Rusiya Xarici Kəşfiyyat Xidməti: Avropa İttifaqı Ermənistandan Rus Pravoslav Kilsəsini sıxışdırıb çıxarmağa çalışır
Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosu bildirib ki, Avropa İttifaqının rəhbərliyi İrəvandan Moskva ilə dini-mənəvi əlaqələrin tamamilə kəsilməsini tələb edir.
Sherg.az xəbər verir ki, qurumun yaydığı məlumata görə, bu tələb Ermənistanın Avropaya inteqrasiyası üçün əsas şərtlərdən biri kimi irəli sürülür.
Bəyanatda deyilir:
“SVR-ə daxil olan məlumatlara əsasən, Avropa İttifaqının rəhbərliyi Ermənistandan Rus Pravoslav Kilsəsini sıxışdırıb çıxarmaq istiqamətində aqressiv fəaliyyət göstərir. Ermənistan hakimiyyəti qarşısında Avropaya inteqrasiyanın məcburi şərti kimi Moskva ilə əsrlər boyu formalaşmış dini-mənəvi əlaqələrin tamamilə kəsilməsi tələbi qoyulur”.
SVR-in məlumatına görə, Avropa İttifaqının nümayəndələri Rus Pravoslav Kilsəsinin İrəvan-Ermənistan Yeparxiyasını kilsəyə məxsus daşınmaz əmlakdan istifadə hüququndan məhrum etməyə çalışırlar. Bundan əlavə, həmin qurumun Ermənistan Apostol Kilsəsi ilə dialoqunun qarşısının alınmasına cəhd göstərildiyi bildirilir.
Bəyanatda qeyd olunur ki, 2024-cü ilin aprelində yaradılmış Avropa İttifaqının Ermənistandakı Tərəfdaşlıq Missiyası bu siyasi-ideoloji məqsəd çərçivəsində rus pravoslavlığına qarşı fəaliyyət həyata keçirir.
“Avropa İttifaqının nümayəndələri Rus Pravoslav Kilsəsinin İrəvan-Ermənistan Yeparxiyasını kilsə əmlakından istifadə hüququndan məhrum etməyə, eləcə də onun yerli dini qurumlarla, ilk növbədə Ermənistan Apostol Kilsəsi ilə əlaqələrini bloklamağa çalışırlar”, - deyə bəyanatda vurğulanıb.