“Üzən məzənnə bazarın tələb və təklifi ilə müəyyən edilir. Bizdə bazarın təklifi olsa da, bu bir sıra fəsadlara yol aça bilərdi. Daxili istehsalat ürəkaçan deyil, biz çox hallarda idxaldan aslıyıq. Demək keçid olsa idi, bunu qarşılamaq çətin olacaqdı”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında iqtisadçı Rauf Qarayev üzən məzənnəyə keçidlə bağlı səslənən iddialara münasibət bildirərkən söylədi.
İqtisdaçı qeyd etdi ki, üzən məzənnə Mərkəzi Bankın yükünü də azaldıb, infilyasını qarşısını ala bilərdi:

- Çünki üzən faiz dərəcəsi az ehtiyat tələb edir. Mərkəzi bank məzənnəni sabit saxlamaq üçün neft və qaz gəlirləri hesabına əlavə xərclər edir, bu isə büdcədən əlavə pul xərcləməsinə gətirib çıxarır. Məsələ burasındadır ki, burda bizim manat dollara nisbətdə Türkiyənin aqibəti ilə üzləşə bilərdi. Misal, 5 manat 1 dollar civarında olacaq idi. Bu isə xarici investorlar və ölkə sahibkarları üçün risk deməkdir. Sabit məzənnədən fərqli olaraq, üzən məzənnə özəl bazar tərəfindən tələb və təklif vasitəsilə müəyyən edilir. Üzən məzənnə çox vaxt "özünü düzəldən" adlanır, çünki təklif və tələbdəki hər hansı fərq bazarda avtomatik olaraq düzəldiləcək. Əgər valyutaya tələbat azdırsa, onun dəyəri azalacaq və beləliklə, idxal olunan mallar daha bahalı olacaq və yerli mal və xidmətlərə tələbat artacaq. Bu da öz növbəsində daha çox iş yeri yaradacaq və bazarda avtomatik korreksiyaya səbəb olacaq. Üzən məzənnə daim dəyişir. Əslində, heç bir valyuta tamamilə sabit və ya üzən deyil. Sabit rejimdə bazar təzyiqləri məzənnədəki dəyişikliklərə də təsir göstərə bilər. Bəzən yerli valyuta özünün sabit valyutasına qarşı həqiqi dəyərini əks etdirdikdə, yeraltı bazar (daha çox faktiki tələb və təklifi əks etdirən) inkişaf edə bilər. Mərkəzi bank tez-tez rəsmi məzənnəni qeyri-rəsmi məzənnə ilə uyğunlaşdırmaq üçün yenidən qiymətləndirməyə və ya devalvasiya etməyə məcbur olur və bununla da qanunsuz bazarın fəaliyyətini dayandırır. Üzən rejimdə Mərkəzi bank sabitliyi təmin etmək və inflyasiyanın qarşısını almaq üçün zəruri hallarda da müdaxilə edə bilər, lakin, üzən məzənnəyə Mərkəzi bankın müdaxilə etməsi nadir hallarda olur.
İqtisadçı bildirdi ki, sabit valyuta məzənnələri sabit pul siyasəti olmayan inkişaf etməkdə olan iqtisadiyyatlar üçün yaxşı işləyir. Sabit valyuta məzənnələri ölkə iqtisadiyyatına sabitlik gətirməyə və xarici investisiyaların cəlb olunmasına kömək edir. Üzən valyuta məzənnələri artıq sabit və effektiv pul siyasəti olan ölkələr üçün daha yaxşı işləyir:
- Düşünürəm ki, ölkəmizdə üzən məzənnəyə keçid ola bilər. Amma bunun üçün əvvəlcə yerli istehsal artmalıdır. Bizdə yerli istehsal çox azdır hazırda. İnflyasiyanın qarşısını almaq isə getdikcə çətinləşir. Əgər Türkiyə kimi yerli istehsalı güclü olan ölkə üçün üzən məzənnə rejiminə keçid problemlər yaratdısa, bizim üçün də çətin proses olacaq.