacibdir. Hər bir ziyalı ədəbi dili qoruyub saxlamağa borcludu. Mən efirə ləhcə gətirmirəm, yazılarımda ləhcəyə yol vermirəm.

- Bizim televiziyalarda dil üslubu problemi yaranıb. Son vaxtlar daha çox bu məsələ müzakirə olunur...

- Bəli, televiziyalarımızda bu gün dil üslubu problemi var. Niyə biz dilimizi ləhcələrə bölüb, onu ucuz göstəririk? Axı bizim zəngin ədəbi dilimiz var. Televiziyalarda ədəbi dilin olması vacibdi.

- Bəziləri bunu sərbəstlik, səmimilik adı ilə təqdim edərək efirdə ləhcə ilə danışmağa üstünlük verirlər. 
Ədəbi dilin bütün qaydaları bəzi aparıcıların təqdimatında pozulur.

- Bu, yolverilməzdi. Dilimizin gözəlliyini qoruyub saxlamalıyıq. Ləhcə ilə danışıq şirinlik gətirmir efirə. Necə olur qəzetdə ədəbi dil olur, televiziyada olmur? Dilimizin gözəlliyini televiziyaya gətirməliyik. Mən ləhcə ilə televiziyada danışığın tamamilə əleyhinəyəm. Bu, estetik də görünmür. Təkcə problem ləhcə ilə danışıq da deyil. Cümlə quruluşunda ciddi qüsurlara rast gəlirik. Misal üçün, aparıcı efirdə qeyd edir ki, "İlk öncə”. Bunlar bir yerdə deyilə bilməz. Ya da bütün kanalların xəbərlərində belə bir ifadə səslənir - irəliləyən dəqiqələrdə. Ay balam, bu doğru deyil. Qarşıdakı dəqiqələrdə desən nə olar? İrəliləyən dəqiqələr nə deməkdi? Bu hansı dildi? İrəliləyən dəqiqə ola bilməz axı. Mən ömrü boyu dilimizin keşiyində dayanan adamam və mənə irad bildirilir ki, Flora xanım çox ədəbi dilə üstünlük verir. İndi sual verirəm, bəs mən nə dildə danışım? Mazambik dilində danışmalıyam? Televiziyada bu gün televiziyadan, Azərbaycan mətbuatından xəbərsiz insanlar daha çox çalışır. Bu insanın Azərbaycan tarixindən, mədəniyyətindən xəbəri yoxdusa, o, televiziyada necə çalışa bilər? Qəzetdən televiziyaya gedən jurnalist televiziyada daha maraqlı və uğurlu layihələrə imza ata bilir. Təbii ki, söhbət peşəkar jurnalistdən gedir.

- Bəlkə də ağrıdan məqamlardan biri də odur ki, mədəniyyətdən yazan yazarlarımızı da az qala küsdürüblər deyə, onlar kənara çəkildikcə mədəniyyət sahəsində alaq otlu yazarların, jurnalistlərin sayı çoxalır.

- Televiziyalarımız mədəniyyət sahəsini şouyla səhv salıblar. Çünki mədəniyyətimizdən xəbərsiz aparıcı efirdə mədəniyyətdən danışacaq söz tapa bilmir. Əzizə xanım Cəfərzadənin bir sözünü xatırlayıram. O deyirdi ki, leysan gələndə əvvəl qabaqda çör-çöp gətirir. Sonra sular durulur. Bizdə isə hələ də o sular durulmur. Biz dilimizin keşiyində durmağa laqeydlik nümayiş etdiririk. Qurban olum, heç kim məndən inciməsin. Məşhur aparıcılarımız var, hətta fəxri ad alanlarımız belə efirdə ləhcə ilə danışırlar. O fəxri ad alıb hər gün efirdə olan bəzi aparıcılarımız elə cümlələr qurub danışırlar ki, insan dəhşətə gəlir. Ədəbi dilimizə sanki qəsd etməyi özlərinə söz veriblər. Efirdə aparıcılarımız şitlik edirlər. Reytinq xatirinə yalançı göz yaşları, qucaqlaşmalar, ürəkgetmələr. Axı bu efirdi. İnsanların əsəbi ilə oynamağa heç kimin haqqı yoxdu. Efir nümunə olmalıdır. Efirdə kim nə istəyir danışır, kim necə istəyir hərəkət edir, kimin kimə sözü, qəsdi var deyə bilir.

- Azərbaycan televiziyaları istiqamətsiz görünməyə başlayıb deyirsiz...

- Tamamilə haqlısız. Televiziyalarımızın istiqaməti bəlli deyil. Biz bir məqamı unuduruq ki, televiziya təsir gücünə malikdi. Bundan yanlış istifadə etdikdə insanların psixologiyasına mənfi təsir göstərə bilərik. Televiziyada verilişdə bir ərli qadını müzakirə edirlər ki, əri ola-ola başqasına qoşulub qaçdı, uşaqlarını atdı. Bu nə dərəcədə düzgündü? Buna baxan cahil bir qadın üçün sən stimul yaradırsan ki, o bunu edə bildi, sən də edə bilərsən. Axı biz bunu göstərməklə həm də başqa bir məqamı təbliğ edirik. Qüsurları çılpaq dedikcə, onu adiləşdirmiş oluruq. Ertəsi gün bunu adi görəcək təfəkkürlü insanlar var. Bu, onların psixologiyasına birbaşa təsir göstərəcək. Qüsurları bu qədər çılpaq efir vasitəsilə demək düz deyil. Bir az örtmək lazımdı. Axı bizi tanımaq istəyənlər də bu efiri izləmək imkanı əldə edir. Millət barədə başqalarında niyə mənfi rəy formalaşdıraq. Hər şey çərçivədə olanda daha gözəl görünür. Milli-mənəvi dəyərlərə önəm vermək lazımdı. Bizim düşmənlərimiz bizə baxır. Biz bunları təbliğ etmək yerinə mədəniyyətimizi təbliğ edə bilərik. O hadisələrə efirdə bu qədər vaxt ayırmaq əvəzinə, ziyalı insanlarımızı, mədəniyyət sahəsində olan insanları qonaq edib ədəbi söhbətlərin, verilişlərin saatını çoxalda bilərik. Biz mədəniyyətimizin təbliğindən danışırıqsa, bu sahədə ciddi addımlar atmalıyıq. Televiziyalarımızda mədəniyyətin təbliği istiqamətində maarifləndirici verilişlər hazırlamalıyıq. Amma bu verilişləri də elə qurmalıyıq ki, tamaşaçı diqqətini çəkə bilək.

- Azərbaycan teleməkanında bəzi aparıcıların özləri Azərbaycan mədəniyyətindən xəbərsiz, mədəniyyətimizin tarixindən bixəbərdirlərsə, onlar tamaşaçıya nə təqdim edə bilərlər? Gələn qonaqla mədəniyyətin hansı istiqamətini müzakirə etmək imkanı ola bilər?

- Elə bunun özü faciədir. Çox yaralı bir yerimə toxundunuz. Bəli, tamamilə razıyam. Ona görə də atalar sözündə deyildiyi kimi, çörəyi ver çörəkçiyə, birini də üstəlik. Televiziyada mədəniyyət verilişlərini elə insanlara etibar etmək lazımdır ki, onların bu sahədə əməyi olsun. Azərbaycan mədəniyyətindən xəbəri olsun ki, təbliğatı düzgün istiqəmətləndirə bilsin. Aparıcı əgər mədəniyyət sözünün mənasını özü bilmirsə, o, mədəniyyət verilişini necə apara bilər? Efirə çıxan, tamaşaçı qarşısında olan hər bir aparıcı məsuliyyətini dərk etməlidir. Mədəniyyətin o qədər istiqamətləri var ki. Geyim mədəniyyətindən tutmuş, danışıq mədəniyyətinə qədər aparıcı bu yükü qaldırmağa hazır deyilsə, o, tamaşaçı qarşısına çıxa bilməz. Aparıcı efirdə vaxt, zaman mədəniyyətini bilmirsə, qonağı qarşılamaq, onunla mövzu ətrafında danışmaq mədəniyyətinə sahib deyilsə, izləyici qazanmaq asan olmayacaq. Tamaşaçı onun üçün maraqlı ola biləcək verilişi izləyib, ona zaman sərf edir. Bu gün texnologiya inkişaf edib. Sosial həyat aktivləşib, belə bir dönəmdə tamaşaçı vaxtını maraqsız verilişi izləməyə xərcləməz. Qızıl saydığı zamandan daha səmərəli istifadə edib şit verilişi izləməkdənsə, internetdə daha maraqlı bilgilər əldə etmək imkanından istifadə edər. Bəzən baxırsan, aparıcının verilişə tam hazırlıqsız olduğunu görürsən. Aparıcı qonağının kimliyindən xəbərsizdi. O, tanımadığı qonağı ilə necə ünsiyyət yarada bilər? Ya da çox tez-tez rastlaşdığımız bir nüansı deyim. Aparıcı efirdə bir quran söz deyəndən sonra tamaşaçıya üz tutub "Axşamınız xeyir!” deyir. Bu, efirdə ciddi qüsurdu.

- Mədəniyyət verilişlərini aparmaq hər aparıcıya tapşırıla bilməz deyirsiz.

- Qətiyyən. Bu, mədəniyyətimizə qəsd deməkdi. Çünki tamaşaçı efirdə deyilənə inanır. Orda səslənən hər bir fikir onun düşüncəsinə təsir göstərir. Bu gün Azərbaycan teleməkanında problemlər çoxdu. Biz əsasən mədəniyyət sahəsini bu gün daha çox müzakirə etdik. Amma efirdə qusurlarımızı aradan qaldırmaq üçün hər bir nüansı diqqətlə nəzərdə keçirməliyik. Televiziyalarımızda mədəniyyət verilişlərinin sayı həddindən artıq azdı. Aparıcılar da əslində mədəniyyətimizin tarixindən, dünənindən, bu günündən xəbərsizdilər. O gələn ziyalı qonağı ilə necə həmsöhbət olar? Axı aparıcı özü mədəniyyət sahəsinə töhfə verən ziyalılarımızı, mədəniyyət xadimlərimizi tanımırsa, tamaşaçı bu verilişdən zövq ala biləcəkmi? Təbii ki yox. Şou aparıcısının qonağı da elə onun səviyyəsində olur deyə orda ikisi bir yerdə meymunluq edə bilir. Amma ciddi bir ədiblə, teatr mütəfəkkiri ilə şou aparıcısının söhbətini təsəvvür edin. Bizdə bu gün televiziyalarımız görüntünü təqdim edir. Ona görə də bəzi kanalların bəzi verilişlərinə qatılıram, onların dəvətini qəbul edirəm. Çünki mən efirdə olan dar düşüncəli şou aparıcısı ilə söhbət edə bilmərəm. Bu gün Azərbaycan televiziyalarında bir çox departamentlər elə insanlara həvalə edilib ki, o insanların Azərbaycan tarixindən belə xəbəri yoxdu. Mədəniyyət departamentinin başına gətirilən həmin şəxs inanın Şəfiqə Məmmədova ilə Şəfiqə Axundovanın, Süleyman Rüstəmlə Süleyman Rəhimovun, Mir Cəlalla, Mirzə Cəlilin fərqini bilmirlər. Mən bunların şahidi olmuşam. Ona görə deyirəm ki, televiziyada peşəkarlara imkan yaradılmalıdır. Mədəniyyət sahəsində özlərini təsdiqləyən jurnalistlər var, onları televiziyaya cəlb etmək, layihələr hazırlamaq imkanı ilə təmin etmək lazımdı ki, bu sahə inkişaf etsin. Mən bir layihə televiziyaya təqdim edəndə ilk sözləri sponsor olur. Azərbaycan mədəniyyətini sponsorların qurbanı etməyək. Bu, millətin mədəniyyətinə qəsddi. Mənim sponsor qapısı döyən vaxtım deyil. Bir də mədəniyyətin təbliğindən söhbət gedirsə, burda kommersiya maraqlarını unutmaq lazımdı. Biz bu təfəkkürlə hara gedirik? Gənc nəslə nə öyrədə bilərik?

- Jurnalistika təbliğin əsas qollarından sayılırsa, televiziyanın üzərinə daha böyük yük düşür əslində. Biz təbliğimizin strategiyasını qura bilmirik.

- Jurnalistika bayaq dediyin kimi alaq otları ilə dolubsa, bu, televiziyaya qədər gedib çıxır. Baxın saytlara, görün nələr yerləşdirilir. Bizim vaxtlarımızda etika, estetika fənləri tədris olunurdu. Bu gün bu estetika televiziyalarımızda hiss olunmur. Demokratiya çılpaqlıq, bayağılıq demək deyil axı.

- Televiziya estetikası necə qurulmalıdır?

- Televiziyanın məqsədi nədir? Tamaşaçıya informasiya ötürmək, cəmiyyəti maarifləndirmək, düşündürmək, əyləndirmək. Bütün bunlar eyni zamanda estetik təqdimatda tamaşaçıya çatdırılmalıdır. Televiziya insanları tərbiyə edir. O mənada ki, maarifləndirici verilişlərin sayı çoxalmalıdır. Mədəniyyət şit musiqi və bayağı müğənninin təqdimatından daha fərqli anlamdır. Efirlər nə zamana qədər şit, intellekti zəif olan müğənnilərin ucuz reklamları ilə efirləri dolduracaq. Azərbaycan mədəniyyətinə töhfəsini verən o qədər dəyərli sənətkarlar, mədəniyyət xadimləri var ki, onları bu gün gənclərə, tamaşaçıya tanıtmaq lazımdır. Televiziyalar mədəniyyətimizin düzgün təbliğinə maraqlı olmalıdırlar. Təbliğat istiqaməti düzgün qurulmalıdı. Bunun üçün mədəniyyəti bilən peşəkarlar televiziyaya cəlb edilməlidir. Onlarla birgə layihələr təqdim edilməlidir. Əvvəllər televiziyada bədii şuralar var idi. Mən təəssüf edirəm ki, bu gün televiziyada bədii şuralar yoxdu. Nə qədər ki bədii şura olmayacaq, o qədər efirlərdə bayağı musiqilər təqdim ediləcək. Bədii şuranın olması o demək deyil ki, demokratiya yoxdu. Demokratiya daha geniş anlam daşıyır. Bu gün mədəniyyət adı altında hamı efirə çıxıb sənətkar kimi təqdim edilir. Müğənni həm bəstəkarlıq edir, həm söz yazır, həm oxuyur. Bədii şura olsa, müğənnidə də bir məsuliyyət hissi yaranacaq, o da keyfiyyətli musiqi təqdim etməyə maraqlı olacaq. Bədii şura verilişlərin mükəmməlliyinə təkan verəcək.

- Biz nə qədər Sovet dönəmini pisləsək də, o zamanların da yaxşı tərəfləri olub, o ənənələrin bu gün də davamı müsbət nəticələr verə bilər...

- Sovet dönəmində efir etikası qorunurdu, mədəniyyət verilişləri xüsusi şəkildə təqdim edilirdi. Efirdə tamaşalar təqdim olunmazdan əvvəl teatr xadimləri dəvət edilirdi, müzakirə aparılırdı. Ən cahil tamaşaçı belə bu kimi verilişi izlədikcə, formalaşa bilirdi. Mənim yadımdadı ki, kiçik yaşlarımdan uşaqlarımı teatra aparırdım. Bu gün onların intellektual səviyyəsinə bu amillər təsir göstərə bilib. Yəni Sovet dönəmində televiziyaya təsadüfi insanlar gələ bilməzdi, uşaqlar üçün xüsusi verilişlər hazırlanırdı, mədəniyyət sahəsinə ciddi önəm verilirdi. Bu gün isə televiziyalarımızın palatka toyundan fərqi yoxdu sanki. Mən televiziyalarımızdan ciddi islahatlar gözləyirəm. Hər bir kanal onun başında olan insanın xarakterini göstərmiş olur. Ona görə də televiziyaya elə insanlar rəhbərlik etməli, orada elə insanlar çalışmalıdır ki, xalqın milli-mənəvi dəyərlərini nəzərə alsınlar. Televiziya kütlənin arxasınca deyil, kütləni arxasınca apara biləcək böyük gücə sahib olmalıdı.

Tahirə Məmmədqızı