Sosioloq Lalə Mehralı «Şərq»ə açıqlamasında tələbin haqlı tərəfləri olduğunu da dedi:
Biz biçarə arvadlar paltarları necə, harada qurudaq? ! - Hardasan, ay Hacıbala müəllim ?
Lalə Mehralı:"Nəyisə qadağan ediriksə, onun alternativi də təklif olunmalıdır. Paltar qurutmaq məsələsində alternativ paltaryuyan, qurudan maşın ola bilməz"
Sosioloq Lalə Mehralı «Şərq»ə açıqlamasında tələbin haqlı tərəfləri olduğunu da dedi:
«Mozalan» satirik kino-jurnalının yaddaqalan buraxılışlarından biri də sovet illərində yaşayış binalarının tikintisinə səhlənkar yanaşma ilə bağlı idi. Yəni, binaları o zaman «başdan-getdi» tikirdilər, dayanıqlığı şübhəli olurdu. Həmin buraxılışda yeni tikilmiş binanı təhvil almağa gələn komissiya üzvləri otaqları bir-bir gəzir, gah başlarına qapı çərçivəsi düşür, gah ayaqları harasa ilişir, yıxılırlar. Sonda isə növbə eyvanı yoxlamağa çatır. Komissiya üzvlərindən heç biri eyvana çıxmağa cürət etmir. Yəqin, anlaşılandı, nəyə görə. Həmin o süjetdə komissiya üzvlərindən biri eyvanların ümumiyyətlə ləğvini təklif edir; yəni, eyvanlar nəyə lazımdı ki?!. Amma xanım üzv etiraz edir: eyvanlar xanımlar üçün vacibdir. Təbii soyuducu, əşyaların saxlanması, paltarların qurudulması yeri…
Sonuncuda dayanmaq zorundayıq. Çünki eyvanlar paltar qurudulması üçün ən uyğun vasitə olmaqdan çıxır yavaş-yavaş. Bakı şəhər icra hakimiyyəti başçısının müavini Eldar Əzizov paytaxtda başlatdığı söküntü işlərinə eyvanlardan paltar asılmasını qadağan edən «bənd» də əlavə edib. Tapşırıq verib ki, küçə və prospektlərə baxan eyvanlardan paltar asılmasın. Zivələr də yığışdırılsın. Bunlar paytaxtımızın ümumi gözəlləyinə xələl gətirir. Burda adam istəyir, ürəyindən belə sözlər keçirsin; hardasız, ay ötən günlər, hardasan, ay Hacıbala müəllim (Hacıbala Abutalıbov). Hacıbala müəllim də BŞİH-nin başçısı təyin olunan kimi, söküntülərə başladı. Hər yeri, hər bir «toçkanı» sökəcəyini elan etdi. Bir-iki xırda-mırda obyekt söküldü, bununla da «böyük söküntü» başa çatdı. İndi də belə ehtimal var ki, Eldar Əzizovun «söküntüsü»nün ən yaddaqalan tərəfi paltar zivələrinin yığışdırılması olacaq. Evdar qadınlara hökm etmək asandır, nəinki arxasında «dağ» duran sahibkarlara. Bəs biz biçarə arvadlar paltarları necə, harada qurudaq?
Xatırlayırsınızsa, eyvanlardan paltar asıb qurutmaq qadağası ilk olaraq Naxçıvanda da tətbiq edilməyə başlandı. İndi orda vəziyyət necədir, bilmirik. Dediyimiz odur ki, eyvanlarda paltar qurutmaq qadağası yeni deyil. Amma hər dəfə də anlışılmaz və qəbuledilməz kimi görünür. Bəlkə imkanlı, vəzifəli şəxslərdə elə bilir, onların evində olan «bəyaz əşya»lardan hamının evində var? Paltaryuyan maşın, üstəlik paltar qurudan maşın…
Lap tutalım, kiminsə paltaryuyan maşını var. Amma məlum məsələdir ki, paltaryuyan maşın paltarları tam qurutmur. Mütləq havaya verilməlidir ki, normal qurusunlar. Digər tərəfdən məgər şəhərin estetik görünüşünü pozan yalnız zivələrdə yellənən paltarlardır? Estetik görünüş «düşməni» axtarışına çıxsaq, zivələrdə asılan paltarlar ən sonuncu sırada qərarlaşar. Niyə sondan başlanır? Gücümüz çatan budur?
Sosioloq Lalə Mehralı «Şərq»ə açıqlamasında tələbin haqlı tərəfləri olduğunu da dedi:- Məsələyə iki prizmadan yanaşmaq mümkündür. Bir tərəfdən baxanda, icra hakimiyyətinin tələbi haqsız sayılmaz. Şəhərin estetik görünüşünü qorumaq hamımızın borcudur. Bir sıra hallarda, eyvanlardan asılan paltarlar həqiqətən də qeyri-estetik görünür. Lakin, digər tərəfdən, gəlin, görək, sakinlərin başqa alternativi varmı?
Əgər eyvanı həm həyət, həm də küçə, prospekt tərəfə baxan mənzildirsə, yəni, qoşa eyvanlıdırsa, sakindən paltarları həyət tərəfə sərib qurutmağı tələb etmək doğru olar, amma eyvan birdirsə və yalnız küçə, prospekt tərəfə baxırsa, o sakindən paltarları eyvanda qurutmamağı necə tələb etmək olar? Bu, özgür iradəyə qarşı bir addımdır. Camaata paltar qurutmaq dərsi verəcəklər?!. Məsələn, şəxsən bizim eyvan yalnız bir tərəfə baxır. Məlumdur ki, şəhər mühitində eyvanlar xanımlar üçün bir çox funksiyanı yerinə yetirir. Paltarları qurudurlar, yorğan-döşəyi havaya verirlər, xalça-palaz yuyulanda, eyvana sərib qurudurlar. Həmçinin eyvanlar soyuducu rolunu oynayır, orada ərzaq saxlayırlar.
Əlavə əşyaları eyvana yerləşdirirlər. Bina evlərində mənzilin hər kvadrat metri dəyərlidir. Başqa məsələ, paltaryuyan və ya qurudan maşınlarda qurudulan paltarla günəş şüası altında, açıq havada qurudulan paltar arasında sağlamlıq baxımından çox böyük fərq var. Günəş şüası altında qurudulmuş paltardan bədənimiz əlavə enerji alır. Paltaryuyan maşınlarda qurudulan paltarlarda isə bəzən mikroba buluşma ehtimalı yarandığını həkimlər təsdiq edir. Bir də ki, hamının evində paltaryuyan, qurudan maşın yoxdur. Sakinlərə nəyisə qadağan edirlərsə, bunu hüquqi baxımdan əsaslandırmalıdırlar. Hədə-qorxu gəlmək lazım deyil.
Nəyisə qadağan ediriksə, onun alternativi də təklif olunmalıdır. Paltar qurutmaq məsələsində alternativ paltaryuyan, qurudan maşın ola bilməz. Kiməsə şərt qoymaq olmaz ki, mütləq get, evinə paltaryuyan maşın al. Sakinlərə tövsiyə edilməlidir ki, paltarları sərərkən, bir qədər də ətrafı, cəmiyyəti, şəhərin qonaqlarını düşünsünlər. Məncə, bu yanaşma sakinlər tərəfindən daha rahat qəbul edilər.
Məlahət Rzayeva